Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Multikulturalizmin Azərbaycan nümunəsi

 Azərbaycan qədim kökləri, böyük tarixi, zəngin milli-etnik tərkibi olan tolerant ölkədir. Ölkəmizin ərazisində əsrlər boyu üç böyük səmavi dinə – İslam, iudaizm və xristianlığa, eləcə də digər inanclara mənsub insanlar dinc və əmin-amanlıq şəraitində yaşamışlar. Hələ qədim zamanlardan torpaqlarımızda multikultural dövlətçilik ənənələrinin, mədəniyyətlərarası dialoq və birliyin formalaşması müasir Azərbaycanın da bu istiqamətdə uğurlu tərəqqi yolu keçməsinə vəsilə olmuşdur.

Müasir dövrdə irqlər, dinlər və müxtəlif sosial cəmiyyətlər arasında yaranan etnik və ideoloji uçurumlar dünyada multikulturalizmin və o cümlədən sosial sabitliyin bərqərar olmasına əngəl törədən amillərdir. Ələlxüsus, son dövrlərdə dünyada baş verən hadisələr onu deməyə əsas verir ki, multikulturalizm bağlarının inkişaf etdirilməsi, eyni zamanda dünyəvi sülhün sabitqədəm olması yolunda atılacaq ən böyük addımlardan biri ola bilər. Belə ki, dövrümüzdə eyni kökə mənsub xalqların müxtəlif dini təriqətlərə mənsubluğu, eyni dinə mənsub olan insanlarınsa fərqli etnik bağlılıqları ucbatından tez-tez insan tələfatı ilə nəticələnən qanlı savaşların da şahidi oluruq. Bütün bunları nəzərə aldıqda millətlər və dinlərarası sülhün, birliyin bərpa edilməsi, daha dəqiq desək, yaradılması baxımından multikulturalizmin böyük əhəmiyyəti olduğunu söyləmək mümkündür.

Bu baxımdan, Prezident İlham Əliyevin “multikulturalizmin alternativi yoxdur...” fikrini əsas götürərək, millətlərarası bağların möhkəmlənməsi naminə Azərbaycanın təşəbbüsü ilə atılan addımları nəzərdən keçirmək yerinə düşər. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan Azərbaycanda müəyyən qarışıqlıq və idarəsizlik dövrünün ardından multikulturalizm ideologiyasının yenidən bərpa edilməsi məhz Heydər Əliyev dövrünə təsadüf edir. Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkə ərazisində dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar mehribancasına, əmin-amanlıq içərisində yaşamışlar. Bu dövrdə ölkəmiz dünyada multikulturalizm ölkəsi kimi tanınmağa başlamışdır.

Prezident İlham Əliyev də bu məqamı dövlət idarəçiliyinin prioritet sahələrindən biri kimi qəbul etmiş və multikulturalizmin nəinki Azərbaycanda, o cümlədən dünyada inkişafı naminə əvəzsiz xidmətlər göstərmişdir. Ölkə başçısı demişdir: “Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir”. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə bu istiqamətin inkişafı naminə atılan addımlar bir daha onu göstərir ki, həmin sözlərin mahiyyəti müvafiq dövlət qurumları, o cümlədən xalq tərəfindən tam dərk edilib.

Ölkəmizdə bu istiqamətdə bir sıra nüfuzlu beynəlxalq tədbirlər həyata keçirilmişdir. “Bakı prosesi” kimi yadda qalan, Azərbaycan və dünya multikulturalizm tarixinə həkk olan 2008-ci il Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı da belə tədbirlərdən biridir. Konfransa Azərbaycanın təklifi ilə ilk dəfə olaraq 10 İslam ölkəsi də dəvət edildi. Bununla da, beynəlxalq aləmdə yeni bir formatın əsası qoyuldu. Həmin konfransda Azərbaycanın təşəbbüsü ilə bir ilk yaşandı. Belə ki, “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi.

Əlbəttə, söyləmək mümkündür ki, millətlər və dinlər arasında mövcud olan uçurumun aradan qaldırılması naminə mühüm körpü rolunu oynayan bu addım sonrakı dövrlərdə daha genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoydu. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransı keçirildi. Yenə Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövləti bu konfransa dəvət edildi. Konfrasın ilk günü daha bir əlamətdar hadisə ilə yadda qaldı.

Avropa Şurasına üzv olan dövlətlər və İslam Konfransı Təşkilatına üzv olan ölkələr arasın­da “Mədəniyyətlərarası dialoq” adlı “dəyirmi masa” keçirildi və birgə kommünike qəbul edildi. Növbəti il BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümum­dünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü qəbul edildi.

Bakıda 2011-ci ildən etibarən 4 dəfə “Bakı prosesi”nin inkişafı çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. 2011-ci ildəki I Mədəniyyətlərarası Dialoq Forumunda 102 ölkənin 500-ə yaxın nümayəndəsinin iştirakı ilə multi­kultural əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparıl­mışdır. “Ortaq dəyərlərdə birləşmək, mədəni müxtəliflik ilə zəngin ol­maq” təşəbbüsü isə konfransın əsas müddəası idi. Bu müddəanı oxuyarkən Heydər Əliyevin illər əvvəl səsləndirdiyi “Dövlət, ölkə nə qədər xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdün­ya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”, sözlərini xatırla­mamaq olmur. Tarix onu göstərir ki, ümummilli liderin ideologiyası nəinki Azərbaycana, həm də dünyaya doğru istiqamət verəcək parlaq fikirlərlə zəngin idi.

Bu qədər çox ölkənin nümayəndələrinin eyni fikir, ortaq amal ətrafında bir yerə toplaşması etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi, mədəniyyətlərarası dialoqun bərpası naminə bəşəriyyət tarixində əldə edilən ən böyük nailiyyətlərdən biri idi. Bu prosesin davamı olaraq 2013-cü ildə Bakıda II Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Burada dünyada ümumbəşəri sülhün ya­radılması və möhkəmləndirilməsi adına “Çoxmədəniyyətli dünyada sülh naminə birgə yaşama” devizi rəhbər tutularaq, “Qlobal gələcəyin birgə qurulması”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazım­dır?”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətlərdə hibridləşmə”, “Turizm – insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparı­cısı kimi” mövzularında müzakirələr aparıldı. Azərbaycanın ev sahibliyi ilə reallaşan bu mühüm tədbir ölkəmizin beynəlxalq aləmdə qazandığı hörmət və nüfuzu göstərən amillərdəndir.

Daha sonra, 2015-ci ildə Ba­kıda III Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas müzakirə mövzusu “2015-ci ildən sonrakı dövr üçün davamlı inkişaf gündəliyi” oldu. 2017-ci ildə Bakıda sayca dördüncü belə forum keçirildi. “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusu forumun istinad nöqtəsi idi.

Beləliklə, bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan dünyada etnik, irqi, dini və o cümlədən mədəni fərqliliklərin düzgün qiymətləndirilməsi prosesinə istiqamət verən önəmli ölkələrdən biridir. Bu istiqamətin daha da inkişaf etdirilməsi üçün respubli­kamızda davamlı olaraq işlər görülür. 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış­dır. Əlbəttə, Bakı Beynəlxalq Multi­kulturalizm Mərkəzinin Azərbaycanda mədəni, dini fərqliliklərin öyrənilməsi, müxtəlif bölgələrə aid mədəniyyələrin bir-birinə təmas dərəcəsinin müəyyən edilməsi, tolerant əsasların qorunma­sı və bir çox başqa sahədə müstəsna fəaliyyəti var.

Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan milli, mədəni, dini, irqi müxtəlifliklərə sahib olan bir çox xalqın sülh və sosial bərabərlik şəraitində yaşadığı tolerant, o cümlədən müasir respublikadır.

İmran ƏLİYEV, “Xalq qəzeti”

20 İyun 2021 00:07 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə