Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə zəmin yaradır

 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun 2021-ci il Brüssel sammitində iştirakından sona işğaldan azad edilmiş Qarabağa səfəri Türkiyə – Azərbaycan münasibətlərində tarixi əhəmiyyət kəsb edir. Sözügedən səfərin ən önəmli məqamları Şuşa şəhərində oldu. Tarixi Şuşa Bəyannaməsinin şərhinə keçməmişdən öncə, bir qədər imzalanma mərasiminin keçiriləcəyi məkan haqqında. Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın dağıdılmış evinin fonunda imzalanma mərasimi keçirilməsi heç də təsadüfi deyildi. Bu tarixi bina erməni vəhşiliyinin sübutu, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların 30 ilə yaxın Ermənistanın işğal faktına, beynəlxalq hüququn pozulmasına laqeyd münasibətinin nəticəsi kimi dünyaya nümayiş olundu. Və belə bir vəhşiliyin təkrarlanmaması üçün Şuşa Bəyannaməsi böyük önəm kəsb edir.

 

 

 Şuşada verilən mesajları nəzərə alaraq iki dövlət başçısı – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqların Türkiyə – Azərbaycan münasibətlərində yeni bir dövrə qapı açacağını söyləmək mümkündür. Bu çərçivədə liderlərin imzaladığı Şuşa Bəyannaməsi olduqca diqqətəlayiq hadisədir, Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni yol xəttini təyin edən sənəddir. İmza mərasimi zamanı tarixi əhəmiyyətli məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş konsulluğun açılacağını bildirməsi oldu. Bu sürpriz bəyanat bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti açıq şəkildə elan etdi.

Şuşa Bəyannaməsi 2010- cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni bir daha təsdiq edir. Xüsusi qeyd edək ki, Bəyannamədəki hərbi yardım barədə müddəalar hər iki ölkənin parlamentində təsdiq edilmiş həmin dövlətlərarası müqavilənin hərbi – siyasi və təhlükəsizlik məsələlərinə dair 1-ci, 2-ci və 3-cü maddələrində öz əksini tapıb. Maddə 1-də göstərilir ki, tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.

2-ci maddədə qeyd olunur: Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlirlər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır.

Müqavilənin 3- cü maddəsində 2-ci maddə rəhbər tutularaq, hər iki dövlətin bir-birinə qarşılıqlı yardım göstərməsi üçün səylərin birləşdirilməsi və razılaşdırılmış tədbirlərin icrası məqsədi ilə müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq edəcəyi bildirilir.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin maddələrindən göründüyü kimi, iki dövlətin bir- birinə qarşılıqlı hərbi yardım göstərəcəkləri barədə razılıq əvvəlki hüquqi sənədlərdə də qeyd olunub. Bu fikirlərin Şuşa Bəyannaməsinin müddəalarında yenidən ifadə olunması dünya ictimaiyyəti, o cümlədən, regional dövlətlər, məğlubiyyəti ilə barışa bilməyən Ermənistan üçün ciddi siyasi mesajdır. Bu siyasi mesajda aydın şəkildə ifadə olunur ki, Azərbaycan təhdid və təcavüzlə qarşılaşarsa Türkiyə təkcə mənəvi-siyasi deyil, həmçinin hərbi dəstəyini əsirgəməyəcək. Digər tərəfdən, Türkiyənin NATO – nun üzvü olması faktı da nəzərə alınmaya bilməz.

Şuşa Bəyannaməsində əsas yenilk Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əməkdaşlıqdan keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsidir. Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi bəyannamədə xüsusi vurğulanır: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir”.

Bəyannamədə maraqlı məqamlardan biri iki dövlətin milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək birgə layihələrin yerinə yetirilməsi, hərbi sənaye sahəsindəki yeniliklərin təşviqi və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi niyyətidir. Sənəddə qeyd olunduğu kimi “hazırda iki ölkədə mövcud olmayan istehsal sahələrinin yaradılması, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsi, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsi” hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində münasibətləri keyfiyyətcə yeni mərhələyə aparır.

İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin əhəmiyyətini dolğun və lakonik şəkildə yüksək dəyərləndirdi: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı gələcək münasibətlər üçün zəmanətdir”. Prezident müdafiə sahəsindəki əlaqələrə və Zəngəzur dəhlizinə də diqqət çəkərək, bu dəhlizin mütləq tətbiq olunacağını vurğuladı. Bu fikir Ermənistanda 10 noyabr bəyannaməsinin icrasına etiraz edən siyasi qüvvələrə, revanşistlərə ciddi mesajdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərdə yeni bir yol xəritəsi təyin etdiklərini bildirdi. Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bir daha bənzər bir fəlakət yaşamaması üçün müdafiə sənayesindəki əlaqələri texnologiya transferi və ortaq istehsal kimi lazımlı tədbirlərin görüləcəyini vurğuladı.

Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşada imzalanma mərasimində çıxışları, Şuşa Bəyannaməsinin müddəaları göstərir ki, sənəd iki ölkə arasında yeni yaxınlaşma kursunu müəyyənləşdirir. Bu yol ilk növbədə təhlükəsizlik və müdafiə çərçivəsində formalaşacaq.

Şuşa Bəyannaməsində də silahlı qüvvələr ümumi maraqların qorunması üçün birgə fəaliyyət göstərmək, suverenlik və ərazi bütövlüyü kimi milli maraqlara əsaslanan məsələlərdə kömək etmək, sabitlik və barışı təmin etmək, təhlükəsizlik problemlərini həll etmək məqsədilə əlaqələrin koordinasiya olunması nəzərdə tutulur. Regional və qlobal səviyyədə hücum və təhdid hallarında məsləhətləşmə və müdafiə ehtiyaclarını ödəmək fəaliyyəti önə çıxır. Silahlı qüvvələrin modernləşdirilməsi və orduların qarşılıqlı fəaliyyətinin artırılması istiqamətində birgə səylər xüsusi önəm kəsb edir. Bundan əlavə, terror təşkilatlarının maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı kimi sahələrdə birgə mübarizə barədə məlumatlılığın artırılması da bəyannamədə yer alıb.

Azərbaycan–Türkiyə münasibətlərində ən vacib xüsusiyyət əməkdaşlığın regional və qlobal sülhə, sabitliyə töhfə vermək məramıdır. Bu məram Şuşa bəyannaməsində də öz əksini tapıb. İki ölkənin dövlət başçılarının imzaladıqları bəyannamədə BMT Nizamnaməsi vurğulanır və üçüncü ölkələrlə əməkdaşlıq qapılarının açıq olduğu bildirilir. Xatırladaq ki, imzalanma mərasimində dövlət başçılarının çıxışlarında Ermənistana da əməkdaşlıq təklifi səsləndirildi. Şübhəsiz ki, bu fikirlər Qafqazdakı sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək məqsədi daşıyır. Başqa sözlə, bölgə dövlətləri ilə münasibətlərin normallaşdırılması davamlı sülhün bərqərar olması əsas məqsəddir.

Bəyannamədə vurğulanan digər bir məqam Türk dünyasına istinad etməkdir. Türk dünyasının inteqrasiyası üçün fəaliyyətlərin gücləndirilməsi niyyəti bildirilən bəyannamədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində həyata keçirilən tədbirlər və Türkdilli Dövlətlərin Parlament As­sambleyasında (TürkPA) həmrəyliyi məsələlərinə də mühüm diqqət yetirilir.

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi və Naxçıvan–Qars dəmir yolunun inşasının sürətləndirilməsi yolu ilə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi də nəzərdə tutulur. Beləliklə, Şərq-Qərb Mərkəzi Dəhlizinin rəqabət qabiliyyətini artır­maq üçün əməkdaşlıq və Cənub Qaz Dəhlizini həyata keçirmək mümkün olacaqdır.

Bəyannamədəki vacib məsələlər arasında 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması, tarixçilər tərəfindən aparılan araşdırmalara dəstək, parlamentlərarası əlaqələrin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan – Türk dias­porları arasında əlaqələrin inkişafı mühüm yer tutur.

Bəyannamədə iqtisadi əlaqələrin gücləndirilməsi, ixracatın şaxələndirilməsi, ümumi istehsal sahələrinin yaradılması və sərbəst hərəkət üçün zəruri mexanizmlərin yaradılması kimi hədəflər də əksini tapıb. İki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasi­ya və ictimai diplomatiya, humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində də əməkdaşlığın daha da inkişafı məqsədilə birgə davamlı fəaliyyətlərin həyata keçiriləcəyinin ifadə olunması bəyannamənin hərtərəfli fəaliyyət konseptini müəyyən edir. Sənəddə “bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müva­fiq tədbirlər görülməsi” müddəası diqqətəlayıq məqamdır.

Bütün bunlar Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunu sübut edir. Türkiyə ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm bir körpüdür. Yeni mərhələdə - Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Şuşa şəhəri tarixi missiyası və geo­siyasi yerləşməsinə görə bu körpüdə mühüm bir sütuna çevriləcəkdir. Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imza­lanan tarixi bəyannamə Qafqaz re­gionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə mühüm töhfə verəcək.

Nəticə olaraq deyə bilərik ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə əhəmiyyətli təkan verəcək Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə də zəmin yaradır. Bu, həm də Azərbaycanın yeni dünya düzəninə, qlobal geosiyasi sistemə inteqrasiyasının göstəricisidir.

Leyla RƏŞID,“Xalq qəzeti”

20 İyun 2021 09:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə