Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti köləliyin ləğvi gününü bayram elan edib

 

 

ABŞ Prezidenti Co Bayden Köləliyin Ləğvi Milli Günü haqqında qanunu imzalayaraq, iyu­nun 19-nu federal bayram elan edib. Bu barədə məlumatı NBC News-ə istinadən TASS verib.

Ağ evdə qanunun imzalanmasından sonra xalqa müraciət edən Bayden bildirib: “Köləliyin ləğv olunduğu gün bizə həm köləliyin uzun gecələrini xatırladır, həm də işıqlı sabahların gəlişindən xəbər verir”.

ABŞ-da hər il iyunun 19-da qeyd edilən “Juneteenth”, yaxud “Azadlıq günü” köləliyə həqiqətən son qoyulduğu gün hesab olunur. Bunu nəzərə alaraq bu həftə ABŞ Senatı həmin günün federal bayram elan edilməsi haqqında qanuna yekdilliklə səs verib.

İyunun 16-da Nümayəndələr Palatası sənədi lehinə 415, əleyhinə 14 səs olmaqla qəbul edərək, imzalanmaq üçün Prezidentə təqdim edib. Qanun layihəsinin əleyhinə yalnız Res­publikaçılar səs verib.

Belə bir qanunun qəbulu təklifini Senatda çoxluq təşkil edən demokratların lideri Çak Şumer irəli sürüb və senatorlardan heç biri buna etiraz etməyib. Keçən il qanun layihəsinin qəbul edilməsinə imkan verməmiş senator Ron Conson da iyunun 15- də öz etirazını geri götürüb.

Xatırladaq ki, 19 iyun – Emansipasiya, yaxud Köləlikdən azad olma günü ABŞ-da 11-ci və kiçik Martin Lüter Kinqin dövründən bəri ilk yeni federal bayramdır. 156 il əvvəl həmin gün federal qoşunlar Texasa gəlib və sonuncu kölələri də azad edib. O vaxtkı prezident Avraam Linkolnun ABŞ-da vətəndaş müharibəsi dövründə imzaladığı kölələrin azad edilməsi haq­qında iki fərman 19 iyun 1865-ci ildə elan olunub. İndiyə qədər bayram 47 ştatda və Kolumbiya dairəsində qeyd olunub. İndi isə 19 iyun milli səviyyədə qeyd ediləcək.

Qeyd edək ki, senator Con Korni və Nümayəndələr Palatası­nın Texasdan olan üzvü Şeyla Cekson qanun layihəsini ilk dəfə keçən ilin yayında, Corc Floydun qətli ilə bağlı etiraz aksiyaların­dan sonra təklif etmişdilər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

19 İyun 2021 00:58 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 Sentyabr 2021 | 00:21
Kosmonavtlar Yerə qayıdıblar
18 Sentyabr 2021 | 23:24
Qasırğa fəsadlar törədib
18 Sentyabr 2021 | 23:24
Mum heykəllər muzeyi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə