Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa Bəyannaməsində əksini tapmış qarşılıqlı hərbi yardım məsələsi tarixi nailiyyətdir

Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. On bir A4 səhifəsindən ibarət bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olundu­ğunu görürük. Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, inşallah, baş konsulluq açmağı planlaşdırırıq.

 

Rəcəb Tayyib ƏRDOĞAN,

Türkiyə Respublikasının Prezidenti

 

Azərbaycanın İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, eləcə də Ermənistan və havadarlarının amansız təcavüzündən qurtarmış ölkəmizin təhlükəsizliyinin əbədi olaraq təminatı bir nömrəli vəzifə kimi qarşıda dayanır. Bu məsələlərin uğurlu həlli üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə hər cür siyasi, iqtisadi və hərbi tədbirlər görülür. Eyni zamanda, Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə Azərbaycanın müharibəni böyük zəfərlə başa vurması, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməsi ölkəmizə çoxlu sayda dost qazandırıb. Bu dostlar arasında qardaş Türkiyə, əlbəttə, birinci yerdədir.

 

Qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi qələbədən sonra Şuşaya səfərə gələcəyini Azərbaycan ictimaiyyəti çoxdan gözləyirdi. Bu səfər, nəhayət ki, iyunun 15-də reallaşdı. Həmin gün Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti Bakıdan Şuşaya yola düşdü. Azərbaycan Prezidenti İlham Əliyev əziz qonaqları azad Qarabağda, onun vaxtilə gözəl guşələrindən biri olmuş, erməni işğalı dövründə isə xarabazara çevrilmiş Füzulidə qar­şıladı. Bundan sonra Türkiyə Pre­zidenti çoxdan arzusunda olduğu Şuşaya gəldi. Burada Prezident İlham Əliyev və birinci xanım Meh­riban Əliyeva Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birgə Cıdır düzündə oldular, Xurşudbanu Natəvan bu­lağından su içdilər, digər görməli məkanlara baş çəkdilər.

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşləri keçi­rildi. Hər iki lider azad Şuşadan dünyaya ciddi mesajlarını çatdır­dılar. Ən vacibi isə iki ölkə liderləri Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzaladılar. Bununla bağlı keçirilmiş birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, imzalan­mış bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Ata­türk deyib: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev deyib: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Daha sonra İlham Əliyev bəyan etdi: “Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Azərbaycanın dövlət başçısı qeyd etdi ki, prezidentlərin böyük məmnunluq hissi ilə imzaladıqları Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanmış müttəfiqlik haqqında Birgə Bəyannamə Azərbaycan və Türkiyənin gələcək işbirliyinin istiqamətini göstərir.

Prezident İlham Əliyevin sözlərinə görə, Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və demək olar ki, bütün digər sahələr əhatə olunur. Burada enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Azərbaycan lideri dedi: “Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, işbirliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.

Prezident İlham Əliyev bil­dirdi ki, ikinci önəmli məsələ nəqliyyat məsələsidir. Belə ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra ya­ranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Azərbaycan lideri Şuşada yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının iki qardaş xalqın birliyini nümayiş etdirdiyini söylədi. Onun dediyinə görə, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib, deyib ki, Azərbaycan tək deyil. Bu, həm Azərbaycan xalqını, döyüşən ordumuzu ruhlandırıb, həm də günbəgün artan qələbəmizə müdaxilə etmək fikrində olan bütün qüvvələri dayandırıb. Cənab Ərdoğan, demək olar ki, hər gün bəyan edib ki, Türkiyə Azərbaycanın yanındadır. Müharibənin ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə lide­rinin və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi Azərbayacana əlavə güc verib. Bu siyasi və mənəvi dəstəkdən ruhla­nan igid oğullarımız qələbə dalın­ca qələbə qazanıblar. Türkiyənin hər yerindən Azərbaycana me­sajlar, təbriklər, dəstək, həmrəylik ifadələri gəlib və bu, bir daha bütün dünyaya iki qardaş xalqın birliyini nümayiş etdirib.

Şuşa Bəyannaməsinin im­zalanmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə mətbuata birgə bəyanatında bildir­di ki, ölkəsi azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaş Azərbaycana hər cür dəstək verir və verməkdə da­vam edəcək. Onun sözlərinə görə, Türkiyə ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyi azərbaycanlı qardaşlarına hər cür dəstək göstərəcək. Bunun üçün Azərbaycan Prezidentinin xüsusi fəaliyyəti ayrıca qeyd olunmalıdır. Cənab İlham Əliyev çox çalışır ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsınlar. Türkiyə də onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməyə çalışır.

Türkiyə lideri dedi: “Təbii ki, bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən, digər tərəfdən də Qarabağın və Azərbaycan tor­paqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik. Bizim də bu sahədə, inşallah, Mənzil İnşaat İdarəmizlə birlikdə burada bütün bölgədə planlaşdırdığımız addım­lar var. Mənzil İnşaat İdarəmizlə, buradakı aidiyyəti qurumla birlikdə çalışaraq bu addımları ataca­ğıq. Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yara­nıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik”.

Şuşa Bəyannaməsinin ayrı-ayrı detalları haqqında danışan Türkiyə Prezidenti Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsinə çox böyük əhəmiyyət verdiyini və onu dəstəklədiyini qeyd etdi. Onun fikrincə, layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılır. Bu, çox böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələr genişlənir, əməkdaşlıq texnologiya trans­feri və birgə istehsal layihələri ilə daha da gücləndirilir. Cənab Ərdoğanın sözlərinə görə, pilotsuz uçuş aparatları Azərbaycanın 44 günlük Vətən müharibəsində ciddi işlər görüb. İki ölkənin müdafiə sənayesi sahəsindəki əlaqələri bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Siyasi şərhçilər Şuşa Bəyannaməsini çox ciddi tarixi sənəd kimi qiymətləndirirlər. On­ların fikrincə, sənəddə iki mühüm müddəa yer alıb: birincisi, 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra– 2021-ci ildə Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin də qarantı olub. Bununla Türkiyə ümumilikdə bütün Azərbaycanın təhlükəsizliyinin qarantına çevrilib.

Siyasi təhlilçilər hesab edirlər ki, bəyannamədəki digər mü­hüm müddəlardan biri iki ölkənin silahlı qüvvələri tərəflərdən birinin ərazi bütövlüyünə təhdid, yaxud müdaxiləyə qarşı birgə addım atmasının ifadə olunmasıdır. Eyni zamanda, iki ölkə orduları hərbi arsenalın təminatından tutmuş təlimlərə qədər bütün istiqamətlərdə birgə forma­laşdırılacaq. Bundan sonra iki ölkənin Milli Təhlükəsizlik Şurası mütəmadi olaraq birgə iclaslar keçirəcək və milli maraqların qo­runması ilə bağlı qərarlar verəcək. Azərbaycan və Türkiyə beynəlxalq siyasi platformalarda birgə fəaliyyətlərini genişləndirəcəklər. Ən vacib detallardan biri budur ki, Zəngəzur dəhlizinin açılması üçün birgə səylər artırılacaq.

Şərhçilərin fikrincə, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı ol­duqca əhəmiyyətli sənəddir. Bun­dan sonra Azərbaycan 10 noyabr razılaşmasının bütün bəndlərinin, o cümlədən, erməni qoşunlarının hazırda qaldıqları ərazilərdən çıxarılması tələbini daha sərt şəkildə qoya biləcək. Torpaqları­mızda separatçı rejimin və erməni terrorçularının neytrallaşdırılması məqsədilə mümkün antiterror əməliyyatlarını Azərbaycan və Türkiyə orduları birlikdə həyata keçirə bilər. Azərbaycan–Ermənistan sərhədinin deli­mitasiyası və demarkasiyası məsələsində artıq Türkiyə də tərəf kimi çıxış edə biləcək. Eyni zamanda, bundan sonra Qarabağ məsələsi üzərindən Minsk Qrupu formatının dirildilməsi cəhdləri baş tutmayacaq. Bəyannamə ermənilərin Qarabağda “status” arzularının da üstündən birdəfəlik xətt çəkəcək.

Beləliklə, Şuşa bəyannaməsini Azərbaycan və Türkiyə arasın­da münasibətlərdə yeni döv­rün başlanğıcı hesab etmək olar. İnanırıq ki, bundan sonra Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsi ilə bağlı daha ciddi addımlar atacaq. Şübhəsiz ki, bu, müdafiə sanayesi sahəsində birgə müəssisələrin yaradılmasına da imkan verəcək və Azərbaycan yaxın gələcəkdə İHA istehsalı mərkəzinə çevrilə biləcək. Eyni zamanda, bu bəyannamənin imzalanması ilə Türkiyə Zəngəzur dəhlizinin təhlükəsizliyinin qarantına çevrilir.

Görünür, buna görədir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, bundan sonra bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Çünki bütün dünya Qa­rabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Azərbaycan yalnız öz ərazisini bərpa edib, heç kim buna görə onu ittiham etməyib. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi.

Ölkəsinin əlinin hər yerdən üzüldüyünü dərk edən Ter-Petrosyan deyib: “Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur”.

O, eks-prezident Robert Köçəryanın yeni müharibə bəyanatını da təhlükəli he­sab etdiyini bildirib: “Köçəryan yeni müharibə vədini verir. Bu, problemlərə gətirib çıxara bilər”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

19 İyun 2021 00:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə