Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə səfiri ilə görüşüb

İyunun 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin uyğun qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib. Ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edən nazir Kəmaləddin Heydərov cari ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.

Səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı qardaşlıq və qarşılıqlı dostluq münasibətləri çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin uyğun dövlət qurumları arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

18 İyun 2021 12:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə