Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya PKK-nın terror fəaliyyəti barədə məlumatlar yayımlayıb

 

 

Almaniyanın Konstitusiyanın qorunması üzrə federal xidmətinin (BfV) rəhbərliyi bu qurumun fəaliyyəti barədə illik hesabat yayımlayıb. Sənəddə Almaniyada qeyri-leqal surətdə fəaliyyət göstərən PKK terror təşkilatının cinayətkar əməlləri haqqında faktlar da geniş yer alıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, BfV Alma­niya Daxili İşlər Nazirliyinə tabe olan xüsusi təyinatlı əks-kəşfiyyat xidməti or­qanıdır. Əsas vəzifəsi ölkədə “azad və demokratik qayda-qanunu”nu müdafiə etməkdir. Almaniyanın Daxili İşlər naziri Hörs Zeyehofe­rin təqdim etdiyi hesabatda həmçinin qeyd olunur ki, PKK hazırda ölkə ərazisində fəaliyyət göstərən ən böyük terror qruplaşmasıdır. Onun Almaniyada hazırda 14 500- dək üzvü var.

Məlumdur ki, PKK-nın əsas niyyəti Türkiyə dövlətinə zərbə vurmaq, qardaş ölkədə ictimai-siyasi sabitliyi pozmaq, eləcə də xaricdə yaşayan türklərə qarşı zora­kılıqlar həyata keçirməkdir. Fəaliyyətə başladığı 1984-cü ildən 2020-ci ilədək PKK ter­rorçuları Türkiyə ərazisində saysız-hesabsız qanlı terror aktları həyata keçiriblər. Bu zaman 7500 təhlükəsizlik xidməti əməkdaşı və 6800- dən çox dinc sakin qətlə yetirilib.

PKK-nın Türkiyə ilə qonşu ölkələrdəki törəmə qurumları da çox fəallaşıblar. PKK-nın Suriyadakı uzantıları PYD və YPG adları altında fəaliyyət göstərirlər. Bu qurumlar birləşərək özlərini “Suriyanın demokratik qüvvələri” adlan­dırıblar. İranda isə PKK “Kür­düstan azad həyat partiyası” adı altında çıxış edir. Qeyd edək ki, ABŞ və Avropa İtti­faqı ölkələri PKK-nı terrorçu təşkilatların siyahısına daxil ediblər.

M.HACIXANLI, “Xalq qəzeti”

18 İyun 2021 01:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə