Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şenol Günəşin komandası ümidləri doğrulda bilmədi

 

 

Türkiyə–Uels matçına sözardı

Avro–2020-nin yeddinci günü – iyunun 16-sı Avropa futbolunun mərkəzlərindən birinə çevrilən Bakı­da həm hava, həm siyasi iqlim, həm də futbol qarşılaşması, həqiqətən, çox qaynar idi. Bir tərəfdən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 ildən sonra işğaldan azad edilmiş Qarabağ tor­pağının ziyarətindən qayıtmışdı, bir tərəfdən də Türkiyənin futbol üzrə yığma komandası Avro–2020-nin A qrupundan pley-offa vəsiqə qa­zanmaq üçün çox mühüm matçına çıxırdı.

Bəri başdan qeyd edim ki, Uels İsveçrə millisi ilə heç-heçə etsə də, A kvartetinin, daha çox isə Türkiyə ilə matçın autsayderi sayılırdı. Türkiyə oyunun favoriti idi və Roma­dakı ağır məğlubiyyətə baxmayaraq, Uels millisi ilə tamam başqa bir oyun nümayiş etdirəcəkləri gözlənilirdi. “Ay-ulduzluların” baş məşqçisi Şenol Günəş hətta belə bir fikir də bildirmişdi ki, Avropa çempionatının tarixində turniri pis başlayıb, sonra çox uzaqlara gedən komandalar az olmayıb.

Açığı, ilk hissənin elə başlan­ğıcında əsl Türkiyəni meydanda deyil, yalnız tribunalarda gördük. Türkiyədən gələn azarkeşlərlə birlikdə Azərbaycan türksevərləri də İstanbul və Trabzon standionların­dakı tamaşaçılarından heç də geri qalmırdılar. Ancaq Türkiyə millisi bunun müqabilində elə bir əzmkarlıq göstərmirdi. Oyun Uels millisinin sürətli hücumları ilə başladı. Matçın 7-ci dəqiqəsində kapitan Qaret Beyl əla ötürmə ilə, ilk dəqiqələrdən Türkiyə oyunçularının başının bəlasına çevrilən Aron Remzini gözəl mövqeyə çıxardı. Lakin Uğur­can Çakır birbaşa qapının aşağa küncünə vurulan güclü zərbəni us­talıqla dəf etdi. Uelslilərin qapısına Burak Yılmazın vurduğu zərbəni isə Kris Mepam qaytardı.

Etiraf edək ki, birinci hissədə Uels millisi texnikalı və əzmkar oyun nümayiş etdirirdi. Forvard Aron Remzi yaranan ikinci cəhdini də boşa verdi. Bu oyunçunun tez-tez təhlükəli mövqelərdə topa yiyələnməsindən elə təəssürat yaranırdı ki, Türkiyə millisində onu diqqətə alan və nəzarətdə saxla­yan yoxdur. Məhz Türkiyə millisinin oyunçularının bu təhlükəli oyun­çunu nəzarətsiz qoyması onlara baha başa gəldi. Oyunun 43-cü dəqiqəsində yenə Beyldən əla ötürmə alan Remzi ideal şəkildə topu sinəsində saxlayaraq qapıçı ilə üz-üzə qaldı və güclü zərbə ilə Çakırın öz qapısını xilas etməsinə heç bir şans qoymadı. Qol, Türkiyə 0, Uels 1.

Bundan bir qədər sonra Zeki Çe­lik uelslilərin kapitanını cərimə mey­dançasında yıxdı. Xoşbəxtlikdən Qaret Beyl on bir metrlik nöqtədən topu qapının üstündən vurdu.

Türkiyə millisi ikinci hissənin ilk dəqiqələrdə aramsız hücumlara başladı. Sanki indi anlamağa baş­layırdılar ki, bu məğlubiyyət onlara pley-offa çıxmaq üçün qrupda ilk iki yerdən birini tutmaqdan məhrum edir. Burak Yılmaz əzmkarlıq nü­mayiş etdirsə də, yaranan bir-iki qol vəziyyətini boşa verdi. Uels də çox qətiyyətli müdafiə olunur və imkan düşən kimi təhlükəli əks-hücumlar təşkil edə bilirdi.

Belə əks-hücumlardan birində Uğurcan Qaret Beylin yaxın məsafədən başla vurduğu topu məharətlə tutdu. Bundan sonra Türkiyə millisində bir-birinin ardınca edilən oyunçu dəyişiklikləri deyəsən öz nəticəsini göstərirdi. Türklər oyunun ikinci hissəsinin axırına yaxın özlərinin əla hücumunu təşkil etdilər. Lakin yüksək sürətlə müdafiəçilərin köməyinə qaçan Aron Remzi Xəlil Dərvişoğlunun Türkiyəni məğlubiyyətdən xilas edə biləcək qoluna imkan vermədi. Vaxt su kimi axırdı və artıq oyunun sonunda uelslilər “intriqanı” ikinci qolla həmişəlik öldürdülər. Beyl topu Çakırın qoruduğu qapı xəttinin kənarında ələ keçirib bir qədər irəlilədikdən sonra qapı önündə qalan Robertsə ötürdü. Bunu qola çevirmək isə elə bir ustalıq istəmirdi – qol: 0-2.

Doğrudur, uelslilərin kapitanı 99 faizlik on bir metrlik cərimə zərbəsini qola çevirə bilmədi, lakin o özü­nün ötürmələri ilə komandasının qalibiyyətini təmin etdi və oyunun ən yaxşısı oldu.

Türkiyəli müxbir Gerkəm Qırğız öz millilərinin oyununu belə şərh etdi: “Türkiyə üçün qurtuluşa çevrilə biləcək matç, dəhşətə çevrildi. Türklər çoxlu kəskin hücumlar təşkil etdilər, qol vəziyyətləri yaratdılar, lakin qol vuran rəqiblər oldu. Çox peşimançılıq yaşadan bir oyun oldu”.

Komandanın müdafiəçisi Umut Meraş uğursuz oyuna görə azarkeşlərindən üzr istəyərək deyib: “Üzr diləmək istəyirəm. Biz bu gün çox istədik qalib gələk, ancaq bu, bəs etmədi. Qarşıda bizim daha bir oyunumuz var, ona görə çalışacağıq ki, İsveçrə yığmasına qalib gələk”.

Türkiyə yığma komandasının İtaliya millisinə Romada məğlub olması elə də kəskin tənqidlə qarşılanmadı. Lakin Bakıda – Olim­piya stadionunda, “bir millət, iki dövlətin” prezidentlərinin azarkeş­lik etdiyi oyunda məğlubiyyətin acısı və bununla bağlı səslənəcək kəskin tənqidi fikirlər elə də tez bitməyəcək. Ən əsası ona görə ki, Şenol Günəşin komandası üçün Azərbaycanın paytaxtı Bakıda keçirilən iki matç 100 faiz ev oyunu idi. Türk millisi özünə doğma olan bir meydanda rəqiblərlə qarşılaşırdı və bu da onlar üçün əlavə bir üstünlük idi.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bəyan etdi ki, ko­mandasının Avro–2020-də İtali­ya və Uels milli komandalarına məğlub olmasına görə şəxsən özü məsuliyyət daşıyır. Amma özünün də dərhal sonra dediyi kimi “Nə istəsən söyləmək olar, lakin nəticə dəyişməyəcək. Bizim iki oyunun nəticəsinə görə 0 xalımız var, bu isə çox pisdir. Biz bu, Avrodan çox şey gözləyirdik, tamamilə başqa oyun və başqa nəticələrə ümid edirdik. Əgər bu matçdan danışsaq, biz oyuna çox pis başladıq. İtaliya matçının sarsıntıları bu gün də davam etdi. Yalnız birinci hissənin ortalarında biz oyuna qoşulduq...”

Statistika göstərir ki, bu matç həqiqətən son dərəcə böyük maraq doğurub. Oyun başlamamışdan çox əvvəl təqribən 35 minə yaxın biletin 20 mini satılıb. Qarşılaşmaya bir gün qalmış isə ümumiyyətlə bilet tapmaq mümkün olmayıb. Müqayisə üçün qeyd edim ki, İsveçrə–Uels matçına cəmi 9 min bilet satılıb.

Ancaq bütün bunlar artıq heç nəyi dəyişmir. Çox böyük maraqla və sevgi ilə azarkeşlik etdiyimiz Türkiyə millisini yəqin, Avropa çempionatının səkkizdə bir finalında görə bilməyəcəyik. Amma Türkiyə – İsveçrə matçından milyonlarla türkə təsəlli ola biləcək qələbə gözləyirik və bu matçı da Bakı Olimpiya Sta­dionunda böyük çoşqu ilə izləməyə hazırlaşırıq.

İtaliya artıq Avro–2020-nin növbəti raundunda

Avro–2020-nin yeddinci günündə A qrupunun növbəti qarşılaşması İtaliya və İsveçrə milliləri arasında keçirildi. “Skuadro adzurro” Romada isveçrəliləri 3-0 hesabı ilə darma­dağın etdi. Beləliklə, turun ikinci oyununu da qalibiyyətlə başa vuran Roberto Mançininin yetirmələri ölkələrinin milli komandasına Avro–2020-nin pley-offuna vəsiqəni təmin etdilər.

Bu oyunda Mançininin koman­dası turnirin və özünün bir çox ilkinə imza atıb. Belə ki, İtaliya millisi Man­çini ilə özünün qalibiyyət seriyasını 10 matça çatdırıb. Bu qalibiyyət 11 noyabr 2020-ci ildən bu günə davam edir. Bu oyunlarda rəqib qapılarına 31 qol vuran “skuadro adzurro” öz qapılarından bir top belə buraxma­mışdır.

Avro-2020-nin həyəcanı dünən də davam edib

İyunun 17-də Avro–2020-nin təqvimində C qrupunun iki, B qru­punun bir oyunu keçirilib. İlk turda C qrupunun favoriti Hollandiyaya 3-2 hesabı ilə məğlub olan Ukrayna, Avstriyanın 3-1 hesabı ilə məğlub etdiyi Şimali Makedoniya millisi ilə qarşılaşıb. Hər iki komandanın məğubiyyət acısı dadmalarına bax­mayaraq, komandaların optimizminə söz ola bilməzdi.

Buxarestdə baş tutan bu görüş Ukrayna və Makedoniya millilərinin 2015-ci ildən sonra ilk qarşılaşması idi. Ümumilikdə bu komandalar beş dəfə qarşılaşıblar ki, bunun üçü Avropa birinciliyində baş tutub. İki əvvəlki matç Avro–2016-ya təsadüf edib. Həmin qarşılaşmaların ikisində də – Lvovda (1-0) və Skopyada (2-0) ukraynalılar qalib gələn tərəf olublar.

Ümumiyyətlə, Ukrayna Avropa turnirinin seçmə mərhələsində bir dəfə də olsun məğlub olmayıb. Keçirdiyi görüşlərin 6-da qələbə qazanıb, 2-dən heç-heçə ilə ayrılıb. Şevçenkonun yetirmələri təsnifat mərhələsində məğlub olmayan beş komandadan biri olublar. Belçika və İtaliya bir xal belə itirmədən seçmə mərhələsini başa vursa da, İspani­ya, Danimarka və Ukrayna koman­dalarının heç-heçə oyunları olub.

Nəzərə alsaq ki, Makedoniya Avropa turnirinin finalının debütan­tıdır, o zaman iki çempionatda final mərhələsində oynayan Ukrayna matçın favoriti hesab edilirdi. Oyun qarşılıqlı hücumlarla başladı. Andrey Şevçenkonun yetirmələri daha əzmkar və qələbəyə istəkli komanda təsiri bağışlayırdılar.

Şimali Makedoniya komanda­sının əzmkar oynuna baxmayaraq, Ukrayna millisinin oyunçuları ilk hissədə həm hücumda, həm də müdafiədə çox səmərəli oynadı­lar. Oyunun 29-cu dəqiqəsində ukraynalıların hücumçusu Alek­sandr Karavayev makedoniyalıla­rın qapısının uzaq dirəyinə ötürmə etdi. Kapitan Andrey Yarmelonko fürsəti əldə verməyib qarşılaşma­da hesabı açdı. Qol, Ukrayna 1, Makedoniya 0.

Bununla Andrey Şevçenkonun yetirmələri işlərini bitmiş hesab etmədilər. Hücumlar daha da kəskin və intensiv xarakter aldı. Makedoni­yalılar da artıq müdafiədə oturmaq niyyətində deyildilər. Qarşılaşmanın 34-cü dəqiqəsində bu dəfə kapitan Yarmolenki ona ötürülən topu bir to­xunuşla Yaremçuka atdı. Qapıçı ilə təkbətək qalan Yaremçuka qapıçını aldadıb topu qovuşdurmağa heç kim mane ola bilmədi: 2-0. Ukrayna birinci hissədə qalibiyyətini bir az da möhkəmləndirdi.

İkinci hissədə makedoniyalılar daha yaxşı oynayan tərəf oldular. Kapitan Pandev, Elmas Elif, Alioski Ezcyan və digərləri daha əzmkar oyun nümayiş etdirirdilər. 55-ci dəqiqədə ukraynalıların müdafiəçisi Karavayev öz cərimə meydança­larında rəqib Pandevin ayağına zərbə endirdi. Alioskinin 11 metrlik cərimə zərbəsini qapıçı Buşman geri qaytarsa da, hücumçu geri qaytarı­lan topu təkrar zərbə ilə qola çevirdi – 2-1.

Gərgin keçən qarşılaşmanın sonlarına yaxın makedoniyalıların oyunçusu Avromovski öz cərimə meydançalarında əllə topu qarşısına atır. Hakim düşünmədən 11metrlik nöqtəni göstərir. Bu dəfə Şimali Ma­kedoniyalıların qapıçısı Dimitrievski diqqət mərkəzinə düşür. O, Mali­novskinin vurduğu topu qaytararaq komandasını üçüncü qoldan xilas edir. Lakin bu Ukraynanın prinsipial qarşılaşmada qələbə qazanmasına mane olmur.

Beləliklə, Ukrayna milli futbol komandası Avropa çempionatla­rının final mərhələsində ardıcıl 6 məğlubuyyətinə Şimali Makedoniya üzərində qazandığı 2-1 hesablı qələbə ilə son qoyur.

Günün ikinci qarşılaşması B qrupunun lideri Belçika ilə Danimar­ka milliləri arasında Kopenhagendə keçirildi. Kapitan Eriksenin xəstəxanaya düşməsi danimarkalıla­rı çətin vəziyyətdə qoysa da, finlərə minimal məğlubiyyətdən sonra onlara bu oyunda mütləq xal qa­zanmaq lazım idi. Lakin B qrupunun favoriti statusunu Rusiya koman­dasına 3 cavabsız qol vurmaqla bir daha təsdiqləyən Belçikadan xal almaq mümkün olacaqmı? Bunu təsdiqləmək çətin olsa da, dani­markalılar asanlıqla təslim olmaq fikrində deyildilər.

Oyundan əvvəl Belçikanın futbol üzrə şərhçilərindən biri Sture Sanne deyib: “Bu oyunun futbolçu­lar, məşqçilər, bütün nümayəndə heyəti üçün xüsusi bir matç olacağı yəqindir. Ötən şənbə stadionda olanlar, orada nələrin baş verdiyini gördülər. Danimarkalılar çempiona­tın favoriti hesab edilən komanda ilə müsbət nəticə əldə etmək üçün bu gün bütün imkanlardan istifadə edəcəklər. “Parken”ə toplaşacaq 25 min tamaşaçı emosional atmosfer yaradacaq və istənilən nəticədə kamandalarını dəstəkləyəcəklər”.

Belçikalı müxbir Alissa Saliu bil­dirib: “Bu, emosiyalarla zəngin matç olacaq. Belçika Danimarkaya dərin hörmət bəsləyir və onların hansı acı­ları yaşadığını bilir. Qələbə “qırmızı şeytanlara” növbəti raunda çıxmağı təmin edir və mən əminəm ki, onlar lazımi nəticəni qazanmaq üçün bü­tün qüvvələrini sərf edəcəklər”.

Belə bir əhval-ruhiyyə ilə oyun başladı. Danimarkalılar həqiqətən böyük əzmkarlıq nümayiş etdirirdilər.

Finlandiya millisinə minimal hesabla məğlubiyyətdən və ka­pitan Eriksenin oyunun 10-cu dəqiqəsində qəfil ürəktutmasından heyətdən kənarda qalmasından sonra düşünmək olardı ki, Danimar­ka yığma futbol komandası çətin rəqiblərinə ciddi müqavimət göstərə bilsin. Ancaq belə olmadı. Qrupun və Avro – 2020-nin favoriti sayılan, Rusiyanı ağır məğlubiyyətə uğradan Belçika millisi qarşılaşmanın elə ilk anlarından danimarkalıların kəskin hücumları ilə rastlaşdı.

Danimarka komandasının for­vardı Yussuf Poulsen artq oyunun 2-ci dəqiqəsində belçikalıların qapıçısı Tibo Kurtuanı məyus etdi. Kopenhagendəki stadiona toplaşan və milli komandalarının bu günki qırmızı rəngli formasını geyinmiş on minlərlə azarkeş bir anda ayağa qal­xaraq Yussufu sürəkli alqışladılar.

27 yaşlı hücumçu Avropa çempionatı final oyunlarının ikinci, Avro–2020-nin isə hələ ki, ən sürətli qolunu vurdu. Bunun üçün ona cəmi 99 saniyə lazım gəldi. Ən sürətli qo­lun müəllifi isə Avro – 2004-də oyun başlayandan 65 saniyə sonra topu Yunanıstanın qapısından keçirən rusiyalı hücumçu Dmitriy Kiriyiçenko olub.

Qarşılaşmanın birinci hissəsini həm hesab, həm də oyun baxı­mından tam əminliklə Danimarka millisinin hesabına yazmaq olardı. Belçikalılar yalnız qarşılaşmanın ilk hissəsinin son 10 dəqiqəsində rəqib qapısına hücumlar təşkil edə bildilər. Lakin bu hücumların heç bir kəsəri olmadı.

İkinci hissədə belçika millisinin baş məşqçisi Martines hücum­çu Mertensi, sonradan oyunun qəhrəmanına çevriləcək Kevin De Bruyne ilə əvəzləyir. Cəmi on dəqiqə sonra De Bruyne rəqib qapısı önünə əla ötürmə edir və Tolqan Hazard topu boş qapıdan keçirir: 1– 1. 59-cu dəqiqədə belçikalılardan Karras­ko və Dendonker Eden Hazard və Vitsellə əvəzlənir. Artıq oyun tam olaraq Belçika millisinin nəzarətinə keçməyə başlayır. Oyunun 70-ci dəqiqəsində De Bruyne Eden Hazardın ötürməsini 25-27 metr məsafədən özünəməxsus ustalıqla qola çevirir: 2–1.

Oyun elə bu hesabla da başa çatır və Belçika millisi xallarının sayını 6-ya çatdıraraq B qrupunda pley-offa vəsiqəni təmin edir.

Günün növbəti qarşılaşması C qrupunda yer alan Hollandiya və Avstriya milli futbol komandaları arasında keçirildi. Bu haqda geniş reportaj növbəti sayımızda.

İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

18 İyun 2021 01:08 - İDMAN
İDMAN
21 Sentyabr 2021 | 00:04
Milli komanda Avropa çempionu olub
18 Sentyabr 2021 | 23:35
Həftənin ən yaxşı futbolçusu
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə