Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa işlərindəki tək əngəl minalardır

 

 

Bu günə qədər müharibə ilə bağlı çox danışılıb. Əminəm ki, hələ uzun illər danışılacaq. Azərbaycanın Vətən müharibəsindəki zəfəri dərsliklərə, filmlərə mövzu olacaq, xalqımız bu şərəfli tarixi heç zaman unutmayacaq. Danışılması vacib olan məsələlərdən biri də, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları ərazilərdə törətdikləri dağıntılar və bizim orada həyata keçirdiyimiz bərpa-quruculuq işləridir. Bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada heç kəsə sirr deyil ki, düşmən əzəli tor­paqlarımızı xarabazara çevirib.

Burada təkcə yayayış binaları, tari­xi mədəni abidələr dağıdılmayıb, münbit torpaqlar, müxtəlif mənşəli təbii sərvətlərimiz də viran qoyulub. Müharibədən dərhal sonra Prezident İlham Əliyevin xüsusi tapşırı­ğı ilə işğaldan azad edilmiş bölgələrdə yenidənqurma və bərpa işləri ilə əlaqədar qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. Bu sözləri bizimlə söhbətində fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahi­mov bildirdi.

H.İbrahimov dedi:

– Bu müharibə bizim şanlı tariximiz­dir. Əlbəttə, bu tarix əbədi qalacaq və dərindən öyrəniləcək. Prezident İlham Əliyevin müharibədən sonrakı çıxışlarında qürurla vurğuladığı kimi, bizim apardığımız müharibə dünyanın aparıcı güclərinin hərbi məktəblərində öyrəniləcək. Tariximizin ən şanlı səhifəsi olan müharibə artıq bitib, uzun illər Azərbaycan xalqının kabusuna çevrilən münaqişə öz həllini tapıb. Azərbaycan bu münaqişəni özü həll edib

Bildiyiniz kimi, bundan sonrakı dövr yenidənqurma, doğma torpaqlarımıza qayıt­ma dövrüdür. Ölkədə bütün müvafiq qurumlar bu sahəyə köklənib.

Yenidənqurma və bərpa işləri torpaqları­mızın azad edilməsindən sonra Azərbaycanın öhdəliyinə düşən ən böyük vəzifədir: Pre­zident İlham Əliyev azad olunan ərazilərə tez-tez səfər edir. Buradakı vəziyyət, yeni layihələr və planlarla şəxsən tanış olur və müvafiq göstərişlərini verir. Bərpa işləri müm­kün sürəti ilə davam etdirilir. Bildiyiniz kimi, Prezidentimiz Ağdamın Baş planını təsdiq edib. Bu, qəbul edilən ilk baş plan idi. Şuşa şəhərinin də Baş planı hazırlanmaq üzrədir. Bundan əlavə, Füzuli və Cəbrayıl, eləcə də digər şəhərlərin baş planları üzrə işlər davam etdirilir.

Məlum olduğu kimi, yerli şirkətlərlə yanaşı, nüfuzlu xarici şirkətlər də Qarabağın bərpası prosesində iştirak etmək istəyirlər. Bu mənada Türkiyə, İtaliya, Böyük Britaniya şirkətləri xüsusi seçilir. Artıq aidiyyəti üzrə şirkətlərin bir çoxu müvafiq sahələr üzrə təyinat alıb.

Bütün bu işlər davam edərkən qarşılaş­dığımız ən böyük əngəl isə Ermənistanın torpaqlarımıza pərakəndə yerləşdirdiyi minalardır.

Müharibədən sonrakı dövrdə bu mina­lara düşərək çoxsaylı mülki Azərbaycan vətəndaşı həyatını itirib və ağır yara­lanıb. Erməni tərəfi isə müharibədəki məğlubiyyətinə, imzaladıqları kapitulyasiya sənədinə baxmayaraq, hələ də qanu­ni Azərbaycan torpaqlarında təxribatlar törətməkdə davam edir. Mina xəritələrinin Azərbaycana verilməməsi isə beynəlxalq hüququn pozulması və insanlıq cinayətidir. Məlum olduğu kimi, erməni tərəfi əsirlərin qarşılığında mina xəritələrinin bir qismini təhvil verib. Lakin unutmamalıyıq ki, erməni xislətinə güvənmək olmaz. Biz tariximizin müxtəlif dövrlərində onlara güvənərək çox xətalara yol vermişik.

Hüseyn müəllim qeyd etdi ki, bu təkcə Azərbaycan vətəndaşları üçün deyil, o cümlədən bölgədə fəaliyyət göstərən əcnəbilərə də real təhlükədir. Beynəlxalq təşkilatlar və dövlətlər bu məsələ ilə bağlı işğalçı ölkəyə təzyiq göstərməli, sərt mövqe sərgiləməlidirlər. Kimliyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq, gü­nahsız insanların öldürülməsi bütün dünya üçün qlobal təhlükədir. Ölkəmiz multikultural dəyərlərə olduqca həssaslıq göstərir. Ümid edirik ki, yaxın zamanda Ermənistan səhvini anlayacaq və mina xəritələrini tam və qeyd-şərtsiz Azərbaycana təhvil verəcək.

Söhbəti qələmə aldı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

18 İyun 2021 01:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə