Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa Bəyannaməsi Qarabağın təhlükəsizliyinin qarantıdır

 

15 İyun Milli Qurtuluş Gününün builki ildönümü müstəqillik tariximizin daha bir parlaq və şanlı səhifəsi olaraq yaddaşlarda qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin münasibətlərinin yeni mərhələsinin başlanğıçı hesab oluna bilər.

Dost və qardaş Türkiyənin dövlət başçı­sı Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bugünün reallıqlarını əks etdirməklə çağdaş tariximizin mühüm səhifələrindən birini təşkil edəcək. Şuşada iki ölkənin dövlət başçı­larının müttəfiqlik haqqında Bəyannaməni imzalaması isə Azərbaycan–Türkiyə münasibətlərinə öz möhürünü vurdu. Bu­rada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir.

Bu bəyannamənin ərsəyə gəlməsi həm də onu göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bun­dan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdə olduğu kimi, bundan sonra da bu, belə olacaq. Yəni, Türkiyə Azərbaycana qarşı hərbi təcavüzü özünə qarşı, Azərbaycan da Türkiyəyə olan hərbi təhlükəni özünə qarşı qəsd kimi dəyərləndirəcək və bu məsələdə dövlətlərimiz bir- birinə açıq dəstək verəcək. Hesab edirəm ki, bu faktor Ermənistana və onun havadarlarına qarşı ciddi mesajdır.

Bəyannamənin Qarabağın tacı olan tarixi Şuşa şəhərində imzalanması isə xüsusi məna kəsb edir. Ermənilər və onların hava­darları, açıq-gizli revanşistlər anlamalıdırlar ki, əgər Azərbaycana və onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə, qarşılarında Türkiyəni də görəcəklər. Bəyannamənin Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli möv­qeyinin ifadəsidir. 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars müqaviləsindən 100 il sonra Türkiyə növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi.

Şuşada Türkiyənin konsulluğunun açıl­ması dostluq və qardaşlığımızın ölkələrimizə yeni töhfəsi olacaq. Azərbaycanda SİHA müəssisəsinin yaradılması da nəzərdə tutulur ki, bu da hərbi sənayemizin inkişafında ciddi bir amil olacaq.

Sənəddə digər vacib məqamlardan biri geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələri ilə bağlıdır. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avto­mobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, atılan addımlarla, əməli işlərlə bu dəhlizi yaradırıq.

Türkiyə Prezidentinin öz ailəsi ilə birlikdə 7 ay əvvələcən 28 il müddətində üzünə həsrət qaldığımız qədim Şuşa şəhərini ziyarət etməsi, həqiqətən, tarixi hadisədir. Şu­şaya gedərkən yol boyunca cənab Ərdoğan və ailə üzvləri erməni vandalizminin canlı şa­hidi oldular. Amma bütün bunlar arxada qaldı. Hazırda Qarabağda quruculuq işləri həyata keçirilir və bu prosesdə Türkiyə şirkətləri də yaxından iştirak edirlər. İnanırıq ki, qısa müddətdə doğma Qarabağımız cənnət məkana çevriləcək.

Türkiyə Prezidenti Ərdoğanın Şuşa səfəfəri zamanı Heydər Əliyev Fondu­nun əfsanəvi Cıdır düzündə təşkil etdiyi ədəbi-bədii kompozisiya isə milli-mədəni dəyərlərimizə sevgimizi, Şuşanın qədim mədəniyyətimizin ulu beşiyi olduğunu bir daha təsdiqlədi və dünyaya nümayiş etdirdi.

Bütyün bunlar aydın və qəti surətdə göstərir ki, Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq duyğulaından qaynaqlanan hərtərəfli əməkdaşlığı və ümumi birliyi bun­dan sonra müttəfiqlik münasibətləri ilə daha da möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyənin qar­daşlığı sarsılmazdır, cənab Ərdoğanın dediyi kimi Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

18 İyun 2021 00:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə