Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad olunmuş ərazilərin bərpası Azərbaycanı daha da gücləndirəcək

Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qaraba­ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm tikintisi olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazlilərin bərpası ilə əlaqədar böyük planı var: “Biz de­mişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.

 

Ölkə başçısı xüsusilə vurğulamışdı ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək. Şübhə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa edərək, Azərbaycan xalqı son əsrdə hərbi və diplomatik sahədə ən böyük qələbəni qazanmışdır. Qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtması təmin ediləcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur.

Artıq azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanılmışdır. Bərpa- quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılmışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunmuşdur.

Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir.

Əlbəttə, dövlət büdcəsindən vəsait ayrılmışdır, bununla belə, büdcədənkənar vəsaitlərin bu prosesə cəlb olunması böyük əhəmiyyət daşıyır və beynəlxalq maliyyə institutlarının, yerli və xarici investorların və kommersiya banklarının bərpa işlərinə cəlb olunması vacibdir. Bu mənada Qarabağ Dirçəliş Fondunun təsis olunması böyük əhəmiyyət daşıyır. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq.

Azərbaycan hökuməti bərpa işlərinin həyata keçirilməsində ağıllı texnologiyalardan da istifadə etməyi planlaşdırır. Bununla bağlı, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını həyata keçirəcək. Xatırladaq ki, birinci belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Prezident İlham Əliyevin iştirakı ilə layihənin icrasına artıq başlanılmışdır. Kənddə layihənin icrasının 5 komponent üzrə aparılacağı bildirilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Ərazidə tam tədric olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi planlaşdırılır. Həmin kəndlərdə məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyevin sözlərinə görə, belə pilot layihələr çox ola bilər.

Mütəxəssislər “ağıllı kənd” orada məskunlaşacaq əhali üçün kifayət qədər üstünlüklərə malik olduğunu vurğulayırlar və bu modeldən inkişaf etmiş ölkələrdə uzun müddətdir istifadə edilir. Bu konsepsiyanı həyata keçirməklə həm aqrar sektoru inkişaf etdirilir, həm də idarəetmə sistemində elektronlaşmanın və şəffaflığın təmin olunmasına, qərarların çevik qəbul edilməsinə nail olunur. Bundan başqa, “ağıllı kənd” layihəsinin, eyni zamanda, insanlara kənddə pul qazanmaq imkanı da yaradır. Hər bir ölkə vətəndaşının olduğu kimi, kənd sakinlərinin də dövlət xidmətlərinə çıxışı olmalıdır və bütün bu məsələləri həll etmək üçün dünyada innovativ kənd layihələrindən istifadə edilir. “Ağıllı kənd” məşğulluğun təmin olunması modeli kimi də çox vacib mexanizmlərdən sayılır. Həm də məskunlaşma prosesinin intensiv aparılmasına, sistemli şəkildə reallaşmasına imkan verir. Qeyd etmək yerinə düşər ki, Avropada elektron təhsil, elektron tibb, alternativ enerji, elektron ticarət və nəqliyyat inkişaf etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Bu prosesdə ağıllı konsepsiyalardan da istifadə olunur. Belə ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə tətbiq edilir. Bu konsepsiya işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. Konsepsiyaya uyğun olaraq, 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilmişdir. Mütəxəssislər bildirirlər ki, belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır. Belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minumuma enir. Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kv hava xətləri bərpa edilmiş, yeni SİP kabellər çəkilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşmışdır. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində artıq “Şuşa” yarımstansiyası fəaliyyət göstərir. Xatırldaq ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılmışdı. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, qısa zaman ərzində yekunlaşdırılmışdır. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunmuşdur ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur. Yaxın vaxtlarda Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının da tikinti və bərpasına başlanılacaq.

İşğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrindən də geniş istifadə edilməsi nəzərdə tutulur. Belə ki, “Yaşıl enerji zonası” konsepsiyasına əsasən Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında Günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilmişdir. Hər bir ərazi üzrə düşən Günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilmişdir. İlkin olaraq Laçın rayonunun ərazisində sahələri 8048 ha və 4297 ha olan iki ərazi, Kəlbəcər rayonunda sahəsi 5324 ha olan bir ərazi seçilmişdir. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir. İlkin enerji istehsalı proqnozu da tərtib edilmişdir.

Mütəxəssislər Azərbaycanın hidroenerji növündən tam yararlanmaq üçün əlverişli potensiala malik olduğunu bildirirlər. Hesablamalara görə, Azərbaycanda yerli su ehtiyatlarının 25 faizi Qarabağ və ətraf ərazilərdədir, ancaq həmin ərazilərdəki 30-a yaxın kiçik su elektrik stansiyası ermənilər tərəfindən dağıdılmışdır. Təbii, həmin elektrik stansiyaları bərpa edilir, yenidən quraşdırılır və yeniləri də inşa ediləcək. Bərpa olunmuş və inşa ediləcək yeni su elektrik stansiyalarının istismara verilməsindən sonra həmin ərazilərdə böyük miqdarda elektrik enerjisinin əldə edilməsi mümkün olacaq.

Bundan başqa, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşağı bəndlərinin və su elektrik stansiyalarının inşası Araz çayının su və enerji ehtiyatlarından həm Azərbaycanın, həm də İranın birgə istifadəsinə imkanlar yaradır. Mütəxəssislərin sözlərinə görə, 1,6 milyard kubmetrdən çox su tutumuna malik hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavatt olan bu stansiyalar Azərbaycanda həcminə görə Mingəçevir (402 meqavatt) və Şəmkir (380 meqavatt) su eelektrik stansiyalarından sonra üçüncü yerdə gəlir. Sözügedən SES-lər bərpası və inşası planlaşdırılan digər pilot layihələr Qarabağda və ətraf ərazilərdə dayanıqlı enerjini təmin etməyə imkan verəcək.

Prezident İlham Əliyevin dediyi kimi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır: “Bu, bizim gələcəyə baxışımızdır”. Ölkə ərazisində həyata keçirilən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə siyasəti belə düşünməyə əsas verir ki, “Yaşıl enerji” konsepsiyası da qarşıya qoyulmuş vəzifənin yerinə yetirilməsinə öz müsbət təsirini göstərəcək.

Beləliklə, müharibədən sonrakı Qarabağın inkişafı istiqamətində genişmiqyaslı layihələr aparılır. Bərpa-quruculuq və yenidənqurma işlərinə bütün tərəfdaşlar və marağı olan ölkələr cəlb edilir. Artıq konkret müqavilələr də var və bu işə Qarabağın bərpası prosesinə xarici ölkələrin marağı da artır. Azərbaycanın sevincini bölüşən və Qarabağın bərpasına töhfə vermək istəyən qardaş və dost ölkələr də erməni vandalizminin izlərini silməyə hazır olduqlarını bildirirlər. Bu günlərdə Azərbaycana səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirmişdir ki, azərbaycanlılar Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar: “Amma onlar hər yeri dağıtdılar. Onların dağıtdıqları yerləri Azərbaycan yenidən inşa edir. Birlikdə oraları inşa edəcəyik və yeni Qarabağ ortaya gətirəcəyik”.

Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq.

“Xalq qəzeti”

18 İyun 2021 00:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə