Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT-lə münasibətlərin genişləndirilməsi bizi daha güclü edir

Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan müstəqilliyinin ilk illərində bir çox postso­vet ölkəsi kimi, ticarət əlaqələrindən, iqtisadi və siyasi dəyərlər zəncirindən kənarda qalmışdı. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) gənc respublikamız üçün beynəlxalq iqtisadi əlaqələri gücləndirmək, dünya ticarətinə qoşulmaq imkanları demək idi. Həmin dövrdə yenicə müstəqil olan Azərbaycanda dünya dövlətləri ilə əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra İƏT-ə üzv olmaq barədə müraciət etmiş, 1991-ci ilin dekabr ayında təşkilata tam hüquqlu üzv qəbul edilmişdir.

İƏT və Azərbaycan daima etibarlı tərəfdaş olmuşdur. Əlbəttə, Azərbaycan ticarət əlaqələrinin gücləndirilməsi və dünya iqtisa­diyyatına inteqrasiyanın artırıl­ması baxımından İƏT-lə olan münasibətlərin genişləndirilməsini yüksək qiymətləndirir. 1993-cü ilin ortalarında siyasi hakimiyyətə qa­yıdışından sonra ümummilli lider Heydər Əliyev çox yaxşı dərk edir­di ki, Azərbaycan üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, nüfuzlu qurumlara üzv olmaq həm iqtisadi münasibətlərin inkişa­fı, həm də mövcud böhrandan çıxmaq deməkdir. Bu mənada ulu öndər İƏT-lə də əlqaqələrin gücləndirilməsinə çalışmışdır. 1994-cü ildə Heydər Əliyevin Səudiyyə Krallığına səfər etməsi İƏT-Azərbaycan münasibətlərinin gələcək inkişafına zəmin yarat­dı. Eləcə də, ümummilli liderin ümrə ziyarəti İslam dövlətlərinin diqqətini Azərbaycana yönəltdi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Res­publikamız İƏT-ə üzv dövlətlərlə ikitərəfli və çoxşaxəli əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, son illər ərzində Azərbaycanda İƏT-ə üzv dövlətlərin mədəniyyət, turizm, təhsil və digər nazirləri səviyyəsində vaxtaşırı görüşlər keçirilmişdir.

Ölkəmiz İƏT dövlətləri ara­sında bağların güclənməsinə, bu ölkələrlə iqtisadi-siyasi əlaqələrin genişlənməsinə xüsusi önəm verir, diqqət göstərir. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu diqqətin təzahürü idi. Bundan əlavə, ölkəmizdə İƏT-ə üzv dövlətlərin vətəndaşlarının təhsil almaq imkanlarını asanlaşdıran təqaüd proqramına başlanılmışdır.

Prezident İlham Əliyevin də xü­susi vurğuladığı kimi, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə apa­rır. Ölkəmiz qlobal problemlərin həllində söz sahibi olan dövlətlərdən birinə çevrilib. BMT-dən sonra dünyanın ən çox sayda üzvü olan Qoşulmama Hərəkatına (QH) sədrlik etməsi də ölkəmizin dünya arenasında qazandığı etimadın, hörmətin təzahürüdür. Məlum olduğu kimi, COVID-19 pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Azərbaycan QH-nin sədri kimi koronavirusla mübarizə çərçivəsində təşkilatın zirvə toplantısı keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bunun məntiqi nəticəsi kimi, 2020-ci ilin may ayında həmin toplantı Azərbaycanın sədrliyi ilə təşkil edilmişdir. Bundan əlavə, 2020-ci ilin dekabr ayında BMT Baş Assableyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı da məhz Azərbaycan olmuşdur.

Yeri gəlmişkən, iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantı­sı keçirildi. Ölkə başçısı da bu toplantıda videoformatda çıxış etdi. Azərbaycan və İƏT ara­sında olan əlaqələrdən bəhs edən Prezident İlham Əliyev həm də Vətən müharibəsi za­manı təşkilata üzv dövlətlərin və ümumilikdə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın ya­nında olmasını, haqq işimizdə bizə dəstək verməsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan İƏT-lə olan münasibətlərin daim inkişaf etməsinə xüsusi önəm verir: “Azərbaycan da öz növbəsində hər zaman İs­lam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı edib.”

Ölkə başçısı hər zaman olduğu kimi, “peyvənd millətçiliyi” məsələsinə də toxunub. Prezident İlham Əliyev bir daha inkişaf etmiş ölkələri az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı etməyə çağırıb.

Qeyd etmək lazımdır ki, İƏT-in Azərbaycana olan dəstəyi sadəcə müharibə dövrü göstərilən qətiyyətli mövqe ilə yekunlaşmır. Belə ki, 1993-cü ildən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hər zaman İƏT-in diqqət mərkəzində ol­muşdur. 1995-ci ildə Konakridə keçirilən konfransda Ermənistan ilə Azərbaycan Respublikası arasında münaqişə haqqın­da qətnamələr qəbul edilmiş, 1996-cı ildə müvafiq qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlandırılmışdır. Həmin ildən etibarən keçirilən bütün konfranslarda bu qəbildən olan qətnamələrin adı dəyişdirilməmiş, olduğu kimi saxlanılmışdır. Sonrakı illərdə də bu qətnamələr qəbul olunmuş, Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənmiş, işğalçı dövlətin qeyd-şərtsiz torpaqlarımızdan çıxması tələb edilmişdir.

İƏT-in Azərbaycana göstərdiyi dəstəkdən bəhs edən dövlət başçısı, həmçinin Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərindən də danışıb. Qeyd edib ki, işğal etdiyi torpaqlarımızda yerləşən məscidləri, dini abidələri dağı­dan, məscidlərimizdə donuz, inək saxlayan, nəinki Azərbaycanın milli-mənəvi dəyərlərinə, hətta İslam aləminə də hörmət etməyən, müxtəlif yollarla dinimizi təhqir edən ermənilər heç vaxt müsəlmanların dostu ola bilməz.

Zirvə toplantısının elm və texnologiyaya həsr edildiyini xatırladan Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, Azərbaycan beynəlxalq kosmik klubun üz­vüdür. Məlum olduğu kimi, Azərbaycanın telekommunikasiya və Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peyki var. Qeyd edək ki, Azərbaycan Respublika­sının ilk peyki olan “Azerspace-1” 2013-cü ildə Cənubi Amerikadakı Kuru kosmodromundan fəzaya buraxılıb. Həmçinin 2010-cu ildə yaradılan “Azərkosmos” Qafqazın ilk peyk operatorudur. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan peykinin xidmətləri 19 ölkəyə ixrac edilib. Ölkəmiz 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi edəcək. Bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın bu sahədə qazandı­ğı nailliyyətlərin təzahürüdür.

Ölkə başçısı son olaraq Azərbaycanda növbəti onillik üçün nəzərdə tutulan inkişaf planından danışdı. Bildirdi ki, burada əsas 5 prioritet istiqamət müəyyənləşdirilib. Rəqabətli insan kapitalı və müasir innova­siyalar məkanının yaradılması da bu istiqamətlər arasında yer alır: “Hökumət innovasiyala­rın və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır. Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zona­sı elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır.” Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətləri Qarabağın bərpası işlərində fəal iştiraka dəvət edib.

İmran ƏLİYEV, “Xalq qəzeti”

18 İyun 2021 00:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə