Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçirilib. Açılış tədbiri karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilmişdir.

Muzeydən verilən məlumatda bildirilir ki, 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan olun­muşdur. Həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Azərbaycan Atabəyləri dövlətinin yaran­masının 885 illiyi tamam olur. Sərginin məqsədi dahi Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eks­ponatlar vasitəsilə nümayiş etdirməkdir.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direkto­ru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Nərgiz Axundova, akademik Gövhər Baxşəliyeva, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA Gəncə bölməsinin dosenti Elnur Həsənov və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan N.Vəlixanlı tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik qeyd edib ki, muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nüma­yiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, həmçinin müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırma­ğa imkan verir.

Akademik İ.Həbibbəyli Nizami yaradıcılığının elmə verdiyi töhvələr haqqında ətraflı çıxış etdi. İ.Həbibbəyli xalqımı­zın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılı­ğının gələcək nəsillərə örnək və sərgidə nümayiş olunan eks­ponatların tədqiqat xarakterli olduğunu vurğulayıb. Akademik qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyində bu sərgi Niza­mi elminin tarixi araşdırılması, Nizami irsi ilə tanış olmaq və klassik irsə məhəbbət hissi aşı­lamaq baxımından əhəmiyyətli rol oynayır.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov şairin “Xəmsə”sinə daxil olan əsərlərə istinadən ibrətamiz kəlamlarında yüksək insani dəyərlərə qiymət verdiyini və dünya irsinə layiqli töhfələr bəxş etdiyini bildirib. Natiq Azərbaycan Atabəyləri dövrünün mədəni intibah mərhələsi olduğunu vurğulayıb, sərginin hazırlan­masında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sərginin kuratoru Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov qeyd edib ki, sərgidə nümayiş olunan eksponatlar XII – XIII əsrlərin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran və Naxçıvan şəhərlərində aşkar olunmuşdur. Bəzi eksponatlar ilk dəfə olaraq ziyarətçilərə təqdim olunacaq. Misal üçün, nümayiş olunan eksponat­lar sırasında əski əlifba ilə hazırlanaraq 1909-cu ildə Gəncədə nəşr olunmuş müəllifi Mirzə Məhəmməd Axundov olan “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

18 İyun 2021 00:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə