Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistlər Füzuli və Cəbrayıl rayonlarında minaların təmizlənməsi prosesi ilə tanış olublar

 

 

İşğaldan azad edilən Füzuli və Cəbrayıl rayonları ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediator təşkil olunub. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və qardaş Türkiyə Respublikasından gələn mühəndis-istehkamçılar tərəfindən birgə aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov minatəmizləmə əməliyyatı barədə jurnalistlərə məlumat verib. Bildirib ki, qardaş Türkiyənin istehkamçıları ilə birlikdə Azərbaycan Ordusunun isteh­kamçıları düşməndən azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi tapşırığını icra edirlər. İndiyədək 7 min hektardan çox ərazi təmizlənərək təhvil verilib.

“Türkiyədən 20 ədəd “Memat” minatəmizləyən texnikasının alın­ması planlaşdırılıb. Onların yarısı Azərbaycana gətirilib və hazırda işğaldan azad olunmuş əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləyir. Bu texnikalar ərazilərin təmizlənməsində həm sürətinə, həm effektivliyinə, həm də təhlükəsizliyinə görə seçilir. Düşmən bu ərazilərdə çoxlu tank və piyada əleyhinə minalar basdırıb”, – deyə C.Bağırov bildirib.

Media nümayəndələri əllə, me­xaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxış keçiriblər. Minatəmizləmə əməliyyatında iştirak edən əsgər Nihad Əhmədov deyib: “44 günlük Vətən müharibəsində də iştirak etmişəm. Düşmənin mühəndis maneələrini dəf edərək qoşunlarımızın texnikalarına və şəxsi heyətə keçid açmışam. İstehkamçı olaraq Vətənə xidmət etdiyimə görə fəxr edirəm. Mühəndis Qoşunlarının qarşısında duran ən vacib vəzifə işğaldan azad edilmiş ərazilərimizi minalardan və digər partlamamiş döyüş sursatla­rından təmizləməkdir. Bu vəzifənin məsuliyyətini dərk edirik. İnşallah düşməndən azad edilmiş ərazilərimiz minalardan və partlamamış döyüş sur­satlarından tam təmizləndikdən sonra məcburi köçkünlərimiz təhlükəsiz şəkildə doğma yurdlarına qayıda­caqlar. İstehkamçı olmaqdan qürur duyuram. Azərbaycan Respublikasına xidmət edirəm!”.

 

17 İyun 2021 23:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə