Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropanın Keramika Marşrutunun yeni üzvü - Şəkinin təqdimatı keçirilib

Avropa Şurasının Keramika Assosiasiyasının Baş Assembleyasının onlayn formatda iclası keçirilib.

Dövlət Turizm Agentliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, iclas çərçivəsində Avropa Keramika Marşrutunun (European Route of Ceramics) yeni üzvü - Şəki şəhərinin təqdimatı baş tutub.

Şəki şəhəri bu ilin əvvəlində Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Avropa Keramika Marşrutuna üzv seçilib. Yeni üzvü təqdim edən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin şöbə müdiri Sədaqət Davudova iclas iştirakçılarına Avropa Keramika Marşrutuna yeni qoşulmuş Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür.

Assambleya iştirakçılarına Qafqazda ilk Keramika Mərkəzi - “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə yaradılması, ilk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirilməsi haqqında məlumat verilib. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2019-cu ildə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib. 212 maddi mənəvi irs, 28 qeyri-maddi mədəni irs, 19 mədəni təbii irs daşıyıcısı olan Şəki şəhəri 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə onun adı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.

Avropa Keramika Marşrutu 2012-ci ildə Avropa Şurası tərəfindən sertifikatlaşdırılmış mədəni marşrutdur. Bu hərəkatın məqsədi keramika istehsalı və bu sahəyə dair qədim ənənələrlə bağlı mədəni irsi dəyərləndirmək, dayanıqlı turizm təklifi yaratmaq və bununla da ümumilikdə mədəni və sosial inkişafa nail olmaqdır. Hazırda Avropa Şurasının Keramika Assosiasiyası mərkəzi qərargahı İtaliyanın Faentsa (Faenza) şəhərində yerləşir.

Azərbaycan Mədəni Marşrutlar üzrə Avropa İnstitutuna 2011-ci ildən üzv olub. İndiyədək Azərbaycan Avropa Şurası Mədəni Marşrutları layihəsi çərçivəsində 5 marşruta - "Şərab Yolu", "Yəhudi irsi üzrə Avropa marşrutu", "Qədim Qayaüstü İncəsənət İzləri", "Termal şəhərlər" və "Zeytun ağacları" yoluna qoşulub.

17 İyun 2021 14:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə