Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brüsseldə ABŞ–Avropa İttifaqı sammiti keçirilib

 

 

Bu il iyunun 15-də Brüsseldə ABŞ Prezidenti Cozef Baydenin iştirakı ilə Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında son yeddi ilin ilk sammiti keçirilib. Məlumatı “Euronews” agentliyi yayıb.

Tədbirdə Avropa İttifaqını Avropa Komissiyasının və Avropa Şurasının rəhbərləri Ursula fon der Lyayen və Şarl Mişel, həmçinin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel təmsil ediblər. Avropa İttifaqı nümayəndəsinin məlumatına görə, görüşün əsas məqsədi Brüssel və Vaşinqton arasın­da münasibətlərin bərpasına yönəlib. Tərəflər Rusiyaya münasibətdə öz siyasətlərini koordinasiya etməyin vacib olduğunu bildiriblər. Sam­mitin gündəliyinə, həmçinin koronavirus pandemiyası, Çinlə münasibət, Belarus böhranı, Ukrayna və Qa­rabağ münaqişələri, İranın nüvə sazişi və sair məsələlər də daxil olub.

Avropa Komissiyasının prezidenti Şarl Mişel tədbirdən sonra mediaya açıqlamasında ABŞ–Avropa İttifaqı sammitinin uğurla keç­diyini bildirib. “Amerika qlobal səhnəyə qayıtdı. Bu, həm müttəfiqlər, həm də dünya üçün böyük bir xəbərdir”, - deyə Ş.Mişel qeyd edib.

Ağ evin hazırkı sahibi də sammitin nəticələrindən razı qaldığını vurğulayıb. “Mən öz sələfimdən çox fərqli bir baxışa sahibəm”, - deyə C.Bayden Avropa Binasında təşkil edilən mərasimdə Av­ropa İttifaqı rəsmiləri xanım Ursula fon der Lyayen və Şarl Mişel arasında foto-şəkil üçün dayanarkən bildirib.

ABŞ Prezidenti Avropa – Amerika sammitindən sonra iyunun 16-da Rusiya lideri Vladimir Putinlə görüşmək üçün İsveçrəyə yollanıb. Dünən Cenevrədə iki dövlət başçısı arasında görüş baş tutub.

M.HACIXANLI, “Xalq qəzeti”

17 İyun 2021 06:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Sentyabr 2021 | 00:04
Terrorçular zərərsizləşdirilib

Köhnə versiyamızdan xəbərləri izlə