Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

T.A.Qebreyesus: Zəif inkişaf etmiş ölkələrdə peyvənd qıtlığı hökm sürür

 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Böyük yeddilər“in (G-7) dünyanın yoxsul ölkələrinə peyvənd çatdırılmasına dair vədlərini qeyri-qənaətbəxş hesab edir. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus G-7-nin bununla bağlı mövqeyini tənqid edib. Məlumatı “İnterfaks. ru” verib.

Qebreyesus elan edil­miş bir milyard peyvənd do­zasının mümkün qədər qısa zamanda təhvil verilməsinə tərəfdar olduğunu bildirib. O qeyd edib ki, vəd edilən həcm böyük kömək olsa da, hazırda daha çox peyvəndə mümkün qədər tez zamanda tələbat var. Çünki dünyada hər gün azı 10 min insan korona­virusla əlaqədar həyatını itirir, insanlara peyvənd indi lazımdır, onlar gələn ili gözləyə bilməyəcəklər.

Onun sözlərinə görə, dünyanın inkişaf etmiş sənaye ölkələrində genişmiqyasli vaksinasiya kampaniyaları sayəsində həyat tədricən normal axarına döndüyü halda, zəif inkişaf etmiş regionlarda peyvənd qıtlığı hökm sürür. Xatırladaq ki, ÜST gələn il Almaniyada keçiriləcək növbəti “G-7” sammitinə qədər dünya əhalisinin, ən azı, 70 faizinin koronavirus əleyhinə peyvənd olunmasını hədəfləyir. T.Qebreyesus deyib ki, bunun üçün 11 milyard peyvənd dozası tələb olunur. Ona görə də G-7 və G-20 bu hədəfə nail olmalıdır.

Qeyd edək ki, indiyədək COVAX təşəbbüsü çərçivəsində dünyanın 131 ölkəsinə, ümumilikdə, 87 milyon peyvənd dozası çatdırılıb. Bu isə ümid edildiyindən dəfələrlə azdır.

ÜST-ün məlumatına görə, koronavirus pandemiyası baş­lanandan bəri dünyada bu xəstəliyə yoluxmuş insanların sayı tədricən 200 milyona yaxınlaşmaqdadır. Dünən müvafiq göstərici 176 milyona bərabər olub. Alimlər istisna etmirlər ki, hətta peyvəndləmə və kollektiv immunitet də bu xəstəliyə tutu­lanların sayının 200 milyona çatmasına mane ola bilməyəcək. Bu hədd tezliklə aşılmayacaq, lakin alimlərin fikrincə, xəstələnənlərin sayı artmaqda davam edəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

17 İyun 2021 06:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Sentyabr 2021 | 00:04
Terrorçular zərərsizləşdirilib

Köhnə versiyamızdan xəbərləri izlə