Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sürprizlər və rekordlar turniri

Möhtəşəm futbol turniri Avro-2020 hər oyunda öz sürprizləri və rekordları ilə milyonlarla azarkeşini heyrətləndirməkdə davam edir. Ötən bazar ertəsi E qrupu kvartetinin İspaniya və İsveç milliləri arasındakı qarşılaşma da istisna olmadı.

İspaniya millisi rekorda imza atsa da...

Turnirin favoritləri sırasında olan İspaniya mil­lisi ilə İsveç yığma komandası arasında heç-heçənin qeydə alınacağına çox az adam inanardı. Topa 85 faiz sahib olmaqla həm Avropa turnirlərinin, həm də İspaniya millisinin rekordunu yeniləyən Luis Enrikenin yetirmələri təkcə Argentina millisinin Boliviya ilə qarşılaşmasında qeydə alınan dünya rekordunu təkrarlaya bilmədilər. Həmin oyunda argentinalılar topa yiyələnməkdə 87 faiz nəticə ilə dünya rekordunu yeniləmişdilər.

Rəqibi topsuz qoymasına baxmayaraq, İspaniya yığma komandası İsveç millisinin qapısından bir top belə keçirə bilmədi. İspaniya millisinə xas olan bu oyun üslubuna qarşı İsveç millisi özünün əzmkar, yığcam və intizamlı oyunu ilə cavab verdi və bu keyfiyyət onlara favoritdən bir xal qoparmağa kömək etdi. Bu oyundan sonra, əgər dünyada topa sahib olmaqda 15 faiz nəticə əldə edən komandadan danışılası olsa, o zaman İsveç yığmasının adı birinci çəkilməlidir.

Dünyanın futbol analitikləri İspan futbolunu ekstremal sayırlar. Radikal üslub kimi bu oyun heç də hamıya xoş gəlmir, ancaq start oyununda belə nəticə heç kimi çaşdırmasın, bu, tamamilə səmərəli bir üslubdur. Hətta Enrikenin komandasının hücum oyunu bir çox aspektlərdən lazımi qədər yetkin olmasa da, ispanlar, ən azı, iki qol üçün yetərincə vəziyyət yaratdılar və əla pressinq nümayiş etdirdilər. Bununla belə, rəqibə cəmi iki əks-hücuma imkan verdilər ki, bu da, ilk növbədə, İspaniyada top qovan və bu oyun üslubuna yaxşı bələd olan Aleksander İsakın möhtəşəm ustalığı sayəsində mümkün oldu.

Beləliklə, bu oyundan sonra E qrupunda birinci pillədə Polşanı 2-1 hesabı ilə məğlub edib 3 xal qazanan Slovakiya millisi, hərəyə bir xal qazanan İsveç və İspaniya milliləri isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşürlər. Avropa futbolunun ulduzu və vurduğu qolların sayına görə qızıl butsuya əsas namizəd Levandovskinin komandası isə sonun­cu – 4-cü yerdə qərarlaşıb.

Ölüm qrupunda “ölən” kim olacaq?

Çempionatın ilk günündən futbol azarkeşlərinin çox böyük maraqla gözlədikləri qarşılaşmalar iyunun 15-də keçirildi. Avro-2020-nin qrupları arasında, müəyyən mənada “ölüm qrupu” sayılan F kvartetində Fransa, Almaniya və Portuqaliya kimi güclü komandaların necə yer alması azarkeşlərə həm maraqlı, həm də çox qəribə gəlir. Doğrudur, 2008-ci ildə İtaliya, Fransa və Hollandiya, 2012-ci ildə isə Almaniya, Hollandiya və Portuqaliya milliləri bir qrupa düşmüşdülər. O zaman iştirakçı komandaların sayının 16 olması buna gətirib çıxara bilərdi. Amma Avro-2020-də klubların sayı 24-ə çatdırılanda belə hallar baş verməməli idi.

Bu, həqiqətən, qəribədir: bir tərəfdə milli yığma komandalar səviyyəsində son üç böyük turnirin qalibləri olan Fransa, Almaniya və Portuqaliya, digər tərəfdə isə məsələn, Avstriya, Ukrayna və Şimali Makedoniya. Əvvəllər bəlkə də F qrupunu “ölüm qrupu” adlandırmaq olardı, amma indi üçün­cü yerdən də turnirin pley-off mərhələsinə çıxmaq olursa, yəqin ki, favoritlərdən heç biri “ölməyəcək”.

Favoritlərdən biri – Portuqaliya ilk oyununu Budapeştdə Macarıstan millisi ilə keçirdi. Digər qarşılaşmalardan fərqli olaraq tribunalarda, demək olar, boş yer yox idi, oturacaqlar 100 faiz dolmuşdu. Bu cəhətdən, əlbəttə, Budapeştdə keçirilən oyunu tamaşaçı sayına görə Avro-2020-nin rekordla­rı sırasına yazmaq olar. Sözsüz, bu, macarları doğma azarkeşlər qarşısında əzmkar oyun nümayiş etdirməyə sövq etdi. Bu cəhətdən Marko Rossinin yetirmələrini Avropa çempionatının ən əzmkar və qətiyyətli klubları sırasına yazmaq olar. Yeri gəlmişkən, macar millisi ötən payızda əzmkar oyunu sayəsində Millətlər liqasına A divizionuna yüksələ bilib. Bu oyunda da Rossinin yetirmələri çox iddialı və mübariz ruhları ilə diqqət çəkdilər. Onlar portuqaliyalıların hücumlarının qarşısını qətiyyətlə almaqla kifayətlənmir, müntəzəm tutarlı hücumlar təşkil edir və rəqib qapılarına zərbələr endirirdilər. Hətta hücumların birində macarlar Portuqaliya millisinin qapısından qol da keçirdilər. Lakin video-assistentin köməyinə üz tutan baş ha­kim Cüneyd Çakır topun oyundankənar vəziyyədən vurulduğunu bildirib, qolu ləğv etdi.

Əlbəttə, dünya futbolunun ulduzu Kriştiano Ronaldonun kapitanı olduğu milli komanda daha çox qol vəziyyəti yarada bilirdi. Lakin oyunun 80-ci dəqiqəsinə qədər nə Ronaldo, nə də partnyorları Macarıstan millisinin qapısından top keçirə bildilər. Sona 10 dəqiqə qalmış, Ronaldo möhtəşəm oyunu ilə Avropa turnirində yeni tarix yazmağa başladı. Amma hesabı qarşılaşmanın 84-cü dəqiqəsində por­tuqaliya millisindən Rafael Gereyra açdı. Oyunun sonlarına yaxın macarların qapısından iki cavabsız top keçirdi: 0-3.

Ronaldonun Avro-2020-də rekordları

Birincisi, 36 yaşlı Kriştiano Ronaldo Avropa çempionatının beşinci finalında iştirak edir və hamısında da meydana çıxırdı. O, çempionatda, ən azı, iki top vuran ən yaşlı futbolçu (36 yaş 130 gün) oldu. Ronaldo bu göstəricidə Avro-2012-də İsveçin qapısına 35 yaş 256 gündə iki qol vuran ukraynalı ulduz Andrey Şevçenkonun göstəricisini yenilədi.

İkinci, Ronaldo Avropa və Dünya çempionat­larının final mərhələlərində 39-cu oyununa çıxır və bununla da müvafiq turnirlərdə 38 oyun oynamış almaniyalı Bastian Şvaynştayqeri geridə qoyurdu.

Üçüncü, oyunun sonunda iki qol vurmaqla Av­ropa turnirinin finallarında ən yaxşı bombardir oldu. Macarların qapısına vurduğu qollar Ronaldonun 10 və 11-ci qolu oldu və bu da Mişel Platinin vurduğu qolların sayından iki top çoxdur. Doğrudur, əfsanəvi fransalı hücumçu özünün doqquz qolunu Avro-1984-ün beş oyununda vurub, portuqaliyalı ulduza isə bunun üçün 22 oyun lazım gəlib.

F qrupunun deyil, Avro-2020 turnirin əsas favoritlərindən olan Almaniya və Fransa millilərinin qarşılaşmaları son dərəcə gərgin mübarizə şəraitində keçdi. Bu mənada dünya kubokunun keçmiş və indiki sahibləri arasında baş tutan qarşılaşmanı, həqiqətən, turnirin supermatçı adlandırmaq olardı.

Bundestimin əzmkarlığı onları məğlubiyyətdən xilas etmədi

Münhendə keçirilən qarşılaşmada yerli azarkeşlərin dəstəyini hiss edən Almaniya yığma­sı oyuna əla başladı. Ancaq Fransa yığması çox ehtiyatla, lakin qətiyyətlə oyuna giriridi. Oyunun 20-ci dəqiqəsində Münhenin bu stadionunu özünün evi hesab edən futbolçu tribunaları sükuta qərq olmağa məcbur etdi. “Bavariya” klubunun fransalı müdafiəçisi Lukas Ernandes Pol Poqbadan çox gözəl ötürməni qəbul etdi və güclü zərbə ilə alman­ların qapısının qarşısına vurdu. Arxasında rəqibin həmləyə çıxacağını görən müdafiəçi Mats Hummels topu öz qapısına vurdu: 0:1.

Bu dəqiqədən etibarən fransalı futbolçular əsas vəzifələrini almanların aramsız hücumlarının qarşısını almaq və imkan düşən kimi, əks-həmlə ilə Kilian Mbappenin sürəti və texnikası sayəsində ikinci qolu vurmaqda görürdülər. Məhz PSJ-nin gənc ulduzu həmkarı Adrian Rabio üçün ideal şərait yaratdı, lakin yarımmüdafiəçi yaxın məsafədən topu qapı dirəyinə vurdu.

Yoahim Löv dərhal vəziyyətə müdaxilə edib, oyunçulara yeni tapşırıqlar verdi. Sağ kənar müdafiəçi Yosu Kimmixin yarımmüdafiəyə çıxması Almaniya yığmasının hücumlarını daha rəngarəng etməyə başladı. Serj Qnabri, az qala, hesabı bərabərləşdirməyə yaxın olsa da, onun vurduğu top qapının önündə qazona dəyib dirəyin üstündən meydanı tərk etdi.

Aramsız hücumlar zamanı daha bir neçə qol vəziyyəti yaradan Bundestim istəyinə nail ola bilmədi. Fransa yığmasının vurduğu sonrakı iki qol isə oyundankənar olduğu üçün qeydə alınmadı. Nəticədə, fransızlar qələbə hesabını qoruya bildilər və 3 xalla F qrupunda Portuqaliya ilə birlikdə liderliyə yüksəldilər.

Almaniya-Fransa matçı da Avro-2020-yə öz sürprizlərini yazdı. Mats Hummelsin avtoqolu turnirdə üçüncü oldu. Buna qədər Türkiyə millisinin futbolçusu Merih Demirel İtaliya ilə oyunda topu öz qapısına vurmuşdu. Elə bu şəkildə də polşalı qapıçı Voysex Şesni slovakiyalılarla qarşılaşmada topu öz qapısından keçirmişdi. Beləliklə, Avro-2020 3 avtoqolla artıq Avro-2016-nın antirekordunu təkrarladı.

Tarixdən qısa statistika:

1. Fransa millisi ardıcıl 17 turdur ki, məğlub olmur.

2. Fransızlar ardıcıl 6 oyundur ki, almanlara uduzmurlar.

3. Almanlar son 27 matçda ikinci oyundur ki, qol vura bilmirlər.

4. Fransa heç vaxt Avropa turnirinin ilk matçın­da məğlub olmayıb.

5. Hummelsin avtoqolu Avropa turnirlərində birinci və böyük turnirlərdə 1978-ci ildə Dünya Çempionatında Berti Foqtsun avtoqolundan sonra ikincidir.

6. Fransa son 6 oyunda qapısından qol burax­mayıb.

7. Almanlar Avronun start oyunlarında heç vaxt məğlub olmamışdılar.

8. Avro-2016-nın qrup mərhələsində almanlar qapılarından top buraxmamışdılar.

9. Almanlar Avropa turnirlərinin final oyunların­da 50 oyun keçirən ilk komandadırlar.

Bakı türk dünyasının diqqət mərkəzində

Bakının Olimpiya stadionu dünən möhtəşəm bir qarşılaşmaya Türkiyə–Uels matçına evsahibliyi etdi. Bu iki komanda arasında beynəlxalq turnirlərin tarixi Şənol Günəşin yetirmələri üçün, həqiqətən, qürurvericidir: iki qələbə, bir heç-heçə və bir məğlubiyyət.

İndiyə qədər Türkiyə Uels millisi ilə beynəlxalq turnirlərin seçmə mərhlələrində qarşılaşıb. Avro-1980-in seçmə mərhələsinin 1978-ci ildə keçirilən qarşılaşması Türkiyə millisi üçün uğursuz olub və onlar Uelsdə keçirilən matçda minimal hesabla – 0:1 məğlub olublar. 1979-cu ildə keçirilən cavab oyununda isə türklər eyni hesabla qalib gəliblər: 1:0.

Üçüncü dəfə isə Türkiyə–Uels qarşılaşması 1998-ci il Dünya çempionatının seçmə turnirində baş tutub. Uelsdə keçən matç 0:0 hesabı ilə nəticələnsə də, cavab qarşılaşması 6:4 hesabı ilə Türkiyənin qələbəsi ilə başa çatıb. Həmin qarşılaş­mada Türkiyə millisinin ulduzu Hakan Şükür Uels yığmasının qapısına 4 top vurmuşdur.

Belə bir tarix çox güman ki, Türkiyə millisinin azarkeşləri qarşısında İtaliya məğlubiyyətindən sığortalanmağına və turnirin pley-off mərhələsinə çıxması üçün vacib olan ilk 3 xalı öz hesabına yaz­mağa sövq etməli idi.

Avro-2020-nin final oynunun qrup mərhələsinin iyunun 16-da keçirilən ilk oyunu Sankt-Peterburqda B qrupunda yer alan Rusiya və Finlandiya yığması arasında keçirildi. Stanislav Çerçesovun yetirmələri birinci oynda Belçikadan aldqıqları ağır məğlubiyyətin əvəzini funlərdən çıxmaq üçün bütün imkanlarını ortaya qoydular. Oyunun birinci hissəsinin əlavə vaxtında Aleksey Mirançukun baxımlı qolu ilə hesabda irəli çıxan ruslar, matçın sonuna qədər bu hesabı qoruyub saxlaya bildilər: 0:1.

Qardaş Türkiyə milli komandası isə özünə doğma olan Bakının Olimpiya stadionunda Uels millisinə 2:0 hesabı ilə məğlub oldu. Oyunun birinci hissəsində elə də baxımlı oyun nümayiş etdirməyən türk millisinin oyunçuları daim diqqətdən qaçırdıq­ları uelsli Aron Remzinin üçüncü cəhdindən sonra topu qapılarında gördülər. İkinci hissədə isə Şənol Günəşin yetirmələri bütün bacarıqlarını orta qoyub Uelsin millisini qapılarına sıxışdırmağa və ardı-arası kəsilməyən hücumlar təşkil etməyə müvəffəq oldular. Lakin görünür, idman xoşbəxtliyi onlardan üz döndərmişdi, yaratdıqları bir neçə təhlükəli vəziyyəti qola çevirə bilmədilər. Əksinə, oyunun əlavə vaxtında qapılarında ikinci qolu gördülər. Türk millisinin qarşıda Danimarka ilə daha bir oynu qalsa da, pley-offa çıxmaq şansını qaçırdı.

Günün son qarşılaşması Romada A qrupu kvar­tetinin lideri İtaliya və Danimarka milliləri arasında keçirildi. Oyunun favoriti olan Roberto Mançinin yetirmələri Danimarka millisini 3:0 hesabı ilə məğlub etdilər.

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”

17 İyun 2021 09:06 - İDMAN
İDMAN
21 Sentyabr 2021 | 00:04
Milli komanda Avropa çempionu olub
18 Sentyabr 2021 | 23:35
Həftənin ən yaxşı futbolçusu
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə