Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həkimlər ən yüksək qiymətə layiqdirlər

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

 

Ötən il dünya, eləcə də Azərbaycan səhiyyəsi üçün ciddi sınaq dövrü oldu. Bütün ölkələrdə əsas diqqət COVID–19-la mübarizəyə yönəldi. Dünyanın başı üzərində dolaşan koronavirus kabusu ilə “ölüm–dirim” savaşı aparan ölkəmizdə ciddi və sərt təcrid tədbirləri görüldü. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın pandemiyanın ilk günlərində dediyi fikirlər sonradan öz təsdiqini tapdı: “Səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər”.

Məlum oldu ki, bir sıra ölkələrdə səhiyyə sistemi çökdü, hətta bəziləri xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Amma Azərbaycan hökumətinin atdığı ad­dımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət dövlət başçısının tam nəzarətindədir. Prezident hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilir. Dövlət baş­çısının problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları elə ilk vaxtlarda yoluxma zəncirini qırdı. “Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”, – deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən virusun yayılmasının mini­muma endirilməsinə hədəflənmişdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramının rəhbəri ötən il yanvarın 29-da belə bir bəyanatla çıxış etdi: “Bütün dünya hazır olmalıdır. Bütün dünya hərəkətə keçməlidir və episentrdən və ya digər mərkəzdən meydana çıxacaq vəziyyətə cavab verməlidir”.

Qeyd edək ki, hələ pandemiya elan olunmamışdan əvvəl bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda yaxınlaşan təhlükədən necə qorunmaq barədə Prezident İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülürdü. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün 2020- ci il fevralın 27- də Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı, martın 3- dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldı. İranla, daha sonra isə qonşu Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlandı. Onu da qeyd edək ki, Azərbaycan məktəbləri, sərhədləri bağlayan ilk ölkələrdən biri oldu. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın 14- dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24- dən isə xüsusi karantin rejimi tətbiq edildi. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırıldı.

Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı ava­danlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu, tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr istehsal edən müəssisələr yaradıldı. Koronavirusla mübarizə işinin düzgün qurulması, peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı mümkün dərəcədə alındı. Həmin dövrdə Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığı atılan sosialyönümlü addımlarla, əhalinin geniş təbəqələrini əhatə edən yardımlar­la, sahibkarlara dəstək proqramları ilə bir daha öz təsdiqini tapdı.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində zəruri tədbirlər həyata keçirməsi vəziyyətin bir qədər sabitləşməsinə imkan verdi. Koronavirus xəstələrinin müalicəsi ilə əlaqədar 13- ü modul tipli xəstəxana olmaqla, 48 xəstəxana ayrıldı. Çarpayı fondu 1700- dən 12000- nə, reanimasi­yada 155- dən 850- yə çatdırıldı. Dövlət başçısının qayğısı sayəsində son bir ildə 4500 - dən çox müasir tibbi cihaz və avadanlıq gətirildi. Onların arasında 600 süni tənəffüs aparatı, 16 kompüter tomoqrafiya aparatı, 10 müasir EKMO cihazı var. Bunlar ölkəmizdə pande­miyaya qarşı genişmiqyaslı tədbirlərin keçirilməsinə imkan yaratdı. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televi­ziyasına verdiyi müsahibədə demişdir: “Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni la­boratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42- dir və 20 min test keçirilə bilər”.

Onu da qeyd etmək lazımdır ki, virusa yoluxan xəstələrin ölüm-dirim savaşında həkimlər, ümumiyyətlə, bütün səhiyyə işçiləri fövqəladə qəhrəmanlıq göstərdilər. Gecəsini gündüzünə qatan tibb işçilərimiz hər bir xəstənin həyata qayıtması üçün var gücləri ilə çalışdı­lar. Məhz bu səbəbdən onların əməyi yüksək dəyərləndirildi. Prezidentin sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirildi. Xatırladaq ki, cənab Prezident bu barədə demişdir: “Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdı­rılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür”. Həmçinin Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradıl­dı. Mərkəzdə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlandı.

Bu dövrdə Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST- nə 10 milyon dollar məbləğində könüllü ianə verdi. Məhz buna görə də Azərbaycanın qlobal miqyasda COVID – 19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələr ÜST tərəfindən yüksək qiymətləndirildi. ÜST- nın Azərbaycana verdiyi bu dəyər ölkəmizin irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini, dünya üçün vacibliyini bir daha təsdiq etdi. Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətində Prezident peyvəndlərin ədalətli bölgü­sünün müzakirə predmetinə çevrilən çox vacib məsələ olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri - bərabər və ədalətsiz paylanması dərin narahatlıq doğu­rur, bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir: “Azərbaycan peyvəndlərin paylanma­sında ədalətliliyi dəstəkləyərək BMT- nin İnsan Hüquqları Şurasında “Koro­navirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və univer­sal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23- də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Onu da qeyd edək ki, son həftələr yoluxma sayı azalıb, həmçinin ölüm halı­nın olmadığı günlərə də təsadüf etmişik. Bu, həm tələblərə əməl edilməsi, həm də peyvəndləmə prosesi ilə bağlıdır. Hazırda vaksinasiya yüksək sürətlə davam edir. Ölkəmizdə “CoronaVac” , “AztraZeneca” (Vaxzevria), “Sputnik” V və “Pfizer” peyvəndləri istifadə olunur. Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə ilk olaraq start verib. İndiyədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 800 mini keçib. MDB ölkələrində koronavirus infeksiyası ilə bağlı vəziyyət haqqında birliyin icraiyyə komitəsinin saytında yerləşdirilmiş informasiyaya görə, vaksinlənmiş sakinlərin sayının əhalinin ümumi sayına nisbətinə görə birinci yeri Rusiya, ikinci yeri isə Azərbaycan tutur. Bu, pandemiyanın ilk günlərindən işlərin düzgün qurulmasının, lazımi addımla­rın atılmasının, beynəlxalq təşkilatlarla müvafiq əməkdaşlığın nəticəsidir.

Pandemiyanın başlanğıcından ötən müddət ərzində yürüdülən məqsədyönlü dövlət siyasəti və vətəndaşların karantin məhdudiyyətlərinə anlaşıqlı yanaşması nəticəsində Azərbaycanda koronavirus­la bağlı vəziyyəti nəzarətdə saxlamaq mümkün olub. Operativ qərargahın CO­VID – 19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin tətbiq edilməsi nəticəsində yoluxma sayın­da enmə müşahidə edilir. Xatırladaq ki, gün keçdikcə, yoluxma sayının azalması, sağalanların sayının yolu­xanları üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq, ölkə ərazisində mayın 31-dən xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlanılıb. İyunun 10-dan isə iri ticarət şəbəkələri, məscidlər və digər qapalı yerlərin fəaliyyəti bərpa edilib. Belə getsə, təbii ki, yoluxmalar da azalacaq və biz pandemiyanın sona çatdığını qeyd edəcəyik. Bu yolda hamı gecəsini gündüzünə qatıb əhalinin sağlamlığı keşiyində duran və artıq bir ildən çoxdur ki, virusla mübarizədə həqiqətən də fədakarlıq göstərən səhiyyə işçilərinə kömək etməlidir.

Onu təəssüflə deməliyik ki, ötən müddətdə nə qədər səhiyyə işçisi, ba­carıqlı, gənc həkimlər də koronavirusun qurbanı oldular. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Klinikanın açılışında həkimləri yüksək dəyərləndirərək demiş­dir: “Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalar­da onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.

Bu gün Tibb İşçilərinin Peşə Bayramı Günündə onlara sağlamlıq arzulayaq. Qoy, sağlam olsunlar ki, bizi də ehtiyat­sızlıq ucbatından yoluxduğumuz hər hansı xəstəlikdən qoruya bilsinlər.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

17 İyun 2021 06:24 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə