Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi əhəmiyyətli səfər

 

 

İyunun 15- də bütün dünyanın gözü Şuşaya dikilmişdi. Qədim və əzəmətli Şuşa şəhərində iki böyük türk dövlətinin bayraqlarının yanaşı dalğalanması bütün Türk dünyasında qürur hissi yaratdı.

1993-cü və 2021-ci illərin 15 iyunu Azərbaycan tarixinə şərəfli bir gün kimi yazıldı. 15 iyun 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın haqlı tələbi ilə Azərbaycanda hakimiyyətə gəldi. Həmin vaxt ölkə suverenliyini itirmək, məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Ulu öndər Heydər Əliyev o zaman gəldi ki, Azərbaycan tor­paqlarının iyirmi faizini itirmişdi. Ölkə nəinki suverenliyini, müstəqilliyini itirmək , hətta Azərbaycan xalqı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, müstəqilliyimizi qorudu. Respublikanı siyası, iqtisadi cəhətdən güclü bir dövlətə çevirmək üçün gecə-gündüz çalışdı. Yaxın- uzaq ölkələrlə, o cümlədən Türkiyə Cümhuriyyəti ilə əlaqələri yüksək dostluq və qardaşlıq səviyyəsinə çatdırdı. Bu gün də iki dövlətin dilindən düşməyən “bir millət, iki dövlət” ideyasını yaratdı.

Heydər Əliyev siyasətini dəstəkləyən Azərbaycan xalqı ulu öndərin ən layiqli varisi İlham Əliyevi özünə lider seçdi. Son 18 il ərzində Azərbaycanı nəinki regionda, dünyada söz sahibi olan bir dövlətə çevir­di. Qurduğu davamlı, güclü iqtisadiyyatın köməyi ilə qüdrətli Azərbaycan Ordusunu yaratdı. O ordunu ki, 30 ilə yaxın işğalda olan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi.

Vətən müharibəsi zamanı qardaş və dost Türkiyə Cümhuriyyəti savaşın ilk saat­larından Azərbaycanın yanında olduğunu, ona mənəvi və siyasi dəstək verdiyini bütün dünyaya bəyan etdi. Bakıda, Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyev qardaş ölkə Prezi­dentini Qarabağa – Şuşaya dəvət etmişdi.

2021 ci il iyunun 15-də – Qurtuluş Günü tafıxı səfər baş tutdu. Qardaş ölkənin Pre­zidenti Rəcəb Tayyib Ərdoğan, xanımı və böyük bir nümayəndə heyəti ilə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə təşrif buyurdular. Bu səfər uzun müddət yaddaşlarda qala­caq. Səfər zamanı iki ölkə arasında tarixi Azərbaycan–Türkiyə müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Sənəddə iki ölkə arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq nəzərdə tutulub. Tarixi əhəmiyyətli sənəddə möhtərəm Preziden­timiz İlham Əliyevin də qeyd etdiyi kimi, iki əsas bənd xüsusi yer tutur. İki ölkə ara­sında siyasi və hərbi sənaye sahələrinin əməkdaşlığı və Zəngəzur dəhlizinin açılması yönümündə birgə fəaliyyət planı. Hərbi əməkdaşlıq nəticəsində istər Azərbaycan, istərsə də Türk Ordusu daha da güclənəcək və təkmilləşəcək. Hər hansı üçüncü dövlət tərəfindən Azərbaycana və ya Türkiyəyə siyası təsir və ya hərbi təcavüz edilərsə, Azərbaycan və Türkiyə bir- birinə dəstək verəcək.

Zəngəzur dəhlizinin açılması isə regionda yeni bir iqtisadi birliyin ya­ranmasına səbəb ola bilər. Regiona daxil olan bütün ölkələr arasında həm avtomobil, həm də dəmir yolu əlaqəsi yaranar. Əgər Ermənistan da özündə güc tapıb bu layihəyə qoşularsa, gələcəkdə öz iqtisadi və siyasi inkişafına nail ola bilər. Zəngəzur dəhlizinin açılması Azərbaycan – Türkiyə, eləcə də, region dövlətləri ilə yanaşı, Asiya ilə Cənubi Avropa dövlətləri arasında iqtisa­di əlaqələrin yüksəldilməsinə gətirib çıxara bilər.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra çıxış edən qardaş ölkənin Prezidenti yaxın zamanlarda Şuşada Türkiyənin Baş Konsulluğunun açılacağını da qeyd etdi. Bu, regionun inkişafı və təhlükəsizliyi baxımın­dan mühüm bir addımdır.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor

17 İyun 2021 05:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə