Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhlükəsiz gələcəyin Şuşa zirvəsi

 

Ölkəmizdə rəsmi dövlət bayramı və ümumxalq təntənəsi kimi qeyd edilən Milli Qurtuluş Gününün builki ildönümündə– iyun ayının 15-də müstəqil Azərbaycan dövlətinin 30 illik tarixinə təklükəsiz gələcəyimizlə bağlı ən önəmli hadisələrdən biri yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin zirvəsi oldu.

 

İki qardaş ölkə rəhbərinin Şuşa görüşünün iştirakçısı olmuş Milli Məclisin komitə sədri, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov bu barədə mediaya açıqlamasında bildirib:

– Vətən müharibəsində tarixi Zəfərimizə zirvə olmuş qədim Azərbaycan şəhəri Şuşa Azərbaycan–Türkiyə qardaşlığında fəth edilən yeni zirvəyə də ünvan oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qədim türk mədəniyyətinin ünlü mərkəzlərindən biri olan Şuşada, sözün əsl mənasında, yeni bir tarixi salnamə yazdılar.

Bu tarixi günə şahidlik etmək mənə də nəsib olduğu üçün hədsiz fəxarət hissi keçirirəm. İşğaldan azad olunduqdan sonra Şuşaya ilk dəfə gedərkən ötüb keçdiyim ərazilərin vəhşicəsinə dağıdılması mənə necə pis təsir etdisə, müasir səviyyədə bərpa olunan və yeni quruculuq işləri ilə dirçəldilən Qarabağımızın gələcəkdə ölkəmizin böyük sosial, iqtisadi, turizm və mədəniyyət mərkəzi olacağı ilə bağlı ümidlər də qəlbimi o qədər qürurlandırıdı. Bu ümid və qürurla irəlilədiyimiz “Zəfər” yolunun sonunda mədəniyyət paytaxtımız Şuşamızın başdan-başa Türkiyə və Azərbaycan bayraqlarına bürünməsi yaratdığı möhtəşəmliklə ən xoş görünüşlərdən biri oldu.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin məhz 15 iyunda baş tutmasını bu əlamətdar günü Azərbaycan xalqının tarixində, həqiqətən, yeni böyük başlanğıclar gününə çevirmək məramı kimi qəbul etmək lazımdır. Ulu öndər Heydər Əliyevin dühasından doğan Qurtuluş yoluna bu gün bütün Türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıcın da qoşulması bu siyasi kursun bundan sonra da xalqlarımızın birliyinə, inkişafına, rifahına misilsiz töhfələr verəcəyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri, haqlı olaraq, belə dəyərləndirdi: “Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycanda bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur”. Bu görüşdə böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarında əksini tapmış həqiqətin təsdiqi olaraq ərsəyə gələn tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin və keyfiyyətcə daha yüksək işbirliyinin rəsmi təminatıdır.

Milli Məclisin komitə sədri Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin, həqiqətən, ən yüksək səviyyədə olmasının ən parlaq göstəricilərindən biri olduğunu vurğulayaraq deyib:

– Strateji əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər– beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti öz əksini tapıb. Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb. Bu tarixi-strateji sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı mülahizə də yer alıb. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyənin Baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar qardaş dövlətin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Ümumilikdə, Şuşa Bəyannaməsi ilə Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərək bu addımı üçüncü tərəfə qarşı akt kimi deyil, sadəcə, öz təhlükəsizlikləri baxımından zəruri sayaraq atdı. Bununla, Milli Qurtuluş Günümüz 28 illik işğaldan qurtulmuş Şuşamızda Türk dünyasının təhlükəsiz gələcəyi ilə bağlı daha bir tarixi əlamətdarlıq qazandı.

Hazırladı: T.AYDINOĞLU,

“Xalq qəzeti”

17 İyun 2021 07:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə