Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvlərinin məhkəməsi keçirilib

 

İyunun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Xalq qəzeti" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bu cinayət işi üzrə təqsirləndirilən 14 nəfərin – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqas­yan Armen Yegizari, Qaspar­yan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapet­yan Yuri Tiqranoviçin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə iclasının iyunun 25-nə təyin edildiyi elan olunub.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan Respubli­kasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Had­rut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluq­çularımıza və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il dekabrın 13-də keçirilmiş antiterror əməliyyatı nəticəsində tərk-silah edilmiş üzvləri barəsində cinayət işinin istintaqı DTX-nin İstintaq Baş İdarəsində aparılıb.

İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silah­lı birləşmələr yaratmışlar. Həmin birləşmələrin üzvləri 2020-ci il noyabrın 26-27-də Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 2020-ci il de­kabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yarat­maq, Azərbaycan Respublika­sının dövlət hakimiyyət orqan­ları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Bu faktlarla bağlı qa­nunsuz silahlı birləşmənin üzvləri Avakyan Qraç Arzu­manoviç, Serobyan Geğam Samveloviç və digərlərinin, ümumilikdə 14 təqsirləndirilən şəxsin Azərbaycan Respub­likası Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü (ter­rorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz ola­raq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupla­rın tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

16 İyun 2021 22:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə