Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İƏT ilə sıx əməkdaşlıq edir

 

 

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və İslam irsinin qorunması məqsədilə təsis edilib və 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. İƏT-in 57 üzvü var. Baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir.

Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. Qurumun fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə Görüşündə verilir. Hər il reallaşan İslam Ölkələri Xarici İşlər Nazirləri konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir.

İƏT-in icraedici orqanı Baş Katiblikdir. Baş Katibliyə üzv dövlətlər tərəfindən beş illik müddətə seçilən Baş katib rəhbərlik edir. 2016-cı ildən İƏT-in Baş katibi vəzifəsini Yusif bin Əhməd Əl-Oseymin (Səudiyyə Ərəbistanı) tutur.

İyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısı keçirilib. Tədbirdə Prezident İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Dövlətimizin başçısı çıxışında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvü olduğu­nu və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev deyib: “Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.

Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyun­larına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq”.

Dövlətimizin başçısı çıxışında Ermənistanın hərbi təcavüzü ilə bağlı İƏT tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardı­cıl şəkildə dəstəklənməsini yüksək qiymətləndirib. Bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 1994-cü il Kasablan­ka Zirvə görüşündən indiyədək Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İƏT-in Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.

“Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, İslam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.

COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koro­navirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası­nın keçirilməsinin təşəbbüskarı olmuşuq”, – deyə Prezident İlham Əliyev çıxışında vurğu­layıb.

Ölkəmizin rəhbəri Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könül­lü maliyyə töhfəsi etdiyini və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İƏT-ə üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərdiyini də diqqətə çatdırıb.

Prezident İlham Əliyev çıxı­şında, eyni zamanda, “peyvənd millətçiliyi”nin, inkişaf etmiş və inkişafda olan ölkələr arasın­da peyvəndlərə çıxışla bağlı qeyri-bərabərliyin Azərbaycanı dərindən narahat etməsinə də toxunub: “Beynəlxalq hesabat­lara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düş­müşdür.

Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq”.

Dövlətimizin başçısı çıxışında, Ermənistanın 30 ilə yaxın bir dövrdə ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlamasını, bunun nəticəsində isə bir milyon­dan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini, Xocalı soyqırımını törətməsini qeyd edərək, bildi­rib ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında sax­lamağa cəhd edirdi.

Lakin ötən ilin sentyabr ayında Ermənistanın irimiq­yaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin bö­yük hissəsini azad etdi. 44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitul­yasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunla­rını çıxarmağa məcbur oldu. Beləliklə, Azərbaycan özü BMT Təhlükəsizlik Şurası­nın 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını real­laşdırdı və hərbi-siyasi yollarla ərazi bütövlüyünü təmin etdi.

Dövlətimizin başçısı çıxı­şında bütün bunlarla bərabər, Ermənistanın işğal dövründə şəhər və kəndlərimizi yerlə-yeksan etdiyini, Azərbaycanın dini və tarixi abidələrini tamamilə dağıtdığını, Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra isə həmin torpaqlarda bərpa-quruculuq işləninə başlanıldığını vurğu­layıb.

“Xalq qəzeti”

17 İyun 2021 06:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə