Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Türkiyə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verirlər

Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib. Milli Qurtuluş Günündə gerçəkləşməsi bu səfərə böyük tarixi önəm qazandırır. Xüsusi qeyd etmək lazımdır ki, bu, Türkiyə liderinin Qarabağa ilk səfəridir. Bu baxımdan Prezident Ərdoğanın Şuşa səfəri iki ölkə ara­sında mövcud olan əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

Şuşa Azərbaycan tarixinin mədəniyyət simvollarından biridir. Təkcə Azərbaycanın deyil, həm də bütün türk dünyasının mədəniyyət, incəsənət paytaxtı olan qədim Şuşa Qarabağın tacıdır. Əlbəttə, tarixi zirvənin burada keçirilməsi bölgədə yaranan sabitliyi pozmaq, müdaxilə etmək istəyən bütün qüvvələr üçün xəbərdarlıq, birlik mesajı idi. Rəsmi səfər çərçivəsində Türkiyə Prezidentini Füzulidə dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev qarşıladı.

Şuşada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və qardaş ölkənin nümayəndə heyəti rəsmi mərasimlə qarşılandı. İki ölkənin dövlət himnləri səsləndirildi. Qarşılama mərasimindən sonra liderlər arasında təkbətək görüş oldu.

Tarixi sənəd – Şuşa Bəyannaməsi

Görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev Şuşada iki ölkə arasında Müttəfiqlik Bəyannaməsini imzaladılar. Bəyannamədə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərindəki bu görüşün tarixi önəmi xüsusi qeyd edildi.

Prezident İlham Əliyevin sözlərinə görə, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını əsas götürərək, Türkiyə — Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni müttəfiqlik mərhələsinə yüksəldilməsi zərurəti yaranmışdı. Bu bəyannamə ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin yeni mərhələyə adlamasına vəsilə oldu.

İki ölkənin də, aralarında bu günə kimi imzalanan bütün beynəlxalq sənədlərə və 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını təsdiq etdikləri Şuşa Bəyannaməsində bir sıra önəmli müddəalar vurğulandı.

Müttəfiqlik Bəyannaməsinin xalqlarımızın maraqlarına xidmət etdiyi, ortaq mənafelərin qorunmasının, hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəniyyət, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində imkanlarını və mövcud potensiallarını birləşdirməsinin önəmi xüsusi vurğulandı. Beynəlxalq hüququn normaları ilə bərabər, Birləşmiş Millətlər Təşkilatının şərtlərinə uyğun olaraq qlobal və regional sülh və təhlükəsizliyin təmin edilməsində ortaq fəaliyyətin davam etdirilməsi, gücləndirilməsi xüsusi qeyd edildi.

Bundan əlavə, ümumi maraqlara əsaslanan regional və beynəlxalq strateji məsələlər üzrə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin zəruriliyini bildirən önəmli ifadələr bəyannamədə əksini tapıb.Bəyannaməyə görə, Azərbaycan və Türkiyə respublikaları müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin quru­cusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, eləcə də ümummilli lider Heydər Əliyevin Türkiyə və Azərbaycanın sarsıl­maz qardaşlığını simvolizə edən “bir millət, iki dövlət” şüarları xalq­larımızın milli-mənəvi xəzinəsidir. Bu iki tarixi şəxsiyyətin müdrik kəlamları bu gün də Türkiyə və Azərbaycan arasında olan qarşı­lıqlı əlaqələrin, dostluq və qardaş­lıq münasibətlərinin inkişafına öz töhfəsini verir, yol göstərir.

Tərəflərin iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərdən məmnun olduqlarını bildirdikləri bəyannamədə bütün səviyyələrdə siyasi dialoqun və yüksək səviyyəli qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulandı.

Qürurla qeyd edildi ki, 44 günlük Vətən müharibəsində qələbə qazanaraq Azərbaycan Ermənistanın 30 illik təcavüzkar siyasətini dayandırdı. Torpaqlarını işğaldan qurtardı, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Həmçinin qeyd olundu ki, Azərbaycan, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad edilməsində, Azərbaycanın ərazi bütövlüyünun təmin edilməsində Türkiyə Cümhuriyyətinin mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Cənubi Qafqaz bölgəsində sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək, iqtisadiyyat və nəqliyyat sahəsindəki bütün əlaqələri bərpa etmək, eyni zamanda, bölgə dövlətləri arasında münasibətləri normallaşdırmaq və uzunmüddətli sülhü təmin etmək üçün səylərini davam etdirəcəklər.

Prezident İlham Əliyev çıxı­şında qeyd etdi ki, bu bəyannamə tarixə əsaslanır, biz bununla əcdadlarımıza sadiq olduğumuzu nümayiş etdirir, eləcə də gələcək nəsillərə istiqamət göstəririk: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun Milli Qurtuluş Günü münasibətilə ölkə başçısı başda olmaqla bütün Azərbaycan xalqını təbrik etdi, ulu öndərə Allahdan rəhmət dilədi. Qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında olan ikitərəfli və çoxşaxəli münasibətlər bundan sonra daha da güclənəcək, Türkiyə Vətən müharibəsində olduğu kimi, bundan sonrakı mərhələlərdə də Azərbaycanın yanında olacaq: “Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaş­larımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtma­larını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşları­mızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək.”

Bəyannamədə, həmçinin kiber təhlükəsizlik, iqtisadi əlaqələrin gücləndirilməsi və ixracın şaxələndirilməsi, müvafiq sahələr üzrə istehsalın birləşdirilməsi, enerji təhlükəsizliyi və yaranacaq yeni nəqliyyat dəhlizinin önəmi xüsusi vurğulanıb.

Əlbəttə, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikilməsi təkcə iki ölkə arasındakı əlaqəni təmin etməyəcək. Bu dəhliz nəqliyyat-kommunikasiya əlaqələrinin güclənməsinə, iki ölkə arasında olan iqtisadi əlaqələrin və əməkdaşlığın daha da intensivləşməsinə töhfə verəcək.

Bundan əlavə, bəyannamədə müxtəlif dövlətlərdə fəaliyyət göstərən Azərbaycan və türk diasporlarının birgə əməkdaşlıqlarının daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub. Əlavə edilib ki, diasporlar qarşılaşdıqları problemlər zamanı birlikdə hərəkət edəcək və həmrəylik göstərəcəklər.

“Ermənistanın onlara verilən fürsətləri doğru dəyərləndirəcəyinə ümid edirik”

Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı, qanı bahasına əldə etdiyimiz tarixi zəfərdən sonra əsas diqqət ermənilərin viran qoyduğu, xarabazara çevirdiyi tarixi torpaqlarımızda həyatı bərpa etməyə, burada quruculuq işlərinə yönəldilib. Məlum olduğu kimi, Türkiyə bu istiqamətdə də ilk gündən Azərbaycana dəstəyini nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa səfəri çərçivəsində reallaşan mətbuat konfrasnında bu məsələyə də toxunub. Qeyd edib ki, bir yandan buradakı dağıntıları bərpa edərkən, digər tərəfdən bölgədə belə bir təhlükənin yaşanmaması üçün bütün zəruri addımlar atılır.

Artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Biz hər kəsi Azərbaycanın zəfərini qəbul etməyə dəvət edirik. Ermənistanın özünə uzadılan xoş niyyət və əməkdaşlıq əlini tutmasını, bu şansları doğru dəyərləndirməsini təmənna edirik: “Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.”

R.T.Ərdoğan bildirib ki, Türkiyə yaxın zamanda Azərbaycanın və bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində baş konsulluq açmağı planlaşdırır. Əlbəttə, bu, bölgədə həyata keçirilən fəaliyyətin daha səmərəli və sürətli şəkildə icra olunmasını mümkün edəcək.

Qeyd etmək lazımdır ki, iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsində vurğulanan ən önəmli müddəalardan biri də üçüncü bir dövlətin Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə, sərhədlərinə qarşı təhdidi zamanı silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş birgə fəaliyyətinə keçməsidir. Bu baxımdan qeyd etmək olar ki, Müttəfiqlik Bəyannaməsi müdafiə sahəsində də ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün mühüm əməmiyyətə malikdir. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, bu bəyannamə iki ölkə arasında mövcud olan qədim dostluq və qardaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

İmran ƏLIYEV, “Xalq qəzeti”

17 İyun 2021 05:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə