Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan–Türkiyə qardaşlığı milli-mənəvi və ortaq dəyərləri, strateji tərəfdaşlığı əks etdirir

Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan – qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il 44 günlük Vətən müharibəsində müzəffər Silahlı Qüvvələrimiz parlaq qələbə qazandı. Bu möhtəşəm uğuru son 27 il ərzində qalibiyyətin beynəlxalq hüquqi normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə Ali Baş Komandanın qətiyyəti şərtləndirdi.

 

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya arasında rəsmi səviyyədə imzalanan, Ermənistanın Dağlıq Qarabağ bölgəsində 30 illik işğalına son qoyan sülh razılaşmasından sonra respublikamız ölkəyə vurulan ziyanı aradan qaldırmaq istiqamətində mühüm layihələrin reallaşdırılmasına, münaqişə dövründə dağıdılan ərazilərin bərpasına başladı. Azərbaycanın bu istiqamətdə qarşıya qoyduğu vəzifələr sırasında düşməndən təmizlənən torpaqlarda yaşayış sahələrinin bərpası, inkişafı, eləcə də onilliklər ərzində doğma ev-eşiyindən didərgin düşən insanların yurd-yuvasına qaytarılması kimi önəmli məsələlər yer alır.

Müharibədən ötən müddətdə bu sahədə respublikamızın əldə etdiyi uğurlara diqqət yetirəndə deyə bilərik ki, Azərbaycan hökuməti regionun yenidən bərpa olunmasına 1,3 milyard dollardan çox vəsait ayırıb. Artıq bu vəsait aidiyyəti üzrə xərclənir. Azad olunan ərazilərdə yerləşən bir sıra şəhər və kəndlərdə quruculuq işləri görülür, tarixi abidələr, muzeylər, məscidlər və başqa tikililər bərpa olunur.

Yeri gəlmişkən, bir neçə ay ərzində düşməndən təmizlənən ərazilərin monitorinqi aparılıb. Bunun nəticəsində işğalçının 314 tarixi və mədəni abidəni dağıdıb məhv etdiyi aşkarlanıb. Bundan başqa, 9 min hektardan artıq ərazidə, təqribən, 40 minə yaxın partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu hərbi sursatların quraşdırılması nəticəsində xeyli sayda insan həlak olub və ya yaralanıb.

Azərbaycan hökuməti ilə TEPSCO və BP kimi nəhəng korporasiyalar arasında aparılan ciddi danışıqlardan sonra hazırda ekoloji təhlükəsizlik sahəsində tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə bərpaolunan enerji ilə işləyən elektrik stansiyaları quraşdırılır. Bu obyektlər arasında günəş enerjisi istehsal edən müəssisə də yer alır. Gələn ildən Zəngilan rayonunda “ağıllı kənd”lərin tikintisinə başlanacaq. “Ağıllı kənd”lərdə yaşayan hər bir sakin öz dayanıqlığını artırmaq üçün yerli resurslar sayəsində innovasiyalarla bağlı qərarlar qəbul edə biləcək.

Məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün azad olunmuş ərazilərdə infrastruktur bərpa edilir. Bu günədək regionları birləşdirən 600 kilometrlik magistral yol, 150 kilometr uzunluğunda dəmiryol xətti çəkilib. Gələcəkdə üç aeroportun istifadəyə verilməsi də nəzərdə tutulub.

Ağdamın yenidən qurulması planı təsdiqlənib və qəbul edilib. Bu böyük şəhərdə sənaye parkının, Zəfər muzeyinin və İşğal muzeyinin yaradılması, habelə Ağdamla Bərdəni birləşdirən avtomobil yolunun və dəmiryol xəttinin yenidən qurulması planlaşdırılıb. Bu bərpa işləri astanasında artıq azad edilmiş yaşayış məntəqələrinin 169-da 13 mindən çox binada və 1500 kilometrdən çox yolda inventarlaşdırma işləri başa çatıb. Yeri gəlmişkən, 409 yaşayış məntəqəsini isə erməni işgalçıları tamamilə dağıdaraq yerlə-yeksan edib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyunun 14-də Füzuli rayonuna səfəri zamanı tanış olduqları bərpa-quruculuq işlərinin miqyası da bu mühüm məsələnin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında inşaat işlərinin gedişi ilə tanış olarkən, dövlətimizin başçısına verilən məlumatdan aydın oldu ki, bu beynəlxalq hava limanının tikintisinə yanvar ayında başlanılıb. Üç min metr uzunluğunda, altmış metr enində uçuş-enmə zolağı olacaq limanda təyyarələrin enişinin iki tərəfdən də təmin olunması nəzərdə tutulub. Hazırda uçuş-enmə zolağının və perronun tikintisində torpaq işləri yekunlaşıb.

Artıq mövcud proqrama əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Bu tikintini aparmaq üçün isə obyektdə – Quruçayda iki asfalt zavodu quraşdırılıb, üç daşqıran qurğu da istifadəyə verilib. Prezident İlham Əliyevə daha sonra məlumat verilib ki, həm burada, həm də Zəfər yolunun inşasında yerli tikinti materialından istifadə edilir. Perronun ölçülərinin 60 min kvadratmetr olacağı, yəni, təxminən, 8 ədəd “A-320” tipli təyyarə yerləşə biləcəyi nəzərdə tutulur.

Hazırda aerovağzal kompleksindəki binanın tikintisində beton işləri demək olar ki, 80 faiz yekunlaşıb. Kompleksin isə bu ilin sonuna kimi tam istifadəyə verilməsi nəzərdə tutulub. Dövlətimizin başçısına, eyni zamanda, Zəngilanda da aeroportun tikintisinin aparıldığı, Laçın rayonunda isə hava limanının salınacağı ərazinin artıq müəyyənləşdirildiyi barədə məlumat verilib.

Onu da deyək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarı ilə də tanış olublar. Dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilərək, bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verib. Lakin 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən tapdaq altına salınandan sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən düşmən təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsib, daşqınlar zamanı, yaxud suya ehtiyac duyulmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradıb.

Prezident İlham Əliyev deyib: “Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlində idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi.

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız – bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır”.

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli–Füzuli–Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə də tanış olub. Dövlətimizin başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilərək, bildirilib ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr nəzərdə tutulub. Hər iki yol boyunca tunel və körpülərin inşa ediləcəyi, bütün zəruri infrastrukturun yaradılacağı planlaşdırılıb.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin səfər zamanı açılışını etdiyi “Füzuli” yarımstansiyası da bölgədə mühüm önəm daşıyan obyekdir. Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya dövlətimizin başçısının işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. Mərkəzdə texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi də qurulub.

Xatırladaq ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. İşğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib.

Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.

Azərbaycan Prezidenti İlham Əliyev Füzuliyə səfəri zamanı Zəfər yolu üzərində körpünün inşası ilə tanışlıq olub, eyni zamanda, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Yeri gəlmişkən, Prezident İlham Əliyev iyunun 15-də respublikamızda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayarkən, dövlətimizin başçısı qardaş ölkənin rəhbərinə bu bölgədə reallaşdırılan bərpa-quruculuq layihələri barədə məlumat verib, eyni zamanda, xəyanət nəticəsində işğal edilən Şuşanın Azərbaycan Ordusunun qəhrəmanlığı ilə azad olunduğunu diqqətə çatdırıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Şuşaya səfər çərçivəsində Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri ilə tanışlıdan sonra “Xan qızı” bulağında, Cıdır düzündə olublar, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyaya baxıblar. Şuşada iki qardaş ölkənin prezidentləri təkbətək görüşəndən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Dövlət başçıları imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Bəyanatlarda dövlət başçıları tərəfindən Türkiyə və Azərbaycanın dünya çapında bir-birinə ən yaxın ölkələr olduğu, bu bağlılığı isə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı kimi amillərin şərtləndirdiyi vurğulanıb.

Bəyanatlarda Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bu qardaşlığın mənəvi və siyasi dəstəyinin öz ifadəsini tapdığı, həmçinin iki ölkə arasında bir sıra mühüm siyasi məsələlərlə yanaşı, iqtisadi-ticarət əlaqələrinin, mədəniyyət, təhsil, idman, və gənclər siyasətinin mühüm önəm daşıdığı diqqətə çatdırılıb. Azərbaycan ilə Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars və TANAP kimi nəhəng layihələrin birlikdə tamamlandığı və bu nəhəng tədbirlərin ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verdiyi bildirilib.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

17 İyun 2021 08:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə