Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birliyin və qardaşlığın təntənəsi

Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.

 

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.

 

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Respublikasının Prezidenti

 

 

Azərbaycan-Türkiyə qardaşlığının dərin kökləri var. Ortaq dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu yaxınlığı şərtləndirən başlıca amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə qeyd-şərtsiz dəstək olublar. Bizi birləşdirən köklər Dədə Qorquddan Koroğluya, Mövlanadan Nəsimiyə, Nuru paşadan İstiqlal mücahidlərinə, Çanaqqala savaşından Qarabağ müharibəsinə qədər zəngin bir tarixi özündə yaşadır. Genetik-etnik, əxlaqi-mədəni, sosial-iqtisadi bağlarımız qırılmazdır. Mübarizə və zəfərlərlə zəngin olan son yüzildə birlikdə yaşadıqlarımız isə xalqlarımızı və dövlətlərimizi bir-birinə daha sıx bağlamışdır.

...Tarixin 1918-ci ili. Sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdilər. Həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərlə bolşeviklərin Bakı və ətraf rayon­lardakı ağalığına son qoyuldu. Möhtəşəm tarixi qələbədən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin pay­taxtı Gəncədən Bakıya köçürül­dü. Türk ordusunun Bakını azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu münasibətlə təntənəli ziyafət təşkil etdi, şanlı komandan Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr verdi.

...2018-ci ilin sentyabrı. Bakının azadlığının 100 illiyi münasibətilə paytaxtda təntənəli yubiley mərasimi-hərbi parad keçirildi. Azadlıq meydanında­kı yüksək tribunda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdı­lar. Qürurlu, qətiyyətli, müdrik, millətinə və dövlətinə böyük sevgi ilə dolu iki Prezident – iki Qardaş! Tribunanın önündən isə mətin addımlarla hər iki ölkənin vətən müdafiəçiləri – igid hərbçiləri keçirdilər. Bu, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin parlaq nümayişi idi.

...2020-ci il, 10 dekabr. Yenə də Bakıda qələbəlik idi. Qarabağda 44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra, möhtəşəm Zəfər paradın­dan əvvəl iki liderin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramla baş əymələri, eyni zamanda, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət etmələri həqiqətən də iki dövlət – bir millət amalının əbədi olduğunu bir daha göstərdi. Zəfər paradı isə Türkiyə rəhbərliyinin, eləcə də bu müharibədə canını ver­miş şəhidlərimizin sayı qədər mehmetciyin iştirakı ilə daha da möhtəşəm oldu.

...Bu il iyunun15-i. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Özü də uca dağlar qoynunda, 28 il yarımlıq erməni əsarətindən qurtarmış Şuşa şəhərində. Bunun nə böyüklükdə hüquqi, siyasi, mənəvi stimul olduğunu təsəvvürə gətirəndə ürəyimiz sonsuz qürur və iftixarla döyünür.

Şərəf tariximizin bəzəyi olan hər üç hadisə milli-mənəvi yad­daşımızın qızıl səhifələrini təşkil etməklə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz­lığını, dönməzliyini və əbədiliyini göstərir. Dünyanın qarışıq olduğu vaxtda – Birinci dünya müharibəsi dövründə Osmanlı imperiyası özü çətin sınaqlara düşsə də, İstanbul hərbi yardım əlini qardaş Azərbaycana uzatmış, Qafqaz İslam Ordusu qısa müddətdə minlərlə şəhid verməklə Bakını iş­ğalçılardan təmizləmişdi. 2020-ci ilin Vətən müharibəsində də qardaş Türkiyənin Azərbaycanın yanında olması, ona hərtərəfli dəstək verməsi ilə zəfərin qazanıl­masında əvəzsiz rol oynamışdır.

Şuşada mühüm sənədlərin imzalanması dostluq və qar­daşlığımızın dərin tarixi köklərə söykəndiyini bir daha dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev bunu böyük sevinclə diqqətə çatdırdı: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bun­dan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında im­zalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Bildiyimiz kimi, 1921-ci ildə Zaqfederasiya ilə Türkiyə arasında bağlanmış Qars Sülh Müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Həmin müqaviləni erməni siyasətçiləri Türkiyənin bədnam qonşula­rına öz iradəsini diktə etməsi kimi dəyərləndirmiş, Naxçıvanı kamalçıların əlindən qopara bilməyən “xilaskar Rusiya”ya bəslənən ümidləri yalana çıxaran sənəd adlandırmışdılar. Qars müqaviləsinin sayəsində mənfur qonşularımız Naxçıvan bölgəsinə olan ərazi iddialarından əl üzməli olmuşdular. Şuşa Bəyannaməsi də, öz növbəsində, bütün digər cəhətləri ilə yanaşı, Qarabağın Azərbaycanın əzəli və ayrılmaz tərkib hissəsi olduğunu bir daha bütün dünyaya çatdırmış oldu.

Sovet dönəmində Bakının erməni-bolşevik işğalından azad olunmasını qeyd etmək yasaq idi. Lakin bu şanlı hadisənin xatirəsini ürəklərimizdə yaşadır­dıq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli-mənəvi, siyasi-tarixi dəyərlərimiz yenidən dirçəldi və müstəqil Azərbaycan üçün müqəddəs olan 15 Sentyabr tarixi də öz layiqli qiymətini aldı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan-Türkiyə birliyi daha da gücləndi və bütün dünya üçün nümunəyə çevrildi. Dövlətimizin başçısı hər zaman bu barədə fikirlərini böyük qürur hissi ilə dilə gətirir: “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir”.

Bizim yaxınlığımız, əslində, iki müttəfiq dövlətin sıx əməkdaşlığından da böyük bağlı­lıqdır. Unudulmaz Müstafa Kamal paşa Atatürk demişkən, Ankara Bakının sevincini öz sevinci bilir, Bakının problemini öz problemi kimi qəbul edir. Həmçinin Türkiyə üçün problem olan hər bir hadisə Azərbaycan üçün problem sayılır. Dünya dəfələrlə şahidi olub ki, bütün sınaqlara, haqsızlıqlara, çətinliklərə qarşı mücadilədə Azərbaycanla Türkiyə birlikdə olur, müşküllərinin öhdəsindən çiyin-çiyinə gəlirlər.

Beynəlxalq təşkilatlarda müxtəlif məsələlər uzrə Azərbaycanla Turkiyənin mövqeləri, bir qayda olaraq, üst-üstə düşür, tərəflər davamlı məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisa­di Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində Türkiyə ilə faydalı əməkdaşlıq edir.

Prezident İlham Əliyevin 10 oktyabr 2020-ci ildə Rusi­yanın RBK televiziya kanalına müsahibəsi zamanı jurnalistin Bakıda Azərbaycan bayraqları ilə yanaşı, çox sayda Türkiyə bayrağı görməsi ilə bağlı sualına verdiyi cavabı, yəqin ki, hər kəs xatırlayır: “Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz, orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz”.

Turan dünyasının qüdrətli təmsilçisi, 85 milyona yaxın əhalisi olan, sürətlə istiqbalına yürüyən, beynəlxalq məsələlərdə sözünü qətiyyətlə deyə bilən, NATO-nun üzvü olan Türkiyə hazırda yaxın Şərq və Aralıq dənizi regionunda sülhün təminatçısı kimi tanınır. Qardaş ölkə Cənubi Qafqazda da sülh carçısı olan və səsi aydın eşidilən bir dövlətdir. Mənəvi bağlarımızdan, ortaq tariximizdən, köklü mədəniyyətimizdən su içən birliyimiz, bağrıbadaşlığımız əbədidir. Hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin çox yüksək səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ayrılmaz dostluq və qardaşlıq münasibətləridir. Həsəd aparılan birgəliyimiz məhz ürəklərimizin həmahəng vurmasının, məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Ölkələrimizin ikitərəfli iqtisadi münasibətləri baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuş­dur. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğu­lamaq olar.

Şuşa Bəyannaməsi əməkdaşlıq platformasını daha da genişləndirdi. Bu bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Müdafiə sahəsində əməkdaşlıq xüsusi mahiyyət daşıyır. Bu, o deməkdir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Digər önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haq­qında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq.

Yaxın tariximizin iqtisadi mənzərəsi xüsusilə rəngarəngdir. Daha qlobal mahiyyət daşıyan bəzi səhifələrə nəzər salaq: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi enerji layihələri, prezidentlərimizin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, Türkiyədə "STAR” neft emalı zavodunun işə salınması, ötən il dekabrin 31-də Azərbaycan kommersiya qazı­nın Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə başlanması və s. ölkələrimizin monolit birliyinin nümayişi kimi fərəh doğurur.

“STAR” zavodu SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodu­dur. 2018-ci ilin oktyabr ayın­da – Azərbaycanın Dövlət Müstəqilliyinin qeyd olundu­ğu günlərdə İzmir şəhərində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iş­tirakı ilə işə salınıb. Zavodun səhmlərinin 60 faizi SOCAR Türkey Enerji A.Ş.-ə, 40 fai­zi isə Azərbaycan İqtisadiyyat Nazirliyinə məxsusdur. Zavodun təməli 2011-ci ildə iki qardaş Prezident tərəfindən qoyulmuş­du. Müəssisənin layihə dəyəri 6,3 milyard dollardır, ilk 5 ildə hər il ümumi 864 milyon dollar, növbəti 10 ildə isə 614 milyon dollar əməliyyat gəliri gətirəcəyi proqnozlaşdırılır. Bu gəlirdən əməliyyat xərcləri, vergilər və digər ödənişlər çıxıldıqdan sonra zavod 250 milyon dollar xalis mənfəət əldə edəcək. İndi artıq zavod tam gücü ilə işləyir. Son on beş ildə Cənubi Avropada o cür texnoloji miqyasda yeni zavod ərsəyə gəlməyib. Beləcə, Türkiyə və Azərbaycan birlikdə XXI əsrin enerji tarixini yazıb. Açılış mərasimində türkiyəli nazirin obrazlı şəkildə söylədiyi bu fikirsə bütün iştirakçıları duyğulandırdı: “Böyük və güclü Türkiyə hədəfimizə gedən yolda Azərbaycanı yanımızda görmək bizi son dərəcə məmnun edir. Biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq. Həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı”. Tədbirdə iki ölkə rəhbərlərinin yeni sənaye mərkəzinin fəaliyyətinə verdikləri xeyir-dua hazırkı uğurların möhkəm təməl daşı olub. Bu gün iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası iqtisa­diyyatımıza böyük xeyir gətirir.

Mədəni əlaqələrimiz də dur­madan inkişaf edir. Bu əlaqələr ən müxtəlif mədəni sahələri əhatə edir. Düz 20 ildir ki, Bakıda Atatürk Mərkəzi fəaliyyət göstərir. Bir neçə ay öncə Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiq edib. Sənətçilərimizin müntəzəm qar­şılıqlı səfərləri və çıxışları, təhsil sahəsində əməkdaşlıq və s. könül sevindirən faktlardır.

İkinci Qarabağ savaşında böyük qələbəmizdə türk qardaş­larımızdan gördüyümüz əvəzsiz mənəvi dəstək isə Azərbaycan-Türkiyə birliyinin ən pik nöqtəsini təşkil edir. Qarabağda aktiv hərbi əməliyyatların ilk günündən Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəmədi, münaqişədə tarixi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Özünün gücü, təsir imkanları ilə Azərbaycanı erməni təəssübkeşlərinin həmlələrindən qorudu. Ərazilərimizi məhz hava­darlarının köməyi ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı. Pre­zident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bu ölkənin bir çox rəsmiləri, Türkiyə cəmiyyətinin ən nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını qətiyyətlə bəyan etdilər.

Xatırlayırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyev Vətən müharibəsi dövründə Türkiyənin "A Haber” televiziya kanalına ver­diyi müsahibəsində haqlı olaraq bildirmişdi ki, əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə kimlərsə pəl vura bilərdi: "Türkiyənin bu mesajları hər kəsə "dur!” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk”.

Dekabrın 10-da keçirilmiş Zəfər paradı heç zaman öz təravətini itirməyəcək. Həmin ərəfədə və pa­rad günü türk əsgərlərinin ifasında hərbi marşların Bakı səmasına ucalan sədaları hər kəsin xəyalını göylərə pərvazlandırırdı. Zəfər paradında hər iki prezidentin çıxışı həm də Azərbaycan-Türkiyə birliyinin yüksək ifadəsi idi. Müdrik rəhbərlərin orada söylədikləri hər birimizin ürəyindən xəbər verir, təbii iftixar duyğularımızı daha da coşdurdu.

Prezident İlham Əliyev: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaş­qanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqla­maları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanın­dadır. Bu, birliyimizin, qardaşlı­ğımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevin­dirir. Bu gün biz birlikdə Zəfər pa­radında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.

Cənab Rəcəb Tayyib Ərdoğan: “Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər pa­şanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad ol­duğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür.

Rəbbimə bizlərə bu günləri ya­şatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qara­bağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaq­dır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.

Azərbaycanın qələbəsindən sonra regionda sülhün qorunması prosesində Türkiyə yaxından iş­tirak edir. Bu məqsədlə yaradılan Monitorinq Mərkəzində Türkiyə hərbçiləri də xidmət aparır, Qarabağda sülhün qorunmasına öz töhfələrini verirlər. Ermənilərin müqəddəs torpaqlarımızı tərk edərkən basdırdıqları minaların zərərsizləşdirilməsində, genişmiq­yaslı bərpa-quruculuq işlərində türk qardaşlarımızın yaxından iştirakı bizə mənəvi ruh verir.

Qarabağda tarixi zəfərin sayəsində qardaş Türkiyə ilə yeni-yeni nailiyyətlərə imza atılır. Tarixi ədalət addım-addım bərpa olunur. Bu yöndə daha böyük uğurlar qazanacağımız şəksizdir. Ermənistan üçün əsl kapitulyasi­ya sənədi olan 10 noyabr birgə bəyanatına əsasən Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respubli­kası arasında yaranan nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilib. Buna nail olun­masında Türkiyənin təsir imkan­ları genişdir. Kommunikasiyanın bərpası həm Naxçıvanın blokada­sının aradan qaldırılmasını, həm də Türkiyənin birbaşa yolla Xəzər dənizinə və Orta Asiya respubli­kalarına çıxışını təmin edəcək. Bu yola obrazlı şəkildə “Böyük Turan yolu” deyilir.

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Azərbaycanın Türkiyə ilə yaxın münasibətlərdə maraqlı olduğunu etiraf edib: “Azərbaycan müstəqil, suveren dövlətdir və kimi lazım bilirsə, onu özünə tərəfdaş seçmək haqqı var... Dağlıq Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz. Yeri gəlmişkən, Türkiyə əvvəldən Qa­rabağ məsələsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun üzvü olub. Odur ki, Türkiyə tənzimlənmə üzrə beynəlxalq institutun, beynəlxalq mexanizmin daxilində olub”. Başqa bir çıxışın­da isə Vladimir Putin Türkiyənin elə onun rəhbərlik etdiyi Rusiya üçün də etibarlı tərəfdaş olduğunu təsdiqləməklə bədxahlarımızı xar edib.

Onu da qeyd edək ki, daim terrorçuluqla mübarizənin önündə gedən Türkiyə hər zaman bu mücadilədə qətiyyət göstərir, dün­yada sülhə, təhlükəsizliyə təhdid yaradan bütün təsirləri layiqincə dəf edir. Elə Azərbaycanın da öz torpaqlarını faşist xislətli, terror­çu və vandal ermənilərdən azad etməsindən Türkiyədə hədsiz məmnuniyyət ifadə olunub. Baş verən proseslər nəticəsində ortaya çıxan geosiyasi durumun bütün parametrləri qardaş ölkənin diqqətindədir.

 

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

17 İyun 2021 09:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə