Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dördüncü Beynəlxalq İƏT Modeli konfransı işini başa çatdırıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Ba­kıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə milli və beynəlxalq səviyyədə həyata keçirilən İƏT Mode­li – Beynəlxalq Münasibətlər Akademiyası və Simulyasiya Konfransı işini başa çatdırıb.

Mərkəzdən bildiriblər ki, on ildən çoxdur reallaşdırılan layihənin yekun mərhələsi olaraq Avrasiya üzrə Regional Mərkəzin və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən və 31 ölkədən 100-dən artıq gəncin iştirak etdiyi 4-cü İƏT Modeli beynəlxalq konfransının iyunun 16-da bağ­lanış mərasimi baş tutub.

Mərasimdə çıxış edən İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev layihənin məqsəd və vəzifələri, pandemiya dövründə qurumun keçirdiyi layihələr, həmçinin builki layihənin nailiyyətləri ilə bağlı tədbir iştirakçılarına məlumat verib. E.Mehdiyev layihənin icrasında göstərdiyi dəstəyə və tərəfdaşlığa görə Gənclər və İdman Nazirliyinə, həmçinin layihədə mühazirələrlə çıxış etmiş Fələstin, Pakistan, Qazaxıs­tan, Mərakeş və Əlcəzairin Azərbaycandakı səfirlərinə və beynəlxalq ekspertlərə təşəkkür edib.

Gənclər və idman naziri­nin müavini Fərhad Hacıyev Azərbaycan hökumətinin və təmsil etdiyi nazirliyin İƏT-in müxtəlif tədbirlərinin, İƏT Gənclər Forumunun və onun Bakıdakı Regional Mərkəzinin fəaliyyətinə verilən dəstəkdən danışıb.

Fələstinin Azərbaycandakı səfiri Nasser Əbdül Kərim və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə proqramın gənclərin inkişafında rolunu, həmçinin gənclərin inkişa­fına və təhsilinə yönəlmiş layihələrin əhəmiyyətini vurğulayıb. O, təşkilatçıları və gəncləri uğurlu fəaliyyət münasibətilə təbrik edib və gələcək işlərində müvəffəqiyyət arzulayıb.

Beş həftə ərzində davam edən proqram çərçivəsində beynəlxalq və yerli mühazirəçilərlə yanaşı, səfirlər Nasser Əbdül Kərim (Fələstin), Məhəmməd Adil Embarç (Mərakeş), Serjan Abdukərimov (Qazaxıstan), Bilal Haye (Pakistan) və Salma Abdelhaq (Əlcəzair) təmsil etdikləri ölkələrin xarici siyasəti, mədəniyyəti, iqtisadiyyatı, eləcə də İƏT-də tutduqları mövqe haqda tələbələrə mühazirələr oxuyub, onların suallarını cavablandırıblar.

Proqramın sonuncu mərhələsi olan “Regional inkişaf və sülhün əldə olunma­sında beynəlxalq əməkdaşlığın əhəmiyyəti” başlıqlı İƏT xarici işlər nazirlərinin beynəlxalq simulyasiya konfransında gənclər üzv ölkələrin xarici işlər nazirləri statusunda İƏT coğrafiyasında və dünyada baş verən siyasi, iqtisadi və humanitar xarakterli məsələləri müzakirə ediblər.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etməsinə töhfə verməkdir.

AZƏRTAC

17 İyun 2021 05:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə