Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunub

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

"Xalq qəzeti" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.

Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir. Qonaqlara, həmçinin Şuşa səfəri ilə bağlı xatirə medalları təqdim edilib.

15 İyun 2021 19:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə