Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlığımızın keşiyində mübariz bir əsgər kimi

Azərbaycanda son illər aparılan məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də uğurların əldə edilməsinə şərait yaradıb. Ötən ilin martından ölkəmizdə koronavirus infeksiyasının yayılmağa başladığı bir vaxtda Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan operativ qərargahın tövsiyələrinə əsasən görülmüş tədbirlər nəticəsində Azərbaycan bu xəstəlikdən ən az zərər çəkən ölkələr sırasındadır. Səhiyyə sisteminin inkişafı istiqamətində atılan addımlar, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, yeni xəstəxanaların açılması müasir diaqnostik aparatların ölkəmizə gətirilməsi, həmçinin azərbaycanlı gənclərin xarici ölkələrdə tibb üzrə təhsil alaraq Vətənə qayıtması, ümumilikdə səhiyyəmizin inkişafına təkan verən amillərdəndir.

 

Haqqında danışmaq istədiyim implantoloq – üz-çənə cərrahı Vüqar Qurbanov 1986-cı ildə Gəncədə ziyalı ailəsində dünyaya gəlib. Vüqarın həkimliyə sevgisi də ailəsindən gəlir. Babası tanınmış Əməkdar həkim Qurban Qurbanov Azərbaycanda 40 ilə yaxın baş həkim kimi fəaliyyət göstərib. Atası Asif Qurbanov uzun müddət hərbi həkim kimi əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayanıb. Dövlət tərəfindən əməyi yüksək qiymətləndirilən Əməkdar həkim A.Qurbanov hazırda pensiyaçıdır. Vüqarın anası Turan xanım isə bu gün də həkim kimi hərbi hospitalda fəaliyyətini davam etdirir.

Həkim ailəsində böyüyən Vüqar orta məktəbi bitirdikdən sonra tərəddüd etmədən valideynlərinin yolu ilə gedərək ailə ənənəsini davam etdirməyi, həkimlik ixtisasına yiyələnməyi qarşısına məqsəd qoyub. O, 2004-cü ildə yüksək balla Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olub. Tələbəlik illərində öz bilik və bacarığı ilə seçilən Vüqar universiteti fərqlənmə diplomu ilə bitirərək doktoranturaya daxil olub. Tibb üzrə fəlsəfə doktoru elmi adını aldıqdan sonra dövlət proqramı çərçivəsində Türkiyənin Samsun 19 Mayıs Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasında asistent doktor olaraq fəaliyyət göstərib və PHD, yəni tibb üzrə fəlsəfə doktoru təhsilini ikinci dəfə orada tamamlayıb. 2018-ci ildə Vətənə dönərək, üz-çənə cərrahı–implantoloq olaraq fəaliyyətini davam etdirib.

V.Qurbanov bir çox beynəlxalaq konfransda elmi məruzələrlə çıxış edib. On bir elmi məqalənin, 30 posterin müəllifidir. Türkiyə, Yunanıstan, İngiltərə, Makedoniya, İran, BƏƏ-də keçirilən beynəlxalq konfranslarda elmi məruzələri və təqdimatları çap olunub. Dünyanın bir çox cərrahiyyə və implantoloji cəmiyyətlərinin üzvüdür.

Vüqar həkimdən bu uğurlara necə nail olduğunu soruşduqda belə cavab verdi:

– Atam Birinci Qarabağ savaşında hərbi həkim kimi fəal iştirak edib. Müharibənin çox şiddətli dövrlərində, bəzən elə olurdu ki, aylarla atamın üzünü görə bilmirdik. O zamanlar evimizdə bütün yük anamın çiyninə düşmüşdü. Təcrübəmi artırmaq üçün Türkiyəyə getdiyim zaman orada da çətinliklərim oldu. Amma seçdiyim peşəyə sevgi və bağlılığım hər zaman mənə əlavə stimul verirdi və qarşılaşdığım bütün çətinlikləri aşmağı bacarırdım.

Ötən il Azərbaycanda Vətən müharibəsi başlayan gündən könüllü olaraq yaralıların köməyinə gedən V.Qurbanov əsgərlərə vaxtında göstərdiyi kömək üçün özünü dünyanın xoşbəxti sayır. Müharibənin ağır günlərini xatırladıqca, – bu nə kino idi, nə də televiziyada gördüyümüz döyüş səhnələri. Müsahibim sözünə davam edərək bildirdi ki, normal şəraitdə çənə-üz travmaları ilə çox rastlaşmışdım, amma güllə, qəlpə yarası ilə yox. Buna görə də ilk anlarda istər-istəməz həyəcanlanırdım, çünki orada gördüyümüz yaralılar, sülh şəraitindəki yaralılardan çox fərqli idi. 44 gündə biz həkimlər yaralanmış yüzlərlə, minlərlə qorxmaz əsgərlə qarşılaşdıq, onların qəhrəmanlıqları ilə qürur duyduq. Bilirsinizmi, həkimlərimiz həmin cəsur oğlanlarımızı sağaltmaq, ağrı-acılarını bir az da olsa azaltmaq üçün necə mübarizə aparırdılar?

Əvvəlcə Gəncə Beynəlxalq Xəstəxanasında və oradakı Abbas Səhhət adına şəhər xəstəxanasında, daha sonra isə Füzulidə Diaqnostika Mərkəzində yaralı əsgərlərimizə kömək göstərən Vüqar Qurbanov vurğuladı ki, bəzən deyirlər, cərrahlar hərbi şəraitdə özlərini sübut edirlər. Amma könüllü olaraq bu prosesə qoşulan həkimlərimizin fikirləri fərqli idi. Biz çalışırdıq ki, zərəri minimuma endirək, ən müasir avadanlıqlardan istifadə etməklə uğurlu nəticələr alaq, bütün yaralıları sağaltmağa nail olaq.

Qeyd edək ki, Vüqar həkim 44 gün ərzində təkcə müharibədə yaralananların deyil, cəbhədən xeyli uzaqda yerləşən doğma Gəncənin nasist ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində dağıntılar altında qalan mülki vətəndaşların da imdadına yetişib. O, həmin günləri xatırlayarkən bunları dedi:

– Gəncədə 4 dəfə böyük partlayış oldu. Hətta iki mərmi xəstəxanamızın yaxınlığına düşdü. Partlayışdan 10 dəqiqə sonra mən artıq hadisə yerində idim. Orada dağıntıların altından uşaqları, köməksiz qalan insanları çıxardıq, qısa müddətdə 20–25 yaralını xəstəxanaya təxliyə edə bildik.

Hərbi həkim kimi çalışdığım dövrdə Şəki şəhərindən olan İlkin adlı yaralını isə heç zaman unutmayacam. Düz 8 saat onu əməliyyat etdim, çox böyük travma almışdı.

Əsgərin üzünün göz nahiyəsindən boynuna doğru böyük bir ağac parçası batmışdı və möcüzə nəticəsində gözü zədələnməmişdi. Mən onu elə səliqəli şəkildə əməliyyat etməli idim ki, gözü və həyati orqanları ziyan görməsin. Əslində, həmin xəstə Gəncəyə gəldikdə heç kim inanmırdı ki, biz ona kömək edə bilərik. Çox düşündük ki, bəlkə Bakıya göndərək, amma vaxt itirmək olmazdı, xəstənin nəfəs almasında da ciddi narahatlıq var idi. Bəlkə də cavanlığımdan, çılğınlığımdan irəli gəldi ki, anidən qərar verdim və 5 saatlıq əməliyyatdan çıxmağıma baxmayaraq, xəstəni əməliyyata hazırlamalarını söylədim. Əməliyyat ciddi bir heyət tərəfindən həyata keçirildi. Çox şadam ki, bu briqadada aparıcı həkimlərdən biri də mən oldum. Həmin əməliyyatı uğurla bitirdikdən sonra bütün tibbi heyət bir-birini qucaqlayıb təbrik etdi. Daha sonra xəstəni üç gün Gəncədə saxlayıb, Bakıya təxliyə etdik.

Vüqar Qurbanov Vətən müharibəsini Qələbə ilə bitirdiyimizə görə qürur duyur. Axı bu qələbədə onun və həkim yoldaşlarının da böyük payı var. Neçə-neçə igid əsgərimizi ölümün pəncəsindən qurtarıb onlara ikinci həyat verən, yenidən döyüşçü yoldaşlarının yanına qayıtmağa yardım göstərən ağ xalatlı həkimlərimiz, doğrudan da, misilsiz hünər göstərdi. Bir xüsusi nüansı da qeyd edim ki, Gəncədə olanda Türkiyədən gənc könüllülərdən ibarət bir həkim ordusu bizə dəstəyə gəldi, onların çox faydasını gördük.

Onu da deməliyəm ki, Füzulidə çox öndə olan qorxmaz həkimlərimiz var idi ki, onlar hərbi səhra cərrahiyyəsi sistemində çalışırdılar, orada əməliyyat edirdilər. Oradakı tibb personalının əməyini sözlə ifadə etmək çox çətindir. O özü bu barədə belə düşünür:

– Bu qələbəni bizə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun qəhrəman əsgərləri, xalqın birliyi bəxş etdi. Müharibənin ilk günlərindən dövlət başçımızın necə əzmlə mübarizə apardığını gördük. Xarici media nümayəndələri ilə görüşündə hər dəfə Prezidentimiz Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını, torpaqlarımızın tam azad edilənə qədər müharibəni davam etdirəcəyimizi bütün dünyaya bəyan edirdi. Təsəvvür edin ki, əməliyyat vaxtı işimizi dayandırmadan televiziyanı qoşub Ali Baş Komandanın çıxışını, tvitlərini gözləyirdik ki, görək bu gün hansı ərazimiz azad olunub?

Şəhid olan hərbçilərimizin sırasında həkimlərimiz də az deyildi. Onların aralarında diş həkimləri, üz-çənə cərrahları da vardı. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Əsl həkim hər xəstə ilə yaşayıb öləndir. Bəli, Vüqar Qurbanov əsl həkim olmaqla bərabər əsl vətəndaş olmağı da bacardı. Yaradanın özündən sonra, həkimlərə bəxş etdiyi xilasedici, həyata qaytaran kimi müqəddəs bir missiyasını yerinə yetirərək, Vətən savaşında da əsl həkim kimi davranaraq, yaralı əsgərlərimizə həyat verdi. Vüqar həkim bu gün də öz peşəsinə sadiq qalaraq ona müraciət edən xəstələrin, o cümlədən mənim də sağlamlığımın bərpası üçün əlindən gələni etmişdir və bu günə qədər çox ciddi nəzarətdə saxlayır.

Keçdiyi şərəfli ömür yolu, müharibənin ağır dövrlərində öyrəndikləri bu gün dinc şəraitdə onun çox köməyinə gəlir. Həkim xəstəsinə müştəri kimi yox, pasiyent kimi baxırsa, deməli o güclü mütəxəssisdir.

Uğurlarınız davamlı olsun, həkim! Vüqar həkimin timsalında sağlamlığımızın keşiyində dayanan, şəxsən mənim ağır xəstəliyimlə bu günə qədər mübarizə aparan onkoloq Tahir Tahirovu, Oksana Abbasovanı, Əlövsət İsayevi, Afətxanım İbrahimovanı, Adil Cümşüdovu və bütün tibb işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edir, yorulmaz fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıram.

Rəfiqə ƏSGƏROVA,

 “Xalq qəzeti”

15 İyun 2021 01:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə