Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan səhiyyəsi bütün növ virusların qarşısını almağa qadirdir

 

Operativ qərargahın COVID – 19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar, onların icrasına ciddi nəzarətin tətbiq edilməsi və vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində yoluxma sayında enmə müşahidə edilir. Eyni zamanda, bu tendensiyanı peyvəndləmə prosesində də izləyirik və hazırda vaksinasiya yüksək sürətlə davam edir. İndiyədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 800 minə yaxınlaşır. MDB ölkələrində koronavirus infeksiyası ilə bağlı vəziyyət haqqında birliyin icraiyyə komitəsinin saytında yerləşdirilmiş informasiyaya görə, vaksinlənmiş sakinlərin sayının əhalinin ümumi sayına nisbətinə görə birinci yeri Rusiya, ikinci yeri isə Azərbaycan tutur.

Hazırda yay aylarına qədəm qoyuruq. Həmişə olduğu kimi, yenə də mövsüm dəyişiklikləri ilə bağlı bir sıra xəstəliklər baş qaldı­rıb. Qəribədir ki, illər əvvəl yalnız soyuq aylarda aktivləşən yoluxma­lar hazırda ilin bütün fəsillərində müşahidə edilir. Mövsüm dəyişiklikləri zamanı baş verən xəstəliklər barədə mütəxəssislər nə qədər açıqlamalar versələr də, vətəndaşları maarifləndirməyə çalışsalar da, görünür ki, bunun təsiri az olub. Belə olmasaydı, dövlətin koronavirusa qarşı gör­düyü bu qədər mübarizə tədbirləri nəticəsində indiyədək ölkəmiz virusa qalib gəlmiş olardı.

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva ilə koronavirusa qarşı mübarizədə həm əldə edilən müsbət nəticələr, həm də hazırda ən çox uşaqlar arasında yayılmış, eyni za­manda, digər virus infeksiya­ları ilə bağlı söhbətləşdik. Son vaxtlar müşahidə edilən əksər xəstəliklərin mənbəyinin də məhz virus infeksiyaları olduğu­nu vurğulayan Yazgül Abdıyeva dedi:

– İqlim dəyişkənliyi insan orqanizminə təsirsiz ötüşmür. Eləcə də mövsüm dəyişiklikləri zamanı virus mənşəli xəstəliklərə, xüsusilə, müxtəlif virusların ya­ratdığı qripə uşaqlarda daha çox rast gəlinir. Ümumiyyətlə, son illər virusların sayı həddən artıq çoxa­lıb. Nümunə üçün deyə bilərəm ki, 20 il bundan əvvəl həkimlərimizin 30 virus haqqında məlumatı var idisə, indi onların sayı 500-ə çatıb. Virusların elə müxtəlif növləri əmələ gəlib ki, tibbə hələ məlum deyil. Onların ən dəhşətli xüsusiyyəti ondan ibarətdir ki, çox asanlıqla inkişaf edir və yayılır. Məsələn, xəstə bir insan asqır­dıqda, o, həmin məkanda olan hər kəsi, o cümlədən də uşaqları yoluxdura bilər.

Virusların yaz-payız ayların­da aktivləşmə səbəbi sadədir. Ona görə ki, viruslar soyuq havada məhv olmurlar və immu­niteti zəif olan uşaqlar tez-tez xəstələnirlər. Belə uşaqlarda istər anadangəlmə, istərsə də sonradan qazanılma immunitet zəif olur. Əlbəttə, virus özü ağır infeksiyadır. COVID – 19 pande­miyasından danışsaq, deyə bilərik ki, əvəllər koronavirus, bəlkə də tək-tək hallarda böyüklərdə və ya uşaqlarda olub. Lakin həmin virus haqqında geniş məlumatımız olmadığına və alimlər bu virus barədə öz sözlərini demədiklərinə görə biz də, vətəndaşlarımız da xəbərsiz olmuşuq. Fikir vermisinizsə, bəzi insanlar deyirlər ki, bəlkə də məndə koronavirus olub, bilməmişəm və ayaqüstü keçirmişəm. Çünki indiyədək ədəbiyyatda bu virusun adı olsa da, həkimlərin praktiki məlumatı olmayıb. Xoşagəlməz hal o oldu ki, bu virus qəflətən az müddət ərzində bütün dünyanı bürü­dü. Həkimlər müxtəlif virusların yaratdığı qrip xəstəliklərini çox görüblər. Bu qriplərin epidemi­yası da olub. Vaxtilə ən çox qış aylarında insanlar qripə tutulur, hətta işə çıxa bilmirdilər, uşaq­lar məktəbdən qalırdı. Lakin bu dərəcədə olmurdu. Onu da deyək ki, əvvəllər qripdən ölüm hadisəsi nadir hallarda, adətən xroniki və yaxud irsi xəstəliyi olan uşaqlar arasında baş verirdi.

– İndi vəziyyət əvvəlki illərdən fərqlidir. Hazırda tibbin xəstəliyə qarşı mübarizədə ən birinci vəzifəsinin profilaktik tədbirlər olduğunu deyirlər...

– Profilaktika xəstəliyə yo­luxmamaq üçün ən önəmlü üsul olmaqla, ilk sırada gigiyenik qaydalara əməl etməkdir. Yadı­nızdadırsa, pandemiyadan öncə də virusa yoluxanlara deyilirdi ki, maska taxın. Maska müəyyən qədər virusun ətrafa yayılmasının qarşısını alırdı. Qrip olanlar ev şəraitində müalicə alırdı, başqaları ilə kontaktda olmurdular. Əlbəttə ki, qripin də vaksinasiyası var. Əvvəllər ölkəmizə Rusiyadan və digər ölkələrdən vaksinlər gətirilirdi. Tez-tez xəstələnən uşaq­lara poliklinikalarda qripə qarşı 6 aydan bir bu peyvəndlər vurulur­du. Hətta valideynlər özləri maraq­lanırdılar ki, növbəti vaksinlər nə vaxt gələcək? Yəni peyvəndlənən uşaqlar bu vəziyyətdə bir dəfə də xəstələnməzdi. Ancaq peyvənd vurulmayan uşaqlar 2-3 aydan bir xəstələnirdi. İndi baxın, fərq nə qədərdir? Əlbəttə, hər bir infeksiya uşaqlara mənfi təsir göstərir. Onlar inkişafdan geri qalır, immunitetləri zəifləyir. Hələ o zamandan anafe­ron və erqaferon dərmanları var ki, bunlar həm müalicə, həm də pro­filaktik cəhətdən daha məsləhətli idi. Həmin dərmanlardan istifadə edənlər ya qripə heç tutulmurlar, ya da xəstəliyi yüngül keçirirlər. Bunlar sınaqdan çıxmış prepa­ratlardır. Amma unutmayaq ki, heç bir dərmanın 100 faizlik təsiri yoxdur. Belə preparatlar ancaq virusların orqanizmə təsirinin müəyyən qədər qarşısını alır və müsbət nəticəsini də görürük.

Həkimlər əvvəlki illərdə fikirləşirdilər ki, qrip kimi yolux­malar fəsil xəstəliyidir. Ancaq alimlər son zamanlar sübut elədi ki, viruslar havada il boyu olur. Lakin ona soyuq havalarda böyük miqdarda, isti aylarda isə tək-tək rast gəlinir. Qripə qarşı mübarisə üçün insanları maarifləndirmək vacib şərtlərdən biridir. Bəzən olur ki, insanlar həkim deyənə inanmır, ona riayət eləmirlər. Zəiflik, halsız­lıq, qızdırma xəstəni narahat edir. Ən böyük səhv isə odur ki, qripə tutulmuş şəxslər evdə qalaraq, müvafiq müalicə almaq əvəzinə işə getməkdə davam edir və həm yol boyunca, həm də kollektivdə ətrafındakıları infeksiyaya yolux­dururlar.

– Necə düşünürsünüz? Xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına düzgün əməl edilməsi qədər qidalan­maya da ciddi riayət olunması vacibdirmi?

– Vacibdir. Çünki virusa qalib gəlmək üçün hər bir insan, necə deyərlər, özünün həkimi olmalı və orqanizminin müdafiə qabiliyyətini artırmalıdır. Vitaminlərlə zəngin olan meyvə-tərəvəzlərdən istifadə etmək, əlləri tez-tez yumaq, hərarət yüksək olduqda isə yüngül qidalardan istifadə edilməlidir. Çox isti paltar tərləməyə səbəb oldu­ğundan yüngül geyimlərə üstünlük vermək lazımdır. Amma bütün mübarizə tədbirlərinə baxmaya­raq, əgər xəstə qripi ağır keçirirsə, o zaman təcili yardıma və ya ərazi poliklinika həkiminə müraciət olun­malı və müvafiq müalicə tədbirləri həyata keçirilməlidir.

– Xüsusi karantin rejiminin tətbiqi sayəsində əldə olunmuş müsbət tendensiya barədə fikriniz...

– Azərbaycanda COVID – 19 virusuna qarşı mübarizə tədbirləri davam edir. Virusa yoluxanların müayinə və müalicəsinə xüsusi diqqət yetirilir. Qeyd edək ki, əldə edilən müsbət tendensiyanın saxlanılması yalnız mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür. Təəssüf ki, bəzi restoran sahibləri xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə xüsusi karantin rejiminin qaydalarını pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaratmışlar. Operativ qərargah bildirib ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək. Xatırladaq ki, gün keçdikcə, yoluxma sayının azalması, sağalanların sayının yoluxanları üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq, mayın 31-dən xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlanılıb. İyunun 10-dan isə iri ticarət şəbəkələri, məscidlər və digər qapalı yerlərin fəaliyyəti bərpa edilib.

Hər kəs çalışmalıdır ki, bu tendensiyanı qorusun. Qapalı məkanlarda qorunma şərtlərinə ciddi əməl etməklə istədiyimizə nail ola bilərik.

Müsahibəni apardı:Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

15 İyun 2021 01:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə