Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmat taxtasını rəqiblərinə dar edən azərbaycanlı ustalar

 

 

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən şahmat üzrə “2021 Superbet Chess Classic” çempionatı azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun inamlı çıxışı ilə əlamətdar olub. Dünyanın ən güclü şahmatçılarının və ev sahibi olan iki oyunçunun qatıldığı mötəbər turnirdə ard-arda uğurlu nəticələrə imza atan Ş.Məmmədyarov son turun nəticəsinə görə çempionatın lideridir.

Qeyd edək ki, azərbaycanlı qrossmeyster 8 oyuna 5,5 xal toplayıb. Şəhriyar 5,6 və 7-ci turlarda qələbə qazanıb. Beşinci dövrədə rumın usta Konstantin Lupuleskudan üstün olan Şəhriyar 6-cı turda erməni rəqibi Levon Aronyanı məğlub edib. Oyunun əvvəlindən təşəbbüsü ələ alan həmyerlimiz prinsipial qarşılaşmanın 41-ci gedişində rəqibini təslim olmağa məcbur edib. Ş.Məmmədyarov sonrakı turda reytinq sıralamasında dünyanın ən güclü ikinci şahmatçısı olan, son dünya çempionatı oyununun iştirakçısı Fabiano Ka­ruanodan üstün olub. Oyunda Məmmədyarov qara fiqurlarla qalib gəlib. Turnirdə iştirak edən digər həmyerlimiz Teymur Rəcəbovun da çıxışını uğurlu hesab etmək olar. Belə ki, Teymur indiyədək məğlub olmayıb.

Xatırladaq ki, “Superbet Chess Classic” pandemiyadan sonra üz-üzə keçirilən ikinci böyük şahmat turniridir. Ənənəvi qaydada ilk olaraq namizədlər turniri keçirilmiş və rusiyalı şahmatçı Yan Nepomnyaşşi bütün rəqiblərini qabaqlayaraq dünya çempionatının final oyununa çıxmağa haqq qazanmışdı. Qeyd edək ki, rusiyalı qrossmeyster titul oyununda dünya çempionu və FİDE sıralaması üzrə birinci Maqnus Karlsenlə qarşılaşacaq.

İmran ƏLİYEV, “Xalq qəzeti”

15 İyun 2021 01:02 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə