Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Son zəng” qaydalara uyğun keçirildi

Dünən məktəblərdə dərs ilinin sona çatması ilə əlaqədar ənənəvi “Son zəng” keçiril­di. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar veril­mişdi.

Tədbirlər Nazirlər Kabineti yanında opera­tiv qərargahın razılığı nəzərə alınaraq, xüsusi qaydalara əməl edilməklə təşkil olunmuş­dur. Belə ki, tədbirlər təhsil müəssisəsinin həyətində, sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saat davam et­mişdir. Tədbirlərdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllimlər iştirak etmişlər. 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində tədbir iki mərhələdə, günün müxtəlif vaxtlarında keçirilmişdir.

Biz Bakı şəhəri 1 nömrəli məktəbdə keçirilən tədbirdə iştirak etdik. Məktəbin həyətində təşkil olunmuş tədbirdə çıxış edən məktəbin direktoru Elida Rzayeva qonaqları salamlayaraq məzunları təbrik etdi və təhsil müəssisəsi haqqında ümumi məlumat verdi.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fuad Əsgərov məzunları təbrik edərək onlara uğurlar arzuladı. Bildirdi ki, son illər Azərbaycanda təhsil sahəsində bir sıra layihələr reallaş­dırılmışdır. Pandemiya dövründə də təhsil prosesi onlayn qaydada davam etdirilmişdir. Bütün çətinliklərə baxmayaraq, məktəblər öz vəzifələrini uğurla yerinə yetirmişlər.

Tədbirin sonunda bədii kompozisiya nümayiş etdirildi. “Son zəngi” isə məktəbin I sinif şagirdi, şəhid övladı Ayan Ağayeva səsləndirdi.

Məlumat üçün bildirək ki, 2020–2021-ci tədris ilində respublikamızın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. Respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər başa vurub.

2021–2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

15 İyun 2021 01:00 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə