Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərə, Avstriya və Hollandiya Avro – 2020-yə qələbə ilə başladılar

Bütün kontinenti əhatə edən möhtəşəm Avro–2020 futbol həyəcanı davam edir. Turnirin hər bir oyunu yeni bir tarixə çevri­lir. İyunun 13-də Londonda, Budapeştdə və Amsterdamda keçirilən qarşılaşmalar da istisna olmadı.

Bazar gününün ilk futbol qarşılaş­ması D qrupunun iki favoriti – İngiltərə və Xorvatiya milliləri arasında oldu. “Uembli”də keçirilən qarşılaşma həqiqətən klassika idi. İngiltərə millisi Avropa çempionatı turniri tarixində ilk dəfə start matçında qələbəyə sevindi. Bu tarixi oyunda Xorvatiya mübarizə əzmi ilə seçilsə də məğlubiyyətdən qur­tula bilmədi. Lakin məğlub olmalarına baxmayaraq, baş məşqçi Zlatko Daliçin yetirmələri müdafiədə çox inamlı oyun nümayiş etdirdilər. İngiltərə millisinin oyunçuları birinci hissədə demək olar ki, elə bir qol vəziyyəti yarada bilmədilər. Həlledici məqamda isə Qarit Sautqeytin yığmasına “Lids” klubunun yetirməsi Kelvin Fillips köməyə gəldi.

Yeri gəlmişkən, İngiltərə və Xorva­tiya milliləri arasında ilk rəsmi qarşı­laşma Millətlər Liqasının 6-cı turunda baş tutmuşdu və həmin oyunda da ingilislər 2-1 hesabı ilə qalib gəlmişdilər. Buna qədər isə bu yığma komandalar 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatında görüşmüşdülər və elə o zaman da Böyük Britaniya krallığı­nın təmsilçiləri 2-1 hesablı qələbə ilə azarkeşlərini sevindirmişdilər.

Əslində, futbolsevərlər Avro–2020 turnirində İngiltərə yığmasından çox şey gözləyirlər. Qaret Sautqeytin yetirmələri demək olar ki, bütün siyahılarda Fransa və Belçikadan sonra üçüncü yerdədirlər. Ancaq bazar günü keçirilən qarşılaşma­dan və “skuadro adzurro”nun Türkiyə, Belçikanın Rusiya ilə möhtəşəm oyun­larından sonra buna inanmaq bir qədər çətindir. Onu da nəzərə almaq lazımdır ki, turnir hələ yeni başlayır və Xorvatiya ilə oyunda da İngiltərə millisinin Cessi Linqard, Harri Maquayr və Bena Qodfri kimi əzmkar oyunçuları meydana çıx­madılar. Cordan Hendersonu əvəzləyən Kelvin Fillips isə çox əla oyun nümayiş etdirdi və İngiltərənin Rəhim Sterlinqlə Avro–2020-də vurduğu ilk qolun ötürməsini öz adına yazdırdı.

Bütün bunları nəzərə alsaq, yəqin ki, İngiltərə millisi turnirin gedişində özünün təsadüfdən favoritlər sıra­sında olmadığını əzmkar oyunu ilə göstərəcək. Sautqeytin yetirmələri bunu etməyə sadəcə borcludurlar, yox, əgər Xorvatiya ilə qarşılaşmada nümayiş etdirdikləri səviyyədə oyun göstərsələr dörddə bir qarşılaşmadan o yana keçə bilməyəcəklər.

Buxarestdə keçirilən qarşılaşma­da isə Avropa çempionatının final mərhələsinə Finlandiyadan sonra vəsiqə alan 35-ci ölkə Şimali Makedo­niya ilə Avstriya millisi qarşılaşdı. İlk dəfə Avro futbol çempionatının final mərhələsinə vəsiqə qazanan qürurlu makedoniyalılar sözün əsl mənasında əzmkar bir oyun nümayiş etdirərək turnirə təsadüfdən düşmədiklərini göstərdilər.

Əslində makedoniyalılar 2008 və 2016-cı illərdə keçirilən Avropa turnirlərində bir qələbə belə qazanma­mış komanda ilə qarşılaşırdılar. Doğru­dur, Avstriya millisi seçmə mərhələdə Makedoniyanı iki dəfə məğlub edərək birbaşa finala çıxıb. Lakin martda 2022-ci il Dünya Çempionatının seçmə mərhələsində rəqib meydanında Al­maniya kimi klubu məğlub edən Qoran Pandevin kapitanı olduğu komandaya ötəri baxmaq da doğru olmazdı.

Hər iki tərəfin hücumları ilə başlayan oyunun 18-ci dəqiqəsində avstriyalıların heyətində ən fəallardan olan Ştefan Layner sol cinahdan ötürülən topu qola çevirdi: 0-1. Ancaq 10 dəqiqə sonra avstriyalıların qolkiperi Daniel Bahmann və kapitan David Alaba öz cərimə mey­danlarında kobud səhv etdilər. Özünü yetirən Qoran Pandev çox asanlıqla topu tora qovuşdurdu: 1-1.

İkinci hissədə Avstriya yığmasının kapitanı David Alaba sol cinahdan topu götürüb uzun məsafə qət etdi və düz Stol Dmitrevskinin qoruduğu qapı­nın qarşısına ötürdü. Bir qədər əvvəl meydana çıxan Mixael Qreqor cərimə meydançasının mərkəzində qəbul etdiyi ötürməni qola çevirdi: 1-2.

Əsas vaxtın qurtarmasına bir neçə dəqiqə qalmış Marko Arnautoviç 3-cü topu makedoniyalıların qapısından keçirdi. Beləliklə, Avstriya 3-1 hesabı ilə makedoniyalılara qalib gələrək, C qru­punda Hollandiya – Ukrayna millilərinin qarşılaşmasına qədər 3 xalla turnir cədvəlində birinci pilləyə qalxdı.

Günün son qarşılaşması Hollandi­ya millisi ilə Ukrayna millisi arasında Amsterdamın “Yohan Kroyf Arena” stadionunda keçirilən matçı oldu. Rəsmi oyunlarda ilk dəfə qarşılaşan komandalar sözün əsl mənasında çox parlaq futbol nümayiş etdirdilər.

Artıq birinci hissənin 10-cu dəqiqəsində komandaların hər ikisi qola yaxın oldu. Ancaq qolkiperlər son dərəcə etibarlı oyun nümayiş etdirərək qapılarını toxunulmaz saxladılar. Qarşılıqlı hücumlar 45 dəqiqə davam etsə də, hollandiya millisi əksər vaxtda meydanda üstün oyun nümayiş etdirirdi. Hollandiya yığmasının ən yaxşılarından olan Memfis Depay və Denzel Damf­ris ukraynalıların qapısına təzyiqi bir dəqiqə belə dayandırmadılar.

İkinci hissə də Holandiya millisinin təzyiqləri ilə başladı. Lakin sürət birinci hissədə olduğu kimi deyildi. Baş məşqçi Frenk De Bur meydançanın kənarından bir an belə çəkilmirdi. Kapitan Jorjino Veynaldum bu qarşılaşmada Hollan­diyanın əsl lideri kimi komandasını əzmkar oynu ilə daha sürətli oynamağa səsləyirdi. Artıq “Liverpul” klubun­dan Fransanın “PSJ” klubuna keçidi rəsmiləşən yarımmüdafiəçi ukraynalı­ların qolkiperinin geri qaytardığı topu boş qapıdan keçirməklə oyunda hesabı açdı. Altı dəqiqədən sonra Veqhorst mil­lisinin ikinci qolunu Andrey Şevçenko­nun baş məşqçisi olduğu komandanın qapısından keçirdi: 2-0.

Hollandiyalılar təzyiqi dayandır­madılar, ancaq 75-ci dəqiqədə ukray­nalıların kapitanı Andrey Yarmolenko topu uzaqdan “narıncıların” qapısının doqquzluğundan keçirib çempionatın hələ ki, ən gözəl və baxımlı qoluna imza atdı. Yalnız bundan sonra Ukray­na millisinə sanki yeni qüvvə gəldi və ardı-arası kəsilməyən sürətli hücumlara başladı. Cəmi 4 dəqiqə sonra Roman Yaremçuk hollandiyalıların qapısı önünə yüksəldilmiş topu tora qovuşduraraq hesabı bərabərləşdirdi: 2-2. Ukrayna millisinin sevinci uzun çəkmədi. Oyunun 85-ci dəqiqəsində Damfers dəqiq zərbə ilə topu ukraynalıların qapısının küncünə vurdu və komandasının 3-2 hesablı qələbəsini təmin etdi.

Beləliklə, C qrupunda Avstriya və Hollandiya milli komandaları hərəyə 3 xalla müvafiq şəkildə 1-ci və 2-ci yerlərdə, Ukrayna və Şimali Ma­kedoniya isə 3-cü və 4-cü yerlərdə qərarlaşdılar.

Dünən isə D qrupu kvartetinin bi­rinci turunun qalan bir oyunu Bakı vaxtı ilə saat 17:00-da Qlazqoda Şotlandiya və Çexiya milli komandaları arasında keçirilib.

Çexiya millisi gərgin keçən matç­da Şotlandiya yığma komandasının qapısından iki cavabsız top keçirərək Avro2020-də ilk qələbəsini qazandı. Hər iki topu Çexiya yığmasının hücumçusu Patrik Şik vurdu. Patrikin birinci qolu sı­radan bir qol idi: birinci hissənin sonuna yaxın sağ cinahdan hava ötürməsinə yüksələn Şik topu başı ilə uzaq küncə vurdu: 1-0. Çexiya hücumçusunun və Almaniyanın “Bayer” klubunun heyətində forma geyən Şikin ikinci qolu isə sadəcə fantastika oldu.

Şotlandiyalı oyunçu Cek Hendrinin qaytardığı top Şikin qarşısına düş­dü. 25 yaşlı forvard topu meydanın mərkəzindən birbaşa qapıya vurdu. Şik rəqib qolkiperin qapıdan çox uzağa çıxdığını gördü və topu asma zərbə ilə onun arxasına vurdu. Qapıçının geriyə qaçması heç bir nəticə vermədi. Top qapıda idi: 2-0.

Futbol statistikası göstərir ki, Avropa çempionatları turnirində belə uzaq məsafədən heç vaxt qol vurulmayıb. Şik topu 45,44 metrdən qapıya vurdu – bu Avropa turnirlərinin yeni rekordu oldu. Buna qədər bu rekord 35,3 metr məsafə ilə almaniyalı futbolçu Torsten Frinqsə məxsus olub.

Xatırladaq ki, 2 topla 3 xal qaza­nan çex millisi, İngiltərə və Xorvatiya millilərinin yer aldığı D qrupunun liderliyinə yüksəldi.

Həmin gün baş tutan E qrupunun oyunları da böyük maraqla qarşılanıb. Bakı vaxtı ilə saat 20:00-da Rusiya Federasiyasının ikinci paytaxtı sayılan Sankt-Peterburqun “Qazprom Arena” stadionunda qrupdan qalib çıxmağa iddialı olan Polşa və Slovakiya milliləri arasında keçdi.

Sankt Peterburqda keçən Pol­şa – Slovakiya qarşılaşması isə Avro tarixinə iki antirekordla yazıldı. Ümumi götürəndə bu milli komanda­lar Avropa futbolunun orta səviyyəli yığma komandaları sayılırlar. Onlar final mərhələsində “play-off”a çıx­maq məqsədi ilə mübarizə aparırlar. Azarkeşlər və bukmekerlər oyunun favoriti kimi Polşanı qeyd edirdilər. Lakin Avro-2020 öz sürprizləri ilə hələ çoxlarını məyus edəcək.

Qarşılaşmanın 18-ci dəqiqəsində slovakların forvardı Robert Mak sol cinahdan iki müdafiəçini keçərək yaxın küncə qüvvətli zərbə endirdi. Polyak­ların qolkiperi təcrübəli Voysex Şesni uğursuz oynadı və dirəkdən qayıdıb ona dəyən top qapıya girdi: Slovaki­ya-1, Polşa -0.

Doğrudur, qarşılaşmanın ikinci hissəsinin elə ilk dəqiqəsində “ağ qartallar” Linettinin qolu ilə hesabı bərabərləşdirdilər. Lakin bir neçə dəqiqədən sonra ikinci sarı vərəqə alan yarımmüdafiəçi Qjeqoj Krıxovyak meydandan qovuldu və Polşa millisi çətin vəziyyətə düşdü. Sürətli hücum­larla polşalıları qapılarına sıxışdıran slovakiyalılar 69-cu dəqiqədə standart vəziyyətdən ustalıqla istifadə edib Milan Şkrınyarın qolu ilə hesabda irəli çıxdılar: 2-1. Oyun bu hesabla da bitdi.

“Opta Joe”nin məlumatına görə polşalıların qolkiperi Şesnıy Avropa çempionatları tarixinə topu öz qapısına vuran ilk qapıçı kimi düşdü. Oyunun 62-ci dəqiqəsində qarşısında qırmızı vərəqə görən polşalı yarımmüdafiəçi Qjeqoj Krıxovyak isə Avro-2020-də oyundan qovulan birinci oyunçu oldu.

İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

15 İyun 2021 00:56 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə