Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər öz böyük əməlləri ilə xalqın sonsuz sevgisini qazanmışdı

XX əsr Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlayan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb, uğurları, itkiləri, tərəqqi və inki­şafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər: Heydər Əliyev. Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət, millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider.

Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətən – Azərbaycan taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı. Azərbaycan üçün Heydər Əliyevin varlığı taleyin Tanrı payıdır.

 

Mehriban ƏLİYEVA

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 

 

Dünya siyasətçiləri, tanınmış politoloqlar Heydər Əliyev fenomeninə qiymət verilməsi istiqamətində müxtəlif fikirlər söyləmiş, araşdırmalar aparmışlar. Heydər Əliyevin böyüklüyünü, dünyamiqyaslı lider olduğunu onun siyasi rəqibləri də açıq etiraf edirlər. Zaman keçdikcə, bizi bu böyük insandan ayıran vaxt intervalı artdıqca, onun Azərbaycan üçün, xalqımız üçün etdiyi xidmətlər, gördüyü işlər daha aydın dərk olunacaq, onun Qafqaz regionu, MDB məkanı üçün əhəmiyyəti layiqincə qiymətləndiriləcək. Ümummilli liderimizin tarixi irsi, idarəçilik, dövlət quruculuğu təcrübəsi, konfliktləri həll etmək bacarığı, ölkədə və cəmiyyətdə sülhü və harmoniyanı təmin etmək tədbirləri və s. Azərbaycan və dünya siyasi elmi tərəfindən öyrənilir, tədqiq edilir, ümumiləşdirilir. Bu gün artıq cəsarətlə demək olar ki, Heydər Əliyev irsi dünya siyasi elminin, politoloji fikrin qiymətli nailiyyətinə çevrilib. Heydər Əliyev Azərbaycan xalqının bütün tarixi boyu yetirdiyi ən qüdrətli tarixi şəxsiyyətdir.

 

 

Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoydu­ğu düşünülmüş və məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyev Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə çıxarmaq üçün olduqca gərəkli siyasi, iqtisadi qərarlar qəbul etdi. Ulu öndər Azərbaycanın uğurlarının neft strategiyası ilə bağlı oldu­ğunu bilirdi, buna görə də "28 May", "Günəşli" yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün əvəzolunmaz bazadır. Yəni ulu öndər imperiyanın milli ruhu sıxdığı illərdə də Azərbaycan üçün müstəsna əhəmiyyəti olan böyük işlər gördü.

Azərbaycan hələ İttifaq tərkibində olanda Heydər Əliyevin təşəbbüsü ilə respublikada nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə ilk infrastruktur, Radiasiya Tədqiqatları Sektoru ya­radıldı. Ulu öndər nüvə enerjisinin dinc məqsədlərlə istifadəsini həm də iqtisadi inkişafda vasitə bilirdi, elmi işlərin davamlılığına diqqətlə yanaşırdı, onun Azərbaycanda aktual elmi-texniki sahə kimi inkişafına xüsusi şərait yaradırdı. Ozon zavodu, Radiozavod, Məişət Kondisionerləri zavodu və s. kimi nəhəng sənaye müəssisələrinin açılması Azərbaycanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Həmin illərdə Azərbaycanda ən müasir və güclü radioizo­top mənbə kompleksi, elektron sürətləndiriciləri, müasir fiziki və kimyəvi laboratoriyalar yaradılmış­dı.

Heydər Əliyev hakimiyyətdə olduğu illərdə kadr siyasətini həmişə diqqətdə saxlayırdı. O illərdə yüzlərlə azərbaycanlı gəncin ittifaqın müxtəlif elm və təhsil ocaqlarında oxumaları təmin edildi. Mənbələrə istinadən deyə bilərik ki, o dövrlərdə Azərbaycan SSRİ-nin nüvə məktəblərində hazırlıq keçən gənclər, universitet, aspirantura təhsili almağa göndərilirdi. Yüzlərlə gənc Moskvanın, Obninskin nüvə sahəsində fəaliyyət göstərən insti­tutlarına da ezam edilmişdi.

Dövrün siyasət nəhəngi kimi tanınan Heydər Əlyev çətinliklə də olsa, Bakıda ibtidai hərbi məktəbin yaradılmasına nail oldu. Bu gün həmin məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlanır. Bu məktəbin məzunları keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində, o cümlədən, Bakıda ali hərbi təhsil alırdılar. Məzunların böyük əksəriyyəti istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində mərdliklə döyüşdü və ali mükafatlara layiq görüldü .

Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xalqa arxala­nırdı, xalqı dövlətçilikdə böyük qüvvə bilirdi. Məhz buna görə Azərbaycanda hakimiyyətdə olduğu illərdə xalqın iradəsinidə, xalqın dövlətçiliyə etimadını da, sədaqətini də yüksək dəyərləndirirdi. Buna görə də azərbaycançılığı ya­şam fəlsəfəsi kimi qəbul edən böyük tarixi şəxsiyyəti xalq son­suz məhəbbətlə sevir, onun hər kəlməsini müdrikcəsinə deyilmiş kəlam bilirdi...

Ermənistanın Azərbaycandan ərazi iddiası, bu iddianı Moskva­nın da dəstəkləməsi, ermənilərin Topxana meşəsində ağacları qıra­raq yerində zavod tikmək niyyəti respublikamızda böyük hiddətlə qarşılanmışdı. O vaxt milli-azadlıq hərəkatı yeni müstəviyə keçiril­di. Bu, ilhaq əleyhinə mübarizə, azadlıq hərəkatı idi. Rus imperiyası bu hərəkatı dayandırmaq üçün faciə törətmək dən də çəkinmədi – 1990-cı ildə 20 yanvar faciəsi törətdi.

“Azadlığı zərrə-zərrə, qram-qram“ istəməyən” (Xəlil Rza Ulu­türk) xalqın mübarizəsi – milli azad­lıq hərəkatı imperiyanı çökdürməklə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməyə yönəldildi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konsti­tusiya Aktı qəbul olundu...

Ötən əsrin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı dünyada heyrət doğurmuşdu. Nəticədə, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. On illər sonra da o hadisələri xatırlayanlar qürurlanır. Yaşı o qürur gününün yaşından az olanlar oxuduqların­dan öyrənir. Hamısı deyir ki, bu günlərimizi, müstəqilliyimizi, azad­lığımızı həmin mübarizlərə borc­luyuq. O mübarizlərin əldə etdiyi müstəqilliyi dahiyanəliklə yaşadan dahi rəhbər Heydər Əliyevə borc­luyuq. Tarix müstəvisinə gətirilən dövlətçiliyi bu günün gəncləri qoru­yurlar. Onlar Vətən müharibəsində də bu amalla döyüşdülər. Ordumuz bu amalın ordusudur. ...

Hansı sahədə işləməsindən, harada təhsil almasından asılı ol­mayaraq, bütün vətəndaşlar Vətən müharibəsində qazanılmış zəfərin 15 İyun – Qurtuluş Günündən başladığını qürurla deyirlər. Böyük İpək Yolu, Bak – Tbilisi – Ceyhan neft kəməri və s. də ulu öndərin Azərbaycan dövləti naminə gördü­yü əvəzsiz xidmətlərdəndir.

Azərbaycanda hakimiyyətdə yaranmış boşluqlar, şəxsi niyyətlər, qarşıdurmalar, qruplaşmalar vəziyyəti vətəndaş müharibəsi həddinə çatdırmışdı. Xalq hiss edirdi ki, belə davam edərsə, Azərbaycan dövlətçiliyi süquta uğraya bilər. Yetmiş bir ildən sonra bərpa edilmiş dövlətçiliyi qorumaq üçün xalq ayağa qalxdı. Vəziyyət kəskinləşəndə – Gəncə hadisələri başlananda Azərbaycan dövlərçiliyinə böyük təhlükə ya­ranmışdı. Onda xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu dəvət böyük inam idi, Azərbaycan naminə azərbaycançılıq coşqusu idi. Dünya da gördü ki, xalq rəhbərini dönməz məhəbbətlə sevir. Bu, bəşəri məhəbbət idi. Xalqa sonsuz sevgi­si, dönməz inamı ulu öndər Heydər Əliyevi iyunun 9-da Bakıya gətirdi.

Bu, Azərbaycanın real təhlükədən qurtuluşu idi. Ulu öndər ictimaiyyətin coşqusu ilə Gəncəyə getdi, vəziyyəti yerində öyrəndi, xoşagəlməz hadisələrin nədən başladığını dəqiqləşdirdi. Sonra Ba­kıya qayıtdı, reallığın nədən ibarət olduğunu Milli Məclisdə bəyan etdi Doğma xalqını, dövlətini fəlakətdən qurtarmaq üçün Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsinə razılıq verdi.

Beləliklə, böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli xahişinə əməl edərək siyasi hakimiyyətə qayıtdı. Həm vətəndaş müharibəsinin qarşısı alındı – dövlətçilik xilas edildi, həm də Azərbaycanın inkişafına real zəmin hazırlandı. Azərbaycan iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Sonra Azərbaycanın dünyanın apa­rıcı dövlətləri ilə ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələri formalaşdı. Ordu quruculuğunda əsaslı islahatlara başlanıldı – yerli müdafiə batal­yonları ləğv edildi, orduda vahid komandanlıq yarandı. Az sonra ulu öndərin sərkərdəliyi ilə hücum əməliyyatı hazırlandı. Horadiz əməliyyatı qələbə ilə başa çatdı, ordumuz neçə kəndi, o cümlədən, bu gün yenidən qurulmuş Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Şəxsi heyətin qələbə ruhu kükrədi, ordu da, ictimaiyyət də inandı ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcəkdir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dünya birliyi Azərbaycan reallıqlarını qəbul etdi, Azərbaycan əksər beynəlxalq qurumda təmsil olundu...

Azərbaycan gənc dövlət idi və onun inkişafı üçün mühüm islahat­lar keçirilməli idi. Ulu öndər bunu dahiyanəliklə, mərhələlərlə həyata keçirdi. Atəşkəs elan edilsə də, Azərbaycanda müharibə şəraiti davam edirdi. Prezident Heydər Əliyev deyirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dün­ya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik – bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin ideyalarını Azərbycan Res­publikasının Prezidenti cənab İlham Əliyev böyük məsuliyyət, sonsuz sədaqət və sevgiylə davam etdirir. Ölkə başçısının daxili və xarici siyasəti Heydər Əliyev ideyalarının yaşarlılığını sübut edir.

Müasir Azərbaycan gəncliyi Qurtuluş Günü kimi tarixləşən gü­nün mahiyyətini yaşam fəlsəfəsi bi­lir, onun mahiyyətini düşüncəsindən ürəyinə köçürüb. Azərbaycanın dövlət müstəqilliyini də, ərazi bütövlüyünü də qorumaq onların vətəndaşlıq borcudur.

Vətən müharibəsi zəfərlə başa çatdı. Bu zəfər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərkərdəliyi ilə, ulu öndər Heydər Əliyevin formalaş­dırdığı Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə, xalqın orduya güvənci, ordunun isə xalqa ar­xalanması ilə əldə edildi. Bütün bunlar 15 İyun – Qurtuluş Gününün davamıdır...

Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

15 İyun 2021 00:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə