Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurtuluş tariximizin memarı

Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə Azərbaycana hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı var idi, nə ordusu var idi, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb.

 

Dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albani­ya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar. Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Şərqin ən qüdrətli dövlətləri sırasında yer ala bildilər. Səfəvilər dövləti bir az da irəli gedərək imperiya yaratmağa nail oldu. Azərbaycan xalqı bu dövlətin yaradıcısı Şah İsmayıl Xətaini min illərdir ki, tariximizin qəhrəmanı kimi anır və müstəqilliyimiz dövründə onun şərəfinə abidələr ucaldır.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları olan milli-demokratik ziyalılarımız müsəlman Şərqində ilk parlamentli respublikanın baniləri kimi tarixə düşdülər. İyirmi üç ay yaşayan bu dövlət 350 ilkə imza atmağa müvəffəq olmuşdu.

1920-ci ilin aprelindən sonra Azərbaycan müstəqil dövlət kimi yox, müttəfiq dövlət kimi fəaliyyət göstərməyə başladı. Hər bir müttəfiq respublika nəhəng sovet dövlətindən yararlanmaq istəyirdi. Bu daha çox müttəfiq respublikaya rəhbərlik edən şəxsdən asılı idi.

Heydər Əlirza oğlu Əliyev 1969-cu ilin iyulun­dan Azərbaycana rəhbərlik etməyə başladı. Həmin ilin martında mərkəzin tapşırığı ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti dörd min kvadrat kilometr Azərbaycan torpağının Ermənistana verilməsi haqqında qərar çıxartdı. Heydər Əliyev bütün hakimiyyəti dövründə bu qərarın icra olunmasına imkan vermədi.

1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetinin 50 illik yubi­leyi 1969-cu ildə keçirildi. Yubiley toplantısına rəhbərlik edən Heydər Əliyev öz nitqinə Azərbaycan dilində başladı. Bu o dövr üçün çox böyük siyasi hadisə idi.

Azərbaycanı aqrar ölkədən sənaye-aqrar ölkəsinə çevirən respublika rəhbəri ölkədə hərbi məktəb yaratmaq üçün uzun illər mübarizə apardı və istəyinə nail oldu. Azərbaycanda keyfiyyətli ziyalı ordusu yaratmaq üçün hər il minlərlə Azərbaycan gəncini SSRİ-nin ən nufuzlu ali məktəblərinə göndərməyə nail oldu.

1977-ci ildə SSRİ-nin növbəti Konstitusiyası qəbul edildi. Məqsəd ondan ibarət idi ki, müttəfiq dövlətlər milli dil məsələsində israr etməsinlər. Heydər Əliyev mərkəzin bütün təzyiqlərinə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olun­masına nail oldu.

Ulu öndərə qədər Azərbaycan xalqının milli sərvəti olan neft və qaz qonşu respublikalara onların sərvəti kimi verilirdi. Heydər Əliyev mərkəzin bu siyasətini respublika­nın xeyrinə dəyişməyə nail oldu.

Heydər Əliyevə qədər hərbi xidmətə çağırılan azərbaycanlı gənclərin demək olar ki, əksəriyyəti tikinti batalyonlarına göndərilirdi. Ümummilli lider bu sahədə də dönüş yarada bildi. Azərbaycanlı gənclər də müa­sir silahlarla təchiz edilən hərbi hissələrdə xidmət etməyə başla­dılar.

Azərbaycan neftinin gələcək taleyini uzaqgörən siyasəti ilə müəyyən edən Heydər Əliyev Dərin Özüllər Zavodunun tikilməsinə nail oldu. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra daha aydın görünən Heydər Əliyevin uzaqgörən siyasətinə heyran qal­mamaq olmur.

Respublikamızı uğurlu və ba­carıqlı siyasəti ilə müttəfiq respub­likalar arasında birincilərdən edən Heydər Əliyevin sovet dövlətinin idarəçiliyində də böyük xidmətləri olmuşdur. Heydər Əliyev yeganə türk-müsəlmandır ki, 70 ildən çox fəaliyyət göstərən bu dövləti idarə edənlərdən biri olmuşdur. Əgər imkan versəydilər, bu dövləti idarə edən birinci şəxs də ola bilərdi.

Sovet dövlətinin süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi.1990-cı il 20 Yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Xalqın tələbi ilə hakimiyyətin istəyi üst-üstə düş­mürdü. Düşmən tərəf öz havadar­larının gücündən istifadə edərək, Azərbaycanın tarixi torpaqlarına sahib olmaq istəyirdi. Hakimiyyət bunları fikirləşə bilmir, Heydər Əliyevin Azərbaycana dönüşünü əngəlləmək üçün planlar hazır­layırdı. Azərbaycandan uzaq düşən Naxçıvan ağır blokada həyatı yaşamaqda idi. Heydər Əliyev Naxçıvanın harayına çatdı, bütün çətinliklərə baxmayaraq, əhalini həmin vəziyyətdən qurtara bildi. Qısa müddət ərzində qonşu dövlətlərlə səmimi münasibətlər qurmağa nail ola bildi. Muxtar respublikanın əhalisini inandı­ra bildi ki, Naxçıvanın bir qarış torpağı da düşmənə güzəştə gedilməyəcək. Bakıda hakimiyyət uğrunda mübarizə qızışan vaxtda Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərinin bərpası haqqında Naxçıvan Ali Məclisinin qərarını qəbul etdi.

1991-ci ilin oktyabında böyük fərəhlə Dövlət müstəqilliyi haqqın­da Konstitusiya aktı qəbul edən Azərbaycan xalqı 1993-cü ilin yayında çətin günlərini yaşayırdı. Düşmən Şuşanı, Laçını, Kəlbəcəri işğal etdi, Qarabağ və ətraf rayon­lar üçün böyük təhlükə yarandı. 20 Yanvar qırğınının mahiyyətini dünyaya çatdırmamış, Xocalı soy­qırımını yaşamağa məcbur edildik. Vətəndaş müharibəsinin ilk işar­tıları Azərbaycanı təhdid etməyə başladı. Hakimiyyət hərisləri ölkəni parçalanmaq və işğal təhlükəsi ilə üz-üzə qoydular. Hamı, hətta, siya­si hakimiyyət də ümidini Naxçıva­na bağlayır və nicat yolunu orada axtarırdı.

Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanı qurtar­maq üçün Bakıya çağırıldı. O, Azərbaycanı, onun bölgələrini parçalanmaq təhlükəsindən qurtarmaq üçün Bakıya köməyə gəldi. Düşmən yeni torpaqlar işğal edə bilməsin deyə, güclü liderə, Ali Baş Komandana ehtiyac var idi. Cümhuriyyətin acı taleyini yaşamamaq üçün qüdrətli dövlət başçısına ehtiyac var idi. Naxçı­vanda yenidən qaldırılan və bütün Azərbaycana şərəf gətirən üçrəngli bayrağı əbədi etmək üçün ümum­milli liderə hava, su qədər ehtiyac var idi. Heydər Əliyev də gəldi. İllərlə rəhbərlik etdiyi xalqının ən çətin günlərində onun yanında oldu.Heç bir təhlükə və heç bir təhdid onu yolundan döndərə bilmədi. Ulu öndər dağılmaq təhlükəsi ilə üz-üzə dayanan dövlətçiliyimizin sükanı arxasına keçdi və bu yolda əngəl olan bütün qüvvələri öz zəngin təcrübəsi və bacarığı ilə aradan qaldırdı.15 İyuna gələn yolun siyasi mənzərəsi bu şəkildə idi. Heydər Əliyev bu yolu xilas etdiyi kimi, 15 İyundan sonra da şərəfli bir tarixin əsasını qoydu. Ölkədə daxili sabitliyə nail oldu. Dövlət çevrilişləri cəhdləri zərərsizləşdirildi, təcavüzkar Ermənistanla atəşkəsə, Bakı neftini dünya bazarına çıxarmaq üçün “Əsrin müqaviləsi”ni imza­lamağa nail oldu, Azərbaycanı müəyyən təhdidlərdən qorumaq üçün Müstəqil Dövlətlər Birliyinə üzv qəbul etdirdi. 1990-cı il 20 Yanvar və Xocalı soyqırımına siyasi qiymət verilməsinə nail oldu, 31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilməsinə, azərbaycanlıların Ermənistan SSR-dən deportasi­ya olunması haqqında fərmanın aşkara çıxmasına, Azərbaycanda ölüm hökmünün və senzura­nın ləğv edilməsinə nail oldu. ATƏT-in Lissabon Sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-nün (Ermənistandan başqa) Dağlıq Qarabağ proble­minin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsiplərin açıq şəkildə müdafiə olunmasına, Azərbaycanın Avropa Parlament Şurasına üzv qəbul edilməsinə müvəffəq oldu.

Heydər Əliyev müstəqil dövlətin ilk Konstitusiyasının yaradılma­sına və ilk parlament seçkilərinin keçirilməsinə nail oldu. Aqrar islahatları həyata keçirməklə torpa­ğın təmənnasız şəkildə kəndlilərə verilməsinə nail oldu. Qonşu dövlətlərlə, o cümlədən, dünyanın nüfuzlu ölkələri ilə balanslaşdırıl­mış siyasətin həyata keçirilməsini, BMT-nin ali tribunasından Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa olunma­sını reallaşdırdı. Azərbaycançılıq ideologiyasının və “Bir millət, iki dövlət” konsepsiyasının həyata keçirilməsinə, Azərbaycanın müstəqilliyini əbədi etmək üçün bütün gücünü və bacarığını bu işə yönəltməyə nail oldu.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl da­vamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya və müasir silahlara malik olmağımız, xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında ölkəmizi öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsinə başlama­ğa məcbur etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Düşmən ordusunu diz çökdürərək onu kapitulyasiya sənədini imzala­mağa məcbur etdi. 15 İyun öz tarixi nəticəsini verdi.

Bu gün ümummilli lider Heydər Əliyevin böyük dövlətçilik siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ Azərbaycandır!

Anar İSGƏNDƏROV,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

15 İyun 2021 00:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə