Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətənə sədaqətli xidmət nümunəsi

Müstəqillik, azad yaşamaq hər bir xalqın arzusudur. Etiraf edək ki, müstəqilliyi elan etmək hələ müstəqil olmaq demək deyildir. 1991-ci ildə yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edərək Azərbaycan müstəqilliyini elan etdi. Lakin həmin vaxt Azərbaycan rəhbərliyində müstəqilliyi reallaşdırmaq qüdrətinə malik şəxs olmadığından, sonradan isə hakimiyyətə heç bir səriştəsi və təcrübəsi olmayan şəxslər gəldiyindən müstəqil demokratik Azərbaycan dövlətinin yaradılması xoş ideyadan bir addım önə gedə bilmədi.

 

Təsadüfi deyil ki, 1991–1993-cü illərdə Azərbaycanın iqtisadiyyatı dağıldı, siyasi hakimiyyət xalqın milli maraqlarını təmsil edə bilməyərək böhran keçirdi, milli-mənəvi dəyərlər alt-üst oldu, ictimai-siyasi sabitlik pozularaq dərəbəylik yarandı. Belə vəziyyətdən sui-istifadə edən ermənilər Azərbaycan torpaqlarını işğal edir, digər tərəfdən isə xalqımıza düşmən niyyətli xarici qüvvələr ölkə daxilində Azərbaycanın bir dövlət kimi məhvinə yönəlmiş təxribatlarını sərbəst həyata keçirə bilirdilər. Bu hadisələrin məntiqi davamı olaraq 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsi və parçalanma təhlükəsi yarandı.

Mövcud vəziyyəti düzəldəcəklərinə bütün ümidlərini itirən AXC-Müsavat liderləri iyunun əvvəlində Heydər Əliyevə zəng edərək “Azərbaycan məhv olur, bu cür davam edərsə, ölkə müstəqilliyini itirəcək və parçalanacaq” dedilər. Torpaqları işğal olunmuş, qaçqın, köçkün, didərgin ömrü yaşayan Azərbaycan xalqı da 1993-cü ilin iyununda öz xilaskarına üz tutdu. Böyük dövlətçilik təcrübəsinə və idarəetmə bacarığına malik olan dahi şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdən ötrü xalqın müxtəlif təbəqələri məktublar və teleqramlar göndərdi, onu israrla, təkidlə respublikanı düşdüyü ağır və çətin vəziyyətdən qurtarmağa, dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etməyə çağırdı. Xalq yaxşı bilirdi ki, nicat yolu, qurtuluş yolu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışındadır. Müdrik insan və fenomen şəxsiyyət olan Heydər Əliyev belə bir böhranlı vəziyyətdə canından artıq sevdiyi Azərbaycanı darda qoya bilməzdi. 1993-cü ilin iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Bununla da, tale Azərbaycan xalqının üzünə güldü.

Azərbaycanın müasir tarixinə nəzər saldıqda qeyd etmək zəruridir ki, Heydər Əliyevin Azərbaycanda birinci dəfə rəhbərliyə gəlişi tarixi–1969-cu il əslində böyük dönüş mərhələsidir. Dahi şəxsiyyətin respublikanın dinamik inkişafına yönələn yorulmaz fəaliyyəti, qısa müddət ərzində hazırlanan komp­leks inkişaf proqramları tezliklə öz bəhrəsini verməklə xalqın maddi rifahının yüksəlməsinə müsbət təsir göstərdi. SSRİ hökumətinin rəhbərliyi Heydər Əliyevin çoxsaylı təşəbbüsləri, dərin məntiqə əsaslanan təklifləri və böyük qətiyyəti sayəsində Azərbaycanla bağlı mühüm qərarlar qəbul edirdi. Bu qərarlar mühüm tarixi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin böyük xidmətləri sayəsində 1970-1985-ci illər Azərbaycanda quruculuq salnaməsinin ən parlaq səhifələrinə çevrildi. Əminliklə demək olar ki, hələ keçmiş SSRİ-nin tərkibində olarkən ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət suverenli­yinin və iqtisadi müstəqilliyinin təməlini həmin illərdə yaratdığı iqtisadi potensialla qoymuşdu.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra davamlı inkişaf strategiyasını praktikada daha əsaslı surətdə tətbiq etdirərək həqiqi mənada ölkədə milli yüksəlişinə nail oldu. 90-cı illərin əvvəlində tüğyan edən separatçılıq, etnik parçalanma meyillərinin ölkənin varlığı üçün yaratdığı real və ciddi təhlükə yalnız Heydər Əliyevin Azərbaycanın rəhbəri olduqdan sonra elan etdiyi və qətiyyətlə həyata keçirdiyi azərbaycançılıq ideologiyası sayəsində dəf olundu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Azərbaycan rəhbərliyinin qətiyyəti, sarsılmaz siyasi iradəsi sayəsində Qərb şirkətləri ilə aparılan danışıqlar məntiqi sonluqla yekunlaşdı. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da, Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu müqavilənin imzalanması respublikamızın bugünkü və gələcək iqtisadi uğurlarının təməlinə çevrildi.

Ümummilli liderimiz insan hüquqlarını müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərləri aşılayan əsas meyar kimi dəyərləndirmişdir. Heydər Əliyevin bu sahədəki fəaliyyəti təkcə ayrı-ayrı fərdlərin, kütlələrin deyil, bütöv bir xalqın hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir.

Hüquqi dövlət və qanunun aliliyinin hələ tam oturuşmadığı bir dövrdə 1993-cü ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratorium qoyuldu, 1998-ci ildə isə ölüm cəzası Azərbaycanda ləğv edildi.

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra artıq yeni əsas qanunun qəbul edilməsinə ehtiyac yaranmışdı. Bu ehtiyacı şərtləndirən amillər sırasında ölkədəki siyasi sistemin dəyişməsini, iqtisadi münasibətlərin prinsipcə yeni meyarlar əsasında köklənməsini, beynəlxalq aləmə inteqrasiya meyillərinin intensiv xarakter almasını, xarici siyasət sahəsində mövcud prioritetlərə köklü təshihlər (düzəlişlər) edilməsini, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində atılan konkret və məqsədyönlü addımları göstərmək olar. Lakin həmin illərdə ölkədə yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki xaos və dərəbəylik, müharibə meydanındakı uğursuzluqlar Konstitusiya yaradıcılığı sahəsindəki çalışmalara da sirayət edərək bu mühüm prosesə ətalət və durğunluq havası gətirmişdi. 1991-ci il fevralın 19-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılmış 74 nəfərdən ibarət işçi komissiyasının fəaliyyəti gözlənilən nəticəni vermədi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, məhz onun təşəbbüsü ilə müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. İşçi komissiyasının tərkibi Prezident tərəfindən parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdir. Bu dəfə komissiya 33 nəfərdən ibarət idi və onun tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. Layihənin işlənib hazırlanmasına şəxsən dövlət başçısının özü rəhbərlik edirdi ki, bu da prosesin sürət və keyfiyyətinə müsbət təsirini göstərməyə bilməzdi. 1995-ci il iyul ayının 5-də komissiyanın ilk iclası baş tutmuşdur. Bu iclasda ümummilli liderimiz Heydər Əliyev bir sıra dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir. Nəhayət, Konstitusiya layihəsi ümumxalq müzakirəsi üçün 15 oktyabr 1995-ci ildə dərc edilmiş və 12 noyabr 1995-ci il tarixində keçirilmiş referendumda seçicilərin 94,8 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdilər.

Bir qayda olaraq, müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyanın qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiya dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai asayişin, əmin-amanlığın, bəzi hallarda, hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiya şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Ümummilli liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Bu gün Azərbaycan xalqı gələcəyə daha da inamla addımlayır, çünki dövlətimizin sükanı müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlindədir və onun müdrik siyasəti ilə idarə olunur.

Məhz cənab Prezidentin düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsl həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.

Əzəli Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün cənab İlham Əliyev müdrik Prezident olaraq düzgün, uzaqgörən daxili və xarici siyasət aparmış, orduya rəhbərlik edən Ali Baş Komandan olaraq yüksək sərkərdəlik qabiliyyəti ilə qətiyyətli qərarlar vermişdir. Məhz cənab Prezidentin yorulmaz fəaliyyəti, onun rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı sayəsində düşmən məğlub edildi. O, bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır.

Ən yeni tariximizin böyük qəhrəmanlıq səhifəsi olan Vətən müharibəsi bir daha göstərdi ki, heç bir qüvvə arxasında Azərbaycan xalqı dayanan cənab Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, ardıcıl, müdrik və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz dəmir iradəsinə təsir edə bilməz.

Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, dövlətçilik ənənələrini daha da möhkəmləndirmiş, milli ordumuzun maddi-texniki bazasını, onun ən müasir silahlarla təchizatını daim xüsusi diqqət mərkəzində saxlamışdır. Məhz cənab Prezidentin apardığı müdrik və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası sürətlə inkişaf edən nüfuzlu dövlətə, regional liderə çevrilmişdir.

Ənvər SEYİDOV,

hüquq elmləri doktoru

15 İyun 2021 00:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə