Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib

 

 

İyunun 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib.

”Xalq qəzeti” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, elmi-pe­daqoji və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, təhsilimizin inkişafında xüsusi xidmətlər göstərən, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasında özünəməxsus dəst-xətti ilə seçilən görkəmli ziyalı və dəyərli alimimiz olaraq Şahlar Əsgərov uzun illərdir ki, Azərbaycan elminin tərəqqisinə san­ballı töhfələr verir, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.

Tahir Budaqov qeyd edib ki, Şahlar Əsgərovun Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyi də danılmazdır. Belə ki, o, xalqımı­zın, dövlətimizin müqəddəratının həll olunduğu bir dövrdə ulu öndər Heydər Əliyevə tarixi müraciət edən 91 ziyalımızdan biridir. Şah­lar Əsgərov, həmçinin ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası­nın təşkilatlanma prosesində fəallıq göstərib, bir ziyalı kimi üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib. Uzun müddət YAP Siyasi Şu­rasının və İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi uğurlu fəaliyyət göstərib, hazırda isə YAP Veteranlar Şurasının üzvü olaraq partiyamızın həyatında yaxından iştirak edir.

Qeyd olunub ki, Şahlar Əsgərovun çoxşaxəli və zəngin fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, 1999-cu ildə “Şöhrət” ordeninə, 2001-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Yubilyarı doğum günü münasibətilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Şahlar Əsgərovu hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən professor Şahlar Əsgərov partiya­nın VII Qurultayında ona göstərilən yüksək etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə dərin minnətdarlığını ifadə edib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.

 

15 İyun 2021 00:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə