Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir

 

 

 “Xalq qəzeti” bəyanatı təqdim edir.

–Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (om­budsman) olaraq, ölkəmizin işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan minalı ərazilərlə bağlı narahatlığımı bir daha ifadə edirəm.

Ermənistan ilə Azərbaycan ara­sında 44 gün davam etmiş müharibə 2020-ci il noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya arasında im­zalanmış üçtərəfli Bəyanata əsasən başa çatmış və ölkəmizin 30 ilə yaxın işğal altında qalmış əraziləri azad edilmişdir.

Azad olunmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən demək olar tamamilə dağıdılmış, həmin ərazilərdə yüz minlərlə mina basdırıl­mışdır. Minalar isə onilliklər boyu aktiv qala və ciddi risk yarada bilər. Onların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə, bərpa və inkişaf prosesi­ni əhəmiyyətli dərəcədə ləngidir.

Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak oldu­ğu və ya yaralandığı onlarla hal baş vermişdir. Belə ki, münaqişə bitdikdən sonra müxtəlif növ minalar və digər partlayıcı qurğuların mövcudluğu səbəbindən 140-dan çox insan mina­ya düşmüş, 27 şəxs mina partlaması nəticəsində həlak olmuşdur.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində basdırdığı minaların xəritələrinin verilməsindən imtina etməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq tərəfimdən dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırılmış, bu­nunla bağlı beynəlxalq təşkilatlara öz narahatlığımı bildirmişəm.

Ermənistan isə hər dəfə on­larda bu xəritələrin olmaması və digər bəhanələrlə mina xəritələrini verməkdən imtina etmiş, beynəlxalq hüquq və humanitar hüququn norma və prinsiplərini kobud şəkildə po­zaraq onlarla günahsız insanların həlak olmasına və ya sağlamlıqlarını itirməsinə səbəb olmuşdur.

Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanda saxlanılan 15 nəfər erməni hərbi qul­luqçunun Ermənistana təhvil verilməsi ilə bağlı humanitar aksiya həyata keçirilmişdir.

Azərbaycanın işğaldan azad edilmiş yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılması faktı, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində öz seçiciləri ilə görüşdə Azərbaycana təqdim olunmuş mina xəritəsinin əllərində olan xəritələrin ki­çik bir hissəsi olduğunu rəsmi olaraq bəyan etməsi bizim davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyimiz narahatlığın nə dərəcədə əsaslı oldu­ğunu bir daha göstərmiş oldu.

Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla beynəlxalq huma­nitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensi­yasının I saylı Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nüma­yiş etdirir.

Günahsız insanların həyat və sağ­lamlığını qorumaq və insan hüquqları­nın pozulmasına son qoymaq naminə qətiyyətlə işğaldan azad edilmiş digər rayonların da mina xəritələrinin verilməsini tələb edir, bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram.

15 İyun 2021 00:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə