Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müstəqilliyimizi əbədiləşdirən QURTULUŞ MİSSİYASI

Müasir Azərbaycanın bütün uğurları Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycana rəhbərliyə gəldikdən sonra Heydər Əliyev ölkəni inkişaf etdirməyə başladı. Müharibə dayandırıldı, vətəndaş qarşıdurmasına son qoyuldu, qeyri-qanuni silahlı dəstələr tərksilah olundu, qayda-qanun yaradıldı.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dünya tarixinə nəzər yetirdikdə xalqların, dövlətlərin taleyində həlledici rol oynayan, bu taleyi yönləndirən, istiqamətləndirən, sözün əsl mənasında, tarixin məcrasını, istiqamətini, gedişatını kökündən dəyişən, yeni reallıqlar və inkişaf qanunauyğun­luqları yaradan əlamətdar təqvim günlərinin şahidi oluruq. Məhz həmin günlər xalqların taleyində tarixi nicat, milli qurtuluş günləri kimi təsbit edilir, yaşadılır, tarixin yaddaşına qızıl hərflərlə həkk olunaraq gələcək nəsillərə və əsrlərə ötürülür. Zaman-zaman həmin günlərin mahiyyəti, dövlətlərin və xalqların taleyindəki müstəsna əhəmiyyəti araşdırılır, tədqiq olunur və hər dəfə də yeni-yeni həqiqətlər üzə çıxarılır, liderlərin, fenomenal şəxsiyyətlərin fərqli situasiyalardakı tarixdə misilsiz rolları bir daha aydınlaşır.

 

Eyni zamanda, hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümum­milli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur.

Bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsa­lına çevrilməsi nadir hadisədir. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz rəhbərimiz Heydər Əliyevi xatırla­yırıq.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloq­ların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində ola­caqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının son­suz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikin­ci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamam­lanıb. Zaman və ictimai-iqtisadi for­masiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə ulu öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də, ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun for­malaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Ulu öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969–1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.

Dərin zəkalı, yüksək ener­jili lider olan Heydər Əliyev hakimiyyətə gələnə qədər sovetlər birliyinin geridə qalan respubli­kalarından sayılan Azərbaycan çox qısa bir müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötmüş oldu. 1969–1982-ci illərdə respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı is­tehsalı 2,3 dəfə artdı, 250-dək yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin illərdə 800 mindən çox yeni iş yerləri açıldı, ölkə əhalisinin sosial rifahı qat-qat yüksəldi.

Həmin dövrdə respublikanın elmi-texniki potensialında da əhəmiyyətli yüksəliş yaşandı: müxtəlif elm sahələri üzrə 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvələrində ölkə xaricində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000–1400 nəfər təşkil edirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev hər zaman elm və təhsilə böyük önəm vermiş, Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. “Təhsil millətin gələcəyidir”-- deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Ulu öndərin universitetdə təhsil illəri, habelə sonralar bu elm və təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bir mərhələsini təşkil edir. BDU-nun ən böyük məzunu Azərbaycan xalqının xilaskarı Heydər Əliyevdir.

Yurdsevər ölkə rəhbərinin böyük uğurla həyata keçirdiyi möhtəşəm fəaliyyət nəticəsində Azərbaycan, keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intel-lektual potensialına arxalanaraq özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasın­dan birinə çevrildi.

Xalqların, dövlətlərin taleyinə həlledici təsir göstərən, onla­rı məhv olmaq təhlükəsindən birdəfəlik xilas edən anları, günləri tarixin silinməz yaddaşına məhz Heydər Əliyev kimi fenomenal tarixi şəxsiyyətlər, liderlər, daha doğrusu isə ümummilli liderlər yazırlar. XX əsrin sonlarında milli dövlətçilik taleyimizdə, xalqımı­zın xilası və qurtuluşunda həmin missiyanı ağır, ziddiyyətli və mürəkkəb bir şəraitdə ümum­milli liderimiz Heydər Əliyev peşəkarlıqla, yüksək məharətlə, uzun illər ərzində əldə etdiyi dövlətçilik təcrübəsi, zəngin bilik və bacarığı ilə həyata keçirdi. Həmin dövrün spesifik xüsusiyyətlərini, dövlətçiliyimizin hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qal­dığını göz önünə gətirəndə Azərbaycanın milli qurtuluş savaşının daha ağır mərhələlərdən keçdiyinin, ulu öndərimizin xilas­karlıq missiyasının isə heç bir dünya liderinin tarixdəki rolu ilə müqayisəedilməzliyinin bir daha şahidi oluruq.

Əslində, ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən – Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən sovet hakimiyyətinin bütün təqib və təzyiqlərinə rəğmən dövlətimizin suverenliyinə, xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə həmin günlərin toxumlarını cücərdirdi.

1980-ci illərin sonlarında sovet imperiyasının süqutunun yaxınlaşdığını görən keçmiş SSRİ rəhbərləri Heydər Əliyevin Azərbaycanın gələcək taleyində oynayacağı həlledici rolu, həyata keçirəcəyi tarixi missiyanı da aydın şəkildə görür və dərk edirdilər. Həmin dövrdə ulu öndər Heydər Əliyevə qarşı başladılan təqib və təzyiq kampaniyasının kökündə məhz bu qüdrətli lideri Azərbaycanda baş verən və baş verəcək hadisələrə təsir imkanla­rından məhrum etmək, xalqımızı milli müstəqilliyə gedən yoldan, suverenlik uğrunda mübarizədən çəkindirmək, həmçinin tarixi torpaqlarımızın mənfur qonşumuz tərəfindən işğalına zəmin yarat­maq dayanırdı.

Təəssüf ki, 1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində ulu öndərimizin siyasi hakimiyyətdə olmamasından fürsət kimi istifadə edilərək bu çirkin planın həyata keçirilməsinə başlanıldı. Əfsuslar olsun ki, Azərbaycanı bir dövlət kimi məhvə sürükləyən bu bədxah fəaliyyətə ölkə daxilindən rəvac verənlər də tapıldı. Amma bütün bunlar dünya siyasətinin fenomeni, müdrik şəxsiyyət Heydər Əliyevi tutduğu haqq yolundan, xalqa, dövlətə təmənnasız xidmət amalından döndərə bilmədi. Qədirbilən, müdrik Azərbaycan xalqı isə belə bir ağır şəraitdə onu bütün bəlalardan yalnız və yalnız Heydər Əliyevin xilas edəcəyini bir daha yəqinləşdirdi.

1990–1993-cü illərdə Azərbaycanda hakimiyyət uğrun­da mübarizə amansız şəkil aldı, qısa müddət ərzində, ard-arda ölkənin sükanı arxasına səriştəsiz, bacarıqsız və ən təhlükəlisi isə xarici ölkələrin, müxtəlif güc mərkəzlərinin birbaşa təsir dairəsində olan şəxslər keçdi. Məhz onların xəyanəti və yarıt­maz idarəçiliyi nəticəsində ölkədə miqyası heç bir ölçüyə sığmayan xaos, özbaşınalıq mühiti yaran­dı. Əhalinin rifahı günü-gündən ağırlaşaraq dünyanın ən geridə qalmış ölkələrinin səviyyəsinə düşdü. Ən acınacaqlısı isə budur ki, bütün bunlardan fürsət kimi istifadə edən mənfur qonşumuzun təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarımız işğal altına düşdü. 20 mindən artıq soydaşı­mız elan olunmamış müharibədə həyatını itirdi, 1 milyondan çox azərbaycanlı dədə-baba yurdların­dan didərgin salındı.

1993-cü ilin iyun ayında xarici güclərin təsiri və daxi­li xəyanətkarların müti siyasəti nəticəsində ölkədə siyasi situasiya idarəolunmaz həddə çatdı. Həmin məşum günlərdə artıq Azərbaycan bir dövlət kimi məhv olmaq ərəfəsindəydi. Bu ağır, məşəqqətli günlərdə xalqımızın bütün nəzərləri və ümidləri xilaskarlıq missiyası­nı yerinə yetirəcək yeganə tarixi şəxsiyyətə – ulu öndər Heydər Əliyevə yönəlmişdi. 1993-cü ilin mürəkkəb, ziddiyyətli və ağır iyun günlərində xalqın çağırışına səs verən ümummilli lider Heydər Əliyev yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizin həyatında yeni – sabitliyə, dirçəlişə, inkişafa, intibaha gedən yolun, tarixi bir mərhələnin əsası qoyuldu.

Moskvada tutduğu bütün vəzifələrdən istefa verəndən sonra Naxçıvana dönən və blokadada olan muxtar respublikanı işğal təhlükəsindən, sosial çətinliklərdən xilas edən ulu öndər Heydər Əliyev bu dəfə bütün Azərbaycanın xilas­karı missiyasını üzərinə götürdü. Bu, olduqca çətin, məsuliyyətli, taleyüklü bir qərar idi. Amma bu tarixi qərarın gücü, qüdrəti, əhəmiyyəti onda idi ki, həmin qərarı məhz dünya siyasətinin fenomeni Heydər Əliyev qəbul etmişdi.

Xalqın çağırışı ilə Bakıya dönən böyük rəhbər Heydər Əliyev 15 iyun 1993-cü ildə hamılıqla Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi iclasda etdiyi çıxışında ümummilli lider Heydər Əliyev dövlətimizin inkişaf strategiyasını müəyyənləşdirdi, bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi. Bu tarixi hadisə xalqımızın öləzimiş inamını özünə qaytardı. Qədirbilən və müdrik xal­qımız hələ rəsmən elan edilməmiş, haqlı olaraq, həmin tarixi məhz “Qurtuluş günü” adlandırmağa başladı. 1997-ci ildə Milli Məclis xalqın bu arzusunu, ülvi niyyətini gerçəkləşdirdi. 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi təqvimə daxil edildi. Ötən dövr ərzində tarix dəfələrlə sübut etdi ki, xalqın arzusu ilə Milli Məclisin qəbul etdiyi bu qərar müdrik və uzaqgörən bir addım olmuşdur.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixi­nin şərəfli səhifələrinin yazılması­na və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yarat­mış oldu. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Müstəqillik illərində ulu öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, rifahın, tərəqqinin Azərbaycan modelini yarat­dı, müstəqil Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, Dövlət–Vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrildi.

1993–2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü ulu öndərin dünyanın ən na­dir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğu­nu növbəti dəfə nümayiş etdirdi. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa et­miş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, 1996-cı ildən etibarən yenidən dirçəliş mərhələsinə daxil oldu. 1996–2003-cü illərdə makroiq-tisadi göstəricilər 2–3 dəfə artdı və ölkədə 3 mion yeni sənaye müəssisəsi yaradıldı. Bu dövrdə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş vüsət aldı və respublikamı­zın beynəlxalq nüfuzu durmadan yüksəlməyə başladı.

Balanslaşdırılmış və mil­li mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-tex­niki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi ümummilli liderin başlıca stra­teji hədəflərinə çevrildi. Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər oldu.

Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu.

Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurla­rın davamlılığını təmin edəcək, xal­qın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.

Artıq Azərbaycan xalqı əldə etdiyi müstəqilliyin təminatçısı kimi ulu öndərin xilaskarlıq missiyasının əhval-ruhiyyəsi ilə özünün xoş gələcəyinə inanır, dövlətimizin hərtərəfli tərəqqisinə şahidlik edirdi. Ulu öndərin yenidən siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan, sözün əsl mənasında, bütün bəlalardan qurtuldu. Ölkəni bürüyən və xaricdən idarə olunan vətəndaş müharibəsinə, dövlət çevrilişləri cəhdlərinə, birmənalı olaraq, son qoyuldu. Dövlətimizin parçalan­ma təhlükəsi aradan qaldırıldı, tədricən əmin-amanlıq bərpa olun­du. Bütün bunların sayəsində isə ölkəyə böyük həcmdə sərmayələr cəlb edildi. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dost və tərəfdaş ölkələrin sayı günü-gündən artdı.

Ulu öndərin böyük səriştə ilə ərsəyə gətirdiyi “Əsrin müqaviləsi” ölkənin inkişafında, əhalinin rifahının kökündən dəyişməsində həlledici rol oynadı. Ayrı-ayrı şəxslərə tabe olan silahlı dəstələr vahid komandanlıq altında birləşdirildi, cəbhədə ilk uğurlar əldə edildi. Bütün bunların fonun­da isə işğalçı Ermənistan atəşkəs sazişini imzalamağa məcbur oldu. Dövlətimizin siyasi qüdrətinin, iqtisadi potensialının güclənməsi Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan siya­si danışıqları birmənalı olaraq Azərbaycanın xeyinə dəyişdi.

Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi 1993–2003-cü illər tariximizə dövlət quruculuğu dövrü kimi düşdü. Məhz həmin illərdə Azərbaycanda müstəqil və müasair dövlət idarəçiliyi formalaş­dırıldı, siyasi idarəçiliyin əsasları yaradıldı. Müstəqil Azərbaycan Respublikası postsovet ölkələri ilə müqayisədə keçid dövrünü daha sürətlə aşdı, dayanıqlı və davamlı rifah yoluna qədəm qoydu. Xal­qımızı bəlalardan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən ulu öndərimiz məqsədli şəkildə bölgələrə, regionlara parçalanmaq təhlükəsi ilə üz-üzə qoyulan, siyasi, milli zəmində süni yolla yaradılmış çəkişmələrə, münaqişələrə cəlb edilən ölkəmizi qısa müddət ərzində multikultu­ral dəyərlərin hakim olduğu, bu sahədə bütün dünyaya örnək ola biləcək demokratik bir dövlətə çevirdi. Azərbaycanın etibarlı tərəfdaş kimi imici dünya miqya­sında artmağa başladı, ölkəmiz regionda söz sahibinə, güc mərkəzinə çevrildi.

2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, ulu öndərimiz Heydər Əliyevin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimizin dövlətimizin təməl sütununa, ali dəyərinə çevrilən, Azərbaycançılıq ideologiyasına əsaslanan milli Yüksəliş doktrinasını inam­la həyata keçirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə gənc və müstəqil ölkəmiz iqtisadi potensialına, əhalinin rifahının dinamik inkişafına, insan hüquq və azadlıqlarının təmin olunmasına, demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının formalaşdı­rılması tempinə görə uzunmüddətli müstəqillik tarixi və demokra­tiya təcrübəsi olan ölkələrin səviyyəsinə yüksəldi.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə milli ruhlu, vətənpərvər gənclik yetişdi. Ötən ilin payızında Qarabağ uğrunda Vətən müharibəsindəki Zəfərimizin ən parlaq səhifələrini də məhz həmin gənclər yazdılar. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”sözlərində ifadə olunmuş tarixi etimadının əsaslı olduğunu özünün parlaq fəaliyyəti ilə təsdiqlədi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ulu öndərimizin bütün arzularını, planlarını, ən əsası özündə tarixi torpaqlarımızın azad­lığını ehtiva edən müqəddəs ata vəsiyyətini şərəflə, əzmlə, müdrik, qədirbilən xalqından güc alaraq yerinə yetirdi.

Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inki­şaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa­rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası ümum­milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqı­mızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.

Ulu öndərimiz Heydər Əliyev həsəd aparılacaq zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını real­lığa çevirmişdir: Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdur­muş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir.

Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Çünki o böyük insanın ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq.

Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır–xilas­karı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, ya­rımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Pre­zident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Xalqımız 1993-cü ilin 15 iyu­nundan hafizəsində müstəsna yer tutan, taleyində əvəzsiz rol oynayan Milli Qurtuluş Gününü 2021-ci ildə daha yüksək əhval-ruhiyə və coşqu ilə qarşılayır. Əgər 1993-cü ildə xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan xaosdan, özbaşına­lıqdan, vətəndaş müharibəsindən, nəzarətimizdə olan digər ərazilərin də işğal atına düşməsindən və beləliklə də, bütün bunların fo­nunda dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtulmuşdusa, 2020-ci ilin 27 sentyabrından Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə düşmənin növbəti təxribatlarına cavab kimi başlayan, 44 gün davam edən və möhtəşəm zəfərlə, tarixi qələbə ilə başa çatan Vətən müharibəsi ilə işğal altında olan torpaqlarımız əsarətdən qurtul­du.

Bununla da ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı Milli Qurtuluş savaşı­mız 10 noyabr 2020-ci ildə onun müəyyənləşdirdiyi siyasi xətlə müdrik rəhbərimizin layiqli da­vamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü, ardıcıl, qətiyyətli siyasəti, peşəkar diplomatik gedişləri və mahir sərkərdəlik məharəti sayəsində öz məntiqi sonluğuna çatdı. Müstəqil, qüdrətli, ərazi bütövlü­yünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açıldı. Bu səhifələr özündə qurtuluş­dan quruculuğa gedən anları, günləri, illəri parlaq şəkildə əks etdirir. Xoşbəxt xalqıq ki, bu səhifələr də məhz ulu öndərimizin müəyyənləşdirdiyi konsepsiya ilə müdrik rəhbərimizin layiqli davam­çısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən yazılır.

2021-ci ilin may ayında mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu olan Şuşada Müzəffər Ali Baş Koman­danımız İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən “Xarıbül­bül” musiqi festivalında bütün dün­ya bir daha dövlətimizin gücünün, xalqımızın müdrikliyinin, dövlət başçımızın əzminin, yenilməz iradəsinin və bütün bunların fonunda isə Azərbaycanın, sözün əsl mənasında, ən böyük bəladan qurtulduğunun şahidi oldu. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir!

 

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru

15 İyun 2021 00:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə