Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mina xəritələrinin ölkəmizə təqdim edilməsi müsbət hadisədir

 

 

Məlum olduğu kimi, bu il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş na­ziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan Hökumətinin dəstəyi təqdirə layiqdir. Eyni zamanda, ABŞ dövlət kati­bi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və ATƏT-in İsveç sədrliyi bu xeyirxah aksiyaya dəstək veriblər.

Bu hadisə ölkə ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissilə qarşı­lanıb. Onlardan bir neçəsinin rəy və düşüncələrini qəzeimizin oxucularına təqdim edirik.

– Babakişi Quliyev,

Qocaman alim-bağban:

– Mən bu xəbəri eşidib çox se­vindim. Ona görə sevindim ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən, minatəmizləyənlərin həyatını və sağ­lamlığını təhlükədən xilas edəcək. Bu, həm də o deməkdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrinin icrası və məcburi köçkünlərin qayıdışı prosesi sürətlənəcək.

Mənim 80-dən çox yaşım var. Öm­rümün böyük hissəsini yaşamışam. Al­lahın hər bir insana bəxş etdiyi həyatın son dərəcə dəyərli və əvəzsiz olduğunu yaxşı başa düşürəm. Arzu edirəm ki, təkcə Ağdamda deyil, Qarabağın digər işğaldan azad edilmiş ərazilərində də basdırılan bütün mina xəritələri qayta­rılsın.

Qoy xalqımız Ağdamda, doğma Qarabağımızın digər bütün bərəkətli torpaqlarında yenidən əkib-becərməklə, qurub-yaratmaqla məşğul olsun! İnşal­lah, belə də olacaq!

Habil Niftalı, “Optimist” Sosial problemlərin həlinə yardım” İctimai Birliyinin sədri:

– Mən bir vətənpərvər gənc, eyni za­manda vətəndaş cəmiyyəti fəalı olaraq, bir neçə saxlanılan erməni hərbçisinin müqabilində minaların xəritəsinin ölkəmizə verilməsini alqışlayıram. Bizim xalqımız humanist xalqdır. Azərbaycan dövləti üçün hər bir insanın həyatı çox dəyərlidir.

Hesab edirəm ki, bu hadisə ölkəmizin xarici siyasətinin ciddi uğur­larından sayılmalıdır. Bizim diploma­tiyamız hüquq və ədalətə söykənir. Görünən budur ki, Azərbaycan regionda həm hərbi, həm də diplomatik cəhətdən davamlı olaraq güclənir. Ermənistan hakimiyyəti bu amillə hesablaşmağa məcbur olur.

Hər kəs bilməlidir: Azərbaycan xalqı torpaqlarımıza göz dikənləri layiqincə cəzalandırmağa qadirdir. 44 günlük şan­lı Vətən müharibəsi bu həqiqəti bir daha bütün dünyaya göstərdi.

Qələmə aldı: M.HACIXANLI,“Xalq qəzeti”

15 İyun 2021 00:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə