Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan bütün ərazilərin mina xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməlidir

Azərbaycan tarixi torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra ermənilərin böyük bir ərazidə başdırdığı mina problemi ilə qarşılaşdı. Təbiidir ki, rayon və kəndlər minalardan təmizlənməyincə insanların öz evlərinə qayıtması mümkün deyil. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ilk mərhələdə minalar təmizlənməlidir. Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi artıq xeyli vaxtdır ki, bu işlərlə məşğuldur. Amma erməni tərəfi mina xəritələrini Azərbaycana təhvil versəydi, bu proses daha inten­siv və daha təhlükəsiz başa çatdırıla bilərdi. Erməni tərəfi isə uzun müddət bundan imtina edirdi.

 

Nəhayət, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycan, Ermənistan və Gürcüsta­na səfər edib danışıqlar apardıqdan və Gürcüstanın Baş naziri İrakli Qaribaş­vilinin vasitəçilik missiyasını üzərinə götürməsindən sonra Ermənistan Ağdam ərazisində basdırılmış 97 min mina xəritəsini Azərbaycana verməyə razılaşıb. Azərbaycan isə humanitar jest göstərərək, 15 ermənini ölkəsinə qayta­rıb. Bununla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Əziz Ələkbərli dedi:

– İyunun 12-də ABŞ nümayəndəsinin və Gürcüstan baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasın­da çox vacib bir anlaşma əldə olundu. Bu, əslində Azərbaycan Prezidentinin prinsipial mövqeyinin yeni mühüm nəticəsi kimi qiymətləndirilməlidir. Dövlət başçımız son zamanlar, demək olar ki, bütün görüşlərində bu xəritələrin təhvil verilməsinin vacibliyini vurğulayırdı. Prezident İlham Əliyev iyunun 12-də on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirinin etimadnaməsini qəbul edərkən də bu məsələyə toxundu, qeyd etdi ki, yüz minlərlə azərbaycanlı öz yurd-yuvasına qaytarılmalıdır. Lakin minalara görə bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılıb və müharibə dayanandan son­rakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın Azərbaycana mina xəritələrini vermədiyinə görə həlak olub və ya yaralanıb. Bununla yana­şı, Ali Baş Komandan “Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı mi­nalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq”, “Tezliklə yaxşı xəbərlər olacaq”, – deyə bildirmişdi.

Azərbaycan ərazisinə qanun­suz keçdiyinə görə saxlanılmış 15 Ermənistan vətəndaşının Gürcüstan–Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə ölkələrinə qaytarılması isə Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Azərbaycanın bu addımı beynəlxalq siyasi təhlilçilər tərəfindən də yüksək qiymətləndirilib. Onların fikrincə, Azərbaycanın saxlanılmış erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin mina­lardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır. Eyni zamanda bəyan edilir ki, ABŞ, ATƏT-in Minsk qrupu və təsir gücünə malik digərləri prosesi irəli aparmaq üçün çalışmaqda davam etməlidirlər.

Zənnimcə, Ermənistanın Ağda­mın mina xəritəsini təqdim etməsi ilə kifayətlənmək doğru olmazdı. Əslində, ermənilər bütün ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana təqdim etməlidirlər. Heç cür anlamaq olmur ki, hər dəfə bir rayonun xəritəsini verərkən Ermənistan Azərbaycan tərəfində saxlanılan hərbi cinayətkarların azad olunması tələbinimi irəli sürməlidir? Bu mənada, əlbəttə, ilk addım kimi görülmüş işləri təqdir edirik, amma bundan sonra ermənilər qalan rayonların mina xəritələrini də verməlidir.

Elə Avropa İttifaqının son addımlarla bağlı bəyanatında da deyilir ki, bun­lar Bakı və İrəvan tərəfindən mühüm humanitar addımlar və etimad yara­dan jestlərdir. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin açıqlama­sında bildirilir: “Aİ bunun tərəflər arasında gələcək əməkdaşlığa və itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin möv­cud xəritələrinin bütünlüklə verilməsinə yol açacağına ümid edir. Avropa İttifa­qı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələri daha geniş əməkdaşlığa çağırır”.

Aİ rəsmisi qeyd edir ki, Avropa İttifaqı mümkün olduğu təqdirdə sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək, münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.

Söhbəti yazdı:

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 İyun 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə