Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir

Biz indi böyük bir çağırışla üzləşmişik. Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq qələbəsindən sonra da Ermənistanın regionda sülh və əmin-amanlığın bərqərar olmasına maraq göstərmədiyinin şahidi olduq. Belə ki, düşmən minaladığı ərazilərin xəritəsini Azərbaycana verməməklə, bununla da respublikamızın işğaldan azad edilən ərazilərində məskunlaşma prosesini süni şəkildə əngəlləməklə istər hərbçilər, istərsə də mülki insanlar arasında tələfatın yaşanmasına çalışıb. Beləliklə, hərb mey­danında məğlub olan, açıq döyüşdə darmadağın edilən Ermənistan müharibədən sonra mina xəritələrini verməkdən imtina etmək kimi rəzil hərəkətlə Azərbaycana zərbə vurmağa cəhd göstərib. Lakin işğal­çı unudur ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması daha çox onun özü üçün zəruridir. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan, sadəcə, hərbi baxımdan ağır itkilərlə qarşılaşmayıb, həm də onun bütün iqtisadiyyatı sıradan çıxıb, sosial vəziyyəti fəlakətli həddə çatıb.

Ümumiyyətlə, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən bəyanatın imzalanması ilə İkinci Qa­rabağ müharibəsi başa çatsa da, beynəlxalq konvensiyalara, habelə əldə edilən razılıqlara baxmayaraq, işğalçı dövlət mina xəritələrini ölkəmizə verməkdən boyun qaçırmaqla, yüzlərlə günahsız, dinc insanın ölümünə səbəb olub.

Xatırlatmaq yerinə düşər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə piyada əleyhinə minalar basdırmaqla və minalanan ərazilərin xəritələrini verməkdən boyun qaçırmaq­la beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının I saylı Əlavə Protokolunun tələblərini pozub və bunu rəsmi şəkildə bildirməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

İyunun 4-də xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunan televi­ziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfərin həyatını itirməsi, 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması erməni faşizminin əyani ifadəsidir. Bu, bir daha göstərdi ki, beynəlxalq hüqu­qun norma və prinsiplərinin əleyhinə gedərək, Ermənistan bu gün də sülhə, təhlükəsizliyə və beynəlxalq razılaşmala­ra məhəl qoymur, insanlıq əleyhinə olan bütün hərəkətlərini israrla davam etdirir.

Prezident İlham Əliyev iyunun 12-də ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərin etimadnamələrini qəbul edərkən, Ermənistanın mina­ladığı torpaqların xəritəsini respub­likamıza verməməklə işğaldan azad edilən ərazilərimizdə məskunlaşma prosesini əngəllədiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı əvvəlcə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan Vətən müharibəsində keçən il qazanılan parlaq qələbənin region, o cümlədən, Azərbaycan üçün yeni dönəm olduğunu, respublikamızın və qonşu dövlətlərin yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib. Ölkə rəhbəri, eyni zamanda, Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərinə əməl etmədiyini və torpaqlarımızı, demək olar ki, 30 il ərzində işğal altında sax­ladığını, beynəlxalq hüququ kobudca­sına pozduğunu, erməni qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çı­xarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsini kobudca­sına pozduğunu da vurğulayıb. Prezi­dent İlham Əliyev daha sonra deyib: “Müharibədən sonra regionda yeni real­lıq, yeni vəziyyət yaranıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə dərhal baş­ladı. Siz işğaldan azad olunmuş əraziləri ziyarət edəcəksiniz, şəhərlərimizin, kəndlərimizin, tarixi və dini yerlərimizin tamamilə dağıdıldığını özünüz görəcəksiniz. Vandalizm və barbarlıq – işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. Biz indi böyük bir çağırışla üzləşmişik. Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb…”.

Bəli, ermənilər tərəfindən basdırılan çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunan ra­yonlara qaytarılmasına ciddi maneə yaradır. Müharibə başa çatandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən yeddi ayda 100-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Prezident İlham Əliyevin Ermənistanı mina xəritələrini verməyə məcbur etmək üçün apardığı məqsədyönlü və prinsipial siyasət isə artıq öz məntiqi nəticəsini verib. Düşmən ölkə Ağdam rayonu üzrə tank və piya­da əleyhinə 97 min minanın xəritələrini Azərbaycana təqdim edib. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olun­ması ilə nəticələnən parlaq zəfərimizdən sonra dövlətimizin başçısının növbəti qələbəsidir. Bu, eyni zamanda, böyük beynəlxalq aktorların Ermənistanın minalanan ərazilərin xəritəsini verməsi barədə Azərbaycan tərəfinin haq­lı tələblərinin, dövlət sərhədinin delimitasiyası ilə bağlı təkliflərinin dəstəklənməsinin məntiqi nəticəsidir.

Yeri gəlmişkən, Ermənistanın faşist xisləti ilə bağlı bir məqamı da xatırlat­maq istərdik. Belə ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində seçiciləri ilə görüşdə Azərbaycanın işğaldan azad edilən yalnız bir rayonunda 100 minə yaxın müxtəlif növ minanın basdırılma­sı faktı ilə bağlı deyib ki, Azərbaycana təqdim olunan mina xəritəsi əllərində olan xəritələrin kiçik bir hissəsidir. Paşin­yanın bunu rəsmi şəkildə bəyan etməsi Azərbaycanın davamlı olaraq beynəlxalq təşkilatlara ifadə etdiyi narahatlığın nə dərəcədə əsaslı olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən bu barədə deyib: “Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiya­cımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr, peşman olacaq­lar”. Hadisələrin gedişi isə göstərir ki, Ermənistanda bu məsələdə yersiz inad göstərməyin əbəs olduğu artıq başa düşülür.

Yeri gəlmişkən, ABŞ-ın Dövlət katibi Entoni Blinken, onun Avropa və Avrasi­ya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şu­rasının prezidenti Şarl Mişelin, ATƏT-in İsveç sədrliyinin, habelə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaq­la, Gürcüstan hökumətinin humanitar aksiyanın reallaşmasında rolu böyükdür.

Burada bir məqamı da qeyd etmək istərdik. İyunun 12-də Azərbaycan və Ermənistanın iki ölkə arasında və ümumilikdə, Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atma­sı ilə bağlı Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Se­kuta və səfir Riçard Hoqland tərəfindən bəyanat verilib. Həmin bəyanatda bildi­rilir ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qa­yıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib. Mübadilə Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələrin saxla­nılan 15 nəfər erməninin Ermənistana təhvil verilməsi müqabilində alınması on minlərlə vətəndaşımızın, o cümlədən, minatəmizləyənlərin həyatını və sağlam­lığını təhlükədən xilas edəcək və Prezi­dent İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesi­ni sürətləndirəcək.

Beləliklə, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını Ermənistana təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin bizim üçün dəyərli olmasını göstərdi. Bu anlaşma, eyni zamanda, tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün mü­hüm töhfə verəcək. Ən əsası isə Cənubi Qafqaz regionunda əməkdaşlığın və sa­bitliyin təmin olunması üçün Ermənistan tərəfi əsasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq.

Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında ən sərt formalarda bu xəritələrin vacibliyini və Ermənistanın bu xəritələri təhvil verməli olduğunu bildirib. Azərbaycan Prezidenti bütün beynəlxalq platformalarda, bütün çıxışlarında torpaqlarımızın minalanması məsələsini diqqətə çatdırıb. Dövlət başçısı dəfələrlə beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi müdaxilə etməsini və Ermənistanın xəritələri verməsini bildirib.

ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələ ilə bağlı çağırışları, Ermənistanın mina xəritələri vermək məcburiyyətində qalması Prezident İlham Əliyev diplomatiyasının növbəti böyük nailiyyətidir.

Artıq Azərbaycan Prezidentinin bölgədə yaratdığı reallıqlar öz sözünü deyir. Kaputiliyasiya aktını imzalayan Ermənistan hakimiyyəti indi də mina xəritələrini vermək məcburiyyətində qalıb.

Mina xəritələrinin olmaması təkcə Ağdam rayonunun ərazisinin minalar­dan təmizlənməsi prosesini illərlə uzada bilərdi ki, bu da Azərbaycan büdcəsinə əlavə olaraq on milyonlarla manata başa gələrdi, ölkəmizin yüzlərlə vətəndaşı həlak ola bilərdi. Təbii ki, bunun da nəticəsində bərpa işlərini sürətlə apar­maqda və əhalinin bu torpaqlara qayıt­masını təmin etməkdə çətinliklər yara­nardı.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

15 İyun 2021 00:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə