Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin Sərəncamı şəhid jurnalistlərin ailə üzvləri və həmkarları tərəfindən dərin rəğbət hissi ilə qarşılanıb

 

 

İyunun 14-də Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizdə vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Azərbaycan Dövlət İnforma­siya Agentliyinin (AZƏRTAC) aparıcı müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının opera­toru Sirac Abışovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə imzaladığı sərəncam hər kəs, o cümlədən şəhidlərin ailə üzvləri, həmkarları tərəfindən dərin rəğbət hissi ilə qarşılanıb.

Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyev öz xidməti vəzifələrini yerinə yetirərkən mənfur düşmənin basdırdığı minanın partla­ması nəticəsində şəhid oldular. Onlar düşmənin işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparır, çətin missiyanı uğurla icra edirdilər. İyunun 4-də Kəlbəcərdə çəkiliş aparmağa gedərkən onların olduğu nəqliyyat vasitəsi tank əleyhinə minaya düşdü və hər üçü vəzifə borclarını yerinə yetirərkən həlak oldular. İyunun 14-də dövlətimizin başçısının imzaladığı sərəncamla hər üç şəhidimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sirac Abışovun atası Abış Səmədov deyib: “Siracı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə ailəmiz adından dərin minnətdarlığımızı bildiririk. Sirac hər zaman ona tapşırılan işin öhdəsindən layiqincə gəlməyə çalışırdı. Oğlumla qürur duyuram”.

Azadə Abışova şəhid anası kimi dövlətimizin başçısına xüsusi minnətdarlıq ifadə edərək bildirib: “Sirac çox vətənpərvər oğul idi. O, 44 günlük müharibə dövründə gecə-gündüz çalışırdı. Siracla danışarkən deyirdi ki, işğaldan azad edilən rayon­larımızın hamısı gözəldir”. Prezident İlham Əliyevin hər üç şəhidin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncamı Məhərrəm İbrahimovun ailəsi tərəfindən də böyük rəğbətlə qarşıla­nıb. Şəhidin qardaşı Əsgər İbrahimov deyib: “Dövlətimizin başçısının bu sərəncamı ailəmizi şərəfləndirdi. Şəhid ailəsi olaraq hörmətli Prezidentimizə minnətdarlığımızı bildiririk. Bu, şəhidlərimizə verilən qiymətin təzahürüdür”.

Arif Əliyevin qardaşı Mübariz Əliyev də hər üç şəhidin bu cür yüksək ordenlə təltif edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət diləyib. Jurnalistlərin həmkarları da dövlətimizin başçısının bu sərəncamını böyük ehtiramla qarşı­ladıqlarını ifadə ediblər.

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov deyib: “Prezident İlham Əliyev həmkarlarımızın fədakarlıqlarını hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxladı. Bu, dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi diqqətin bariz nümunəsidir”.

Prezident İlham Əliyevin Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsini hər zaman uca tutduğunu bildirən AZƏRTAC-ın baş redaktoru Əsəd Məmmədov bildirib: “Təbii ki, bu, ilk növbədə, dövlətimizin şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramı kimi qiymətləndirilir. Bu, həm də dövlətimizin başçısının həmkarlarımızın fədakar fəaliyyətinə verdiyi qiymətin təzahürüdür”.

İşğaldan azad edilmiş ərazilərdə çəkiliş aparan qrupun üzvü, AZƏRTAC-ın fotomüxbiri Roman İsmayılov şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüb, onların yüksək ordenlə təltif olunmalarının onda böyük qürur hissi oyatdığını bildirərək söyləyib: “Bu, onu göstərir ki, Vətəni uğrunda canından keçənlər heç vaxt nə xalqımız, nə də dövlətimiz tərəfindən unudulmur”.

15 İyun 2021 00:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə