Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci Avropa Oyunları yay olimpiadaları səviyyəsində keçirilmişdi

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq heç vaxt qitə oyunları keçirilməmişdir.

İlham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz istər idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələri, istərsə də yüksək səviyyəli təşkilatçılıq ənənələrilə ilə dünyanın sayılı idman mərkəzlərindən biridir. Əlbəttə, respublikamızda qurulmuş mövcud idman şəraiti, bu mənada dövlət proqramlarının uğurla icra edilməsi, bu sahəyə göstərilən dəstək beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu etimadın məntiqi nəticəsi kimi, son illərdə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq idman turnirlərini, olimpiadaları qeyd etmək olar. Belə kütləvi idman tədbirlərindən biri də 2015-ci ildə paytaxtımızda keçirilən Birinci Avropa Oyunları idi.

 

Bu mötəbər turnirin təşkilatçılığı 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin qərarı ilə Azərbaycana həvalə edildi. Ha­mımız yaxşı xatırlayırıq, qərarın qəbul edilməsindən sonra Prezident İlham Əliyev xalqa müraciətində hər kəsi bu münasibətlə təbrik etdi. Eləcə də, dedi ki, biz bu oyunları ən yüksək səviyyədə keçirməyə çalışmalıyıq. Əminliklə söyləmək olar ki, Birinci Avropa Oyunları həqiqətən də dünya səviyyəsində keçirilmişdir.

Oyunların ölkəmizdə keçirilməsi qərarı bir neçə amillə bilavasitə əlaqəlidir. Əvvəla, qeyd etmək lazımdır ki, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlu nəticələr qərarı şərtləndirən ən önəmli göstəricilərdən idi. Ondan əlavə, son illərdə ölkəmizdə müasir idman infrastrukturu yaradılmışdı. Ölkəmizin bölgələrində 2015-ci ilə qədər 40-dan çox Olimpiya İdman Mərkəzi fəaliyyətə başlamış­dı. Bakıda yaradılan şərait isə dünya standart­larına cavab verirdi.

Vurğulanmalı olan ən önəmli məsələlərdən biri də nəqliyyat infrastrukturu idi. Son illər ərzində Azərbaycanın nəqliyyat, yol infrastrukturları yenilənib, müasirləşdirilmişdi və bu standartlar dövrün tələblərinə tam cavab verirdi. Önəmli məsələlərdən biri də ölkəmizin beynəlxalq yarışların keçirilməsində qazandığı geniş təcrübə idi. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir. İqtisadiyyatın sürətli inkişafı, turizm sektorunda qeydə alınan dinamika və yüksək peşəkarlıqla təşkil edilən turnirlər bu qərarın qəbulunda öz rolunu oyna­mışdır.

Avropa Olimpiya Komitəsinin tarixi qərarından sonra ölkəmizdə gərgin iş pro­sesi başlandı. Əvvəlcə, Təşkilat Komitəsi, Beynəlxalq Əməliyyat Komitəsi yaradıldı. O vaxt hər kəs bilirdi ki, ilk dəfə keçiriləcək bu oyunların məhz Azərbaycana həvalə edilməsi beynəlxalq arenada ölkəmizin qazandığı nüfuzun və hörmətin göstəricisidir. Əlbəttə, bu etimadı doğrultmaq, işləri yüksək peşəkarlıqla həll etmək üçün bütün Azərbaycan vətəndaşları birləşməli, buna fəal dəstək olmalı idi. Belə də oldu. Təkcə onu demək kifayətdir ki, Birinci Avropa Oyunları­nın məşəlinin qaldırılması mərasimlərində iki milyon azərbaycanlı iştirak etmişdir. Xal­qın bu dəstəyi oyunların yüksək səviyyədə keçirilməsinə şərait yaratdı.

Qeyd etmək lazımdır ki, bu oyunların keçirilməsi üçün cəmi iki il yarım vaxt var idi. Oyunların miqyasını düşündükdə, bu qədər qısa vaxt ərzində nə qədər gərgin iş görüldü­yünü təsəvvür etmək çətin deyil. Bir məsələ də ondan ibarət idi ki, keçiriləcək olan Avropa Oyunları tarixdə birinci olacağı üçün konkret standartlar da mövcud deyildi. Bu, çox önəmli detaldır. Çünki dünyada keçirilən yarışlara nəzər salsaq görə bilərik ki, bütün təşkilatçılıq məsələləri, idman kompleksləri, o cümlədən reqlament dəfələrlə sınaqdan keçirilib və hazırkı ev sahibi üçün yetərincə standart prosedurlar mövcuddur. Lakin bütün bunlar bi­rinci Avropa Oyunlarına şamil oluna bilməzdi. Fəxrlə söyləmək olar ki, ilk dəfə bu oyunların standartları məhz “Odlar yurdu”nda yarandı və bu ən yüksək standartlar kimi oyunların tarixinə düşdü.

Həmçinin oyunların keçirilməsi üçün Ba­kıya gələn Beynəlxalq Əməliyyat Komitəsinin peşəkar nümayəndələri də təşkilati məsələlərə öz töhfələrini vermişdilər. Prezidentimizin də xüsusi vurğuladığı kimi, bu dəstək yarışların ən yüksək səviyyədə təşkilini mümkün etmiş­dir.

Burada xüsusi qeyd edilməli bir məqam da könüllülərin fəaliyyəti idi. Ölkə başçısı Avro­pa Oyunlarının keçirilməsində könüllüllərin fəaliyyətini yüksək qiymətləndirdi və qeyd etdi ki, oyunların təşkilində böyük yük onla­rın üzərinə düşdü: “Konüllülər bir daha onu göstərdi ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, “qara qızıl”ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, — onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir.”

Avropa Oyunlarının keçirlməsində Təşkilat Komitəsinin fəaliyyətini ayrıca vurğulamaq lazımdır. Çünki komitə yaradıldığı ilk gündən gərgin iş rejiminə keçmiş və oyunlara hazırlıq mərhələsini ən yüksək səviyyədə tamamla­mışdır. Əlbəttə, qurumun rəhbəri kimi birinci xanım Mehriban Əliyevanın da müstəsna xidmətləri olmuşdur. Məhz Mehriban xanım bu oyunların yüksək səviyyədə keçirilməsinə böyük töhfələr vermişdir. Hətta ölkə başçısı bu fəaliyyətdən danışarkən qeyd etdi ki, Mehriban xanım oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur.

Ümumiyyətlə, Təşkilat Komitəsinin tərkibi müəyyən edilərkən ölkə başçısı xüsusi həssaslıq göstərmiş və peşəkar təcrübəli insanları bu vəzifəyə təyin etmişdir. Həmin günlərdə dövlətimizin başçısı iftixarla qeyd edirdi ki, Təşkilat Komitəsində yüksək peşəkarlıq, məsuliyyət və ən önəmlisi xal­qa, dövlətə sevgi, məhəbbət var və bunlar ümumilikdə, ölkəmizin əldə etdiyi uğurun əsas şərtləridir.

Ölkəmiz qədim zamanlardan etibarən sivili­zasiyalararası, millətlərarası, dinlərarası dialo­qun, dünyəviliyin bir parçası olub. Azərbaycan nadir ölkələrdən biridir ki, burada bütün xalqların, dinlərin nümayəndələri birgə, ailə kimi yaşayır. Respublikamız Avropa və Asi­yanı, sivilizasiyaları birləşdirir. Məhz bu amil də nüfuzlu beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsinə rəvac verir.

Birinci Avropa Oyunları Azərbaycan idmançılarının uğurlu nəticələri ilə yadda qaldı. Belə ki, ölkəmiz komanda hesabın­da ikinci yeri tutaraq, tarixi nailiyyətə imza atdı. Bu, bir daha onu göstərirdi ki, oyunların Azərbaycanda keçirilməsi heç də təsadüfi de­yil. Ümumiyyətlə, Birinci Avropa Oyunları istər təşkilati baxımdan, istər yarışların keçirildiyi idman qurğuları və stadionlar baxımından Yay Olimpiya Oyunlarından geri qalmır, hətta bir çox xüsusiyyətinə görə örnək təşkil edirdi. Belə ki, burada Yay Olimpiya Oyunlarının proqramına daxil edilməyən idman növləri var idi ki, bu da yarışların rəngarəngliyini artırırdı. Yerli və xarici idman ekspertləri bu məqamı yüksək qiymətləndirmiş, Azərbaycanda baş­ladılan bu ənənənin Olimpiya tarixinə böyük töhfə verəcəyini demişdilər.

Belə mütəxəssislərdən biri də Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov idi. O Bakıda keçirilən Birinci Avropa Oyunları barədə təəssüratlarını bölüşərkən bu oyunları London Olimpiadası ilə müqayisə edərək bildirmişdi ki, təşkilatçılıq və idman qurğularının yüksək standartlara cavab verməsi baxımından Bakı heç də geri qalmır.

Qeyri-olimpiya növlərinin proqrama daxil edilməsinə də münasibət bildirən A.Jukov dedi ki, bu çox düzgün qərardır. Əlbəttə, bu idman növlərinin də kifayət qədər tamaşaçısı var və insanlar bu yarışların Avropa Oyunlarına daxil edilməsini çox yüksək qiymətləndirirlər. Bu idman növləri arasında ən populyarı sambo idi ki, bir çox ölkənin Olimpiya Komitəsi bu növün Yay Olimpiya Oyunlarına daxil edilməsi üçün çalışır.

Ümumən yarışlar çox maraqlı keçdi. Azərbaycan yüksək peşəkarlıqla Birinci Avro­pa Oyunlarına evsahibliyi etdi. Ölkəmizdə ya­ranan yeni standartlar təkcə Avropa Oyunları üçün yox, həm də Yay Olimpiya Oyunları üçün örnək olası nümunəvi yeniliklərlə yadda qaldı.

İmran ƏLİYEV, “Xalq qəzeti”

13 İyun 2021 00:51 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə