Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Skuadro adzurro” güclü bir səddi keçə bildi

 

Nəhayət, iyunun 11-də milyonlarla futbol azarkeşinin nigaranlığına son qoyuldu. Bir ildən sonra məhdud sayda tamaşaçının iştirakı ilə, maska taxmaq tələbi ilə də olsa, futbol üzrə Avropa çempionatının startı verildi. Futbol tarixinin ən anomal turniri dünyanın ən qədim stadionlarından birində – Romanın “Stadio Olimpik” meydanında baş tutdu. Turnirin rəsmi açılışını etmək şərəfi qardaş Türkiyə və İtaliya milli yığma komandalarının qismətinə düşdü.

Təbii ki, turnirin 4 oyununa evsahibliyi edənlərdən biri olan Azərbaycanda da bu idman qarşılaşmasına maraq son dərəcə böyük idi. Çünki Romada qardaş Türkiyə yığması ilə turnirin favoritlərindən biri sayılan “skuadro adzurro” (mavi eskadron - İ.R.) ilə qarşılaşacaqdı. Maraqlıdır ki, İtaliya millisinin baş məşqçisi Roberto Mançininin yetirmələri doğma “Stadio Olimpik”də meydana çıxsalar da, rəsmi ev sahibi Türkiyə millisinin baş məşqçisi Şənol Günəşin futbolçuları hesab edilirdilər.

Hollandiyalı referi Danni Makkelinin oyunun, eyni zamanda, turnirin açılışını bildirən fiti səsləndikdən sonra topa ilk toxunan ay-ulduzluların kapitanı Burak Yılmaz olsa da, bundan dərhal sonra bütün oyun “skuadro adzurro”nun tam üstünlüyü şəraitində keçdi. İlk hissədə hesab açılmasa da, ay-ulduzlular rəqib qapısına bir zərbə belə endirə bilmədilər. Çərçivəyə vurulan zərbələrdə hesab 14-0 İtaliya millisinin xeyrinə idi. Oyunun ilk hissəsinin son dəqiqələrində hollandiyalı hakimin ya mərhəməti, ya da səhvi üzündən Uğurcan Çakırın qapısına onbir metrlik cərimə zərbəsi təyin edilmədi: 0-0.

İkinci hissə “ay-ulduzlular” üçün heç də uğurlu başlamadı. “Stadio Olimpik”in sahiblərinin inadlı hücumları və Çakırın qoruduğu qapının qarşısında yaratdıqları çoxsaylı qol vəziyyətləri, nəhayət, ki, türk futbolçularının kobud səhvinə səbəb oldu. Oyunun 53-cü dəqiqəsində İtaliyanın “Yuventus” klubunun, həm də Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demirəl rəqibi Leonardo Spinaççiolinin vurduğu zərbənin qarşısını alıb, sinəsilə qapıçı Çakıra ötürmə etmək istəyərkən, topu öz qapılarından keçirdi: 0-1

Beləliklə, Avropa çempionatının tarixində ilk dəfə turnirdə hesab avtoqolla açıldı. Merih Demirəlin Türkiyə futbol tarixinə necə düşəcəyini demək çətin olsa da, Avropa çempionatı tarixinə turnirlərdə hesabı avtoqolla açan ilk oyunçu kimi düşdü.

Bundan sonra türkiyəli məşqçi Şənol vəziyyəti dəyişmək və bərabərlik topu vurmaq üçün oyunçu dəyişikliyi edib hücumu gücləndirməyi qərara aldı. Amma Mançinin yetirmələrinin pressinqi və aramsız hücumları qarşısında tab gətirməyən “ay-ulduzlular” 66-cı dəqiqədə ikinci topu qapılarında gördülər. Qapıçı Çakır rəqib Berardinin sağ cinahdan endirdiyi zərbəni dəf etsə də topu qazanan İmmobilenin çərçivəyə vurduğu zərbənin qarşısını ala bilmədi: 0-2.

Bu hesabdan sonra bir qədər arxayınlaşan İtaliya millisi oyunu bir qədər sakit məcraya yönəltməyə başladı. Amma bu, rəqibin taktiki gedişi idi və artıq ardıcıl hücumlar deyil, “ay-ulduzlular”ın hücumunun qarşısını alıb, onları sürətli əks-hücumda yaxalamaq istəyirdilər. Oyunun 79-cu dəqiqəsində Türkiyə yığmasının qapıçısı Uğurcan Çakır çox kobud səhvə yol verdi. Oyun boyu qapı xəttindən vurduğu zərbələrlə topu rəqib meydanına, hətta rəqibin cərimə meydançasına çatdıran Çakır bu dəfə sanki italiyalı hücumçu Barelliyə ötürmə etdi. Barellidən ötürmə alan İmmobile isə dəqiq zərbə ilə topu cərimə meydançasının sol cinahından hücuma keçən İnsinyeyə ötürdü. İtalyan hücumçuya bu nöqtədən topu qapının uzaq küncünə fırlatmaq elə də çətin olmadı. Qol: 0-3.

Bundan sonra türk futbolçular heç olmasa təsəlli qolu vurmaq üçün ciddi hücumlara başladılar. Yalnız 90+2-ci dəqiqədə belə bir imkan qazana bildilər. Kapitan Burak Yılmaz az qala qapıçı Donnarumma ilə təkbətək çıxacaqdı, lakin son anda Kellini ustalıqla zərbənin qarşısını alıb, topu qapı xəttindən kənara çıxardı. Beləliklə, Türkiyə və İtaliya milli komandalarının qarşılaşması ilə start götürən və bir ay davam edəcək Avro-2020-nin ilk oyunu “skuadro adzurro”nun 3-0 hesablı qələbəsi ilə başa çatdı.

Amma Avropanın möhtəşəm futbol turnirində “ilkə” imza atan təkcə Demirəl olmadı. İtaliya yığmasının kapitanı və mərkəz müdafiəçisi Jorjino Kellini Türkiyə ilə oyuna çıxmaqla Avropa Çempionatında dördüncü dəfə iştirakını tarixə yazdı. Bununla da 36 yaşlı italyan futbolçu Canluici Buffon və Alessandro Del Piyeronun milli rekordunu təkrarlayaraq, onların sırasında yer aldı.

Ümumiyyətlə, turnirin birinci oyunu bir çox ilklərlə tarixə düşdü. Məsələn, İtaliya yığma komandasının qolkiperi Canluidji Donnarumma Türkiyə ilə qarşılaşmada meydana çıxmaqla, dünya və Avropa çempionatları kimi böyük turnirlərdə “skuadro adzurro”nun ən gənc qapıçısı oldu. İtaliyalı qolkiper bu rekorda 22 yaş 106 gündə imza atdı. Əvvəllər bu rekord 23 yaş 342 günlə Corco Geççeyə məxsus idi.

Xatırladaq ki, Türkiyə ilə qarşılaşma İtaliya yığmasının Avropa çempionatlarında 39-cu oyunu idi. Avropa birinciliyində iştirak etdikləri vaxtdan bu günə ilk dəfədir ki, “skuadro adzurro” bir oyunda 3 qol vurur.

Komandanın məşqçisi Roberto Mançini də uğurlarına görə yetirmələrindən geri qalmır. Artıq 28 oyundur ki, onun rəhbərlik etdiyi yığma komanda məğlubiyyətin nə olduğunu bilmir. Bu İtaliya yığmasının tarixində ikinci göstəricidir. Rekord 1935-ci ildən 1939-cu ilə qədər yığmaya rəhbərlik etmiş Vittorio Poççoya məxsusdur. Həmin məşqçinin rəhbərliyi ilə İtaliya millisi 30 oyunda məğlubiyyət acısı yaşamamışdır.

Özünün ardıcıl 9-cu qələbəsini qazanan Roberto Mançinin yetirmələri bu oyunlar ərzində qapılarından bir top belə buraxmamışlar. Bu isə İtaliya yığmasının tarixində ilk belə göstəricidir.

Statistika göstərir ki, Türkiyə yığma komandasının İtaliya ilə oyunun birinci hissəsində qapıya bir zərbə belə endirməməsi də, 1980-ci ildən bu yana turnirin tarixində üçüncü belə oyundur. 2000-ci ildə belə bir hal İtaliya ilə Hollandiya arasında, 2016-cı ildə isə Şimali İrlandiya ilə Polşa arasında keçirilən oyunda baş vermişdir. Avro-2004-də isə Hollandiya ilə Latviya arasında keçirilən oyunda qapıya zərbələrin fərqi 16-1 olub.

Beləliklə, İtaliya yığması bu qələbə ilə ilk 3 xalını qazanıb və Avro-2020-nin A qrupu kvartetinin turnir cədvəlində birinci yerə yüksəlib. İndi Türkiyə millisinin növbəti mərhələyə keçməsi yalnız onun qarşıdakı oyunları qələbə ilə başa vurmasından çox asılı olacaq. Buna isə “ay-ulduzlular”ın nail olacağına Türkiyədə də, Azərbaycanda da çox inanırlar. Çünki bunun bir səbəbi Türkiyə futbolçularının əzmkarlığıdırsa, ikinci səbəb onlar üçün doğma olan meydanda, Azərbaycan torpağında oynamalarıdır.

Yeri gəlmişkən dünən – iyunun 12-də isə futbol bayramına A qrupunun ikinci oyunu ilə Bakının Olimpiya stadionunda start verilib. Formula 1-in “kral yarışması”ndan sonra idmansevərlər futbol bayramının həzzini Uels yığma komandası ilə İsveçrə yığması arasında baş tutan maraqlı və gərgin qarşılaşmada yaşamışlar. Oyun hər iki tərəfin qarşılıqlı hücumları ilə diqqət çəkmişdir. Oyun nə qədər gərgin keçsə belə Bakı qarşılaşmasının birinci hissəsində də qapılara top vurulmadı. Yalnız ikinci hissənin debütündə isveçrəlilər, 7 nömrəli oyunçu Brel Embolonun qolu ilə hesabda irəli çıxa bildilər. Daha çox müdafiə futbolu nümayiş etdirən Uels millisi bundan sonra hücumların sayını artırdı. Oyunun başa çatmasına 16 dəqiqə qalmış Uels komandasının ən fəallarından olan Kiffer Mur həmkarı Morellanın hava ötürməsini başla qola çevirdi: 1-1.

Gərgin və maraqlı qarşılaşmanın başa çatmasına yaxın isveçrəlilərin komandasında yenicə meydana çıxmış Mario Qavranoviç baxımlı qol vurdu. Lakin referi VAR-ın köməyi ilə topun oyundankənar vəziyyətdən vurulduğunu bildirib qolu hesaba almadı. Beləcə, Avro-2020-nin ikinci və Bakının Olimpiya stadionunda keçirilən birinci - Uels -İsveçrə qarşılaşmasında qalib müəyyənləşmədi: 1-1. Bu qarşılaşmalardan sonra İtaliya 3 xalla A qrupunda vahid liderliyə yüksəldi.

Dünən Avro-2020-nin B qrupunda yer alan Belçika–Rusiya, Danimarka–Finlandiya millilərinin oyunu baş tutub. Danimarkalılar Koponhagendə Finlandiya millisini, Rusiya isə Sankt-Peterburqda Belçikanı qəbul edib. Bakı vaxtı il saat 20:00-da başlayan Danimarka–Finlandiya qarşılaşması oyunun 43-cü dəqiqəsində təxirə salınıb. Buna səbəb Danimarka millisinin yarımmüdafiəçisi, 10 nömrəli futbolçu Kristian Eriksinin qəfildən ürəyinin dayanması olub. UEFA-dan verilən məlumatda bildirilib ki, Eriksenin huşu özünə qayıdıb.

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”

13 İyun 2021 01:00 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə