Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın üzü gülür

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan işğal­çı Ermənistan üzərində tarixi qələbə qazandıqdan sonra azad edilmiş ərazilərimizdə dövlətimiz tərəfindən ge­nişmiqyaslı bərpa-quruculuq işləri, inf­rastruktur layihələri davamlı şəkildə icra olunur. Erməni vandallarının dağıtdığı, yerlə-yeksan etdiyi şəhər, qəsəbə və kəndlərimiz dirçəldilir. Azad nəfəs alan ata-baba yurdlarımızda üçrəngli bayrağımız vüqarla dalğala­nır, binalar tikilir, yaşıllıqlar salınır, məscidlərdən azan səsləri ucalır və bütün bunlar hər kəsdə böyük qürur yaradır.

 

 

Ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri tezliklə böyük qayıdışı təmin etməkdir. Əlaqədar qurumlar hər vəchlə çalışırlar ki, Qarabağ tezliklə tam dirçəldilsin, möhtərəm Prezidentimizin bununla bağlı verdiyi tapşırıq və göstərişlərə layiqincə əməl edilsin. Elə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yara­dılmış Əlaqələndirmə Qərargahının son iclası həmin tapşırıqların yerinə yetirilməsinə həsr olunmuşdu. Tədbirdə Prezident Administrasiya­sının və qərargahın rəhbəri Samir Nuriyev dövlət başçısının ötən ay ərzində Şuşa və Ağdama səfərləri zamanı bərpa və yenidənqurma işlərinə yerində baxış keçirdiyi, bir sıra təməlqoyma mərasimlərində iştirak etdiyini və zəruri tapşırıqlar verdiyini vurğulayıb və cənab İlham Əliyevin verdiyi konkret göstərişlərin və qarşıya qoyduğu vəzifələrin qərargahın gündəlik fəaliyyətində rəhbər tutulduğunu diqqətə çatdırıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə əsas prioritetlərdən biri olan minalardan təmizləmə, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturu layihələrinin icrasının vəziyyəti, su ehtiyatlarının idarə olunması və səmərəli istifadəsi, tarixi-mədəniyyət abidələrinin inven­tarlaşdırılması və bu abidələrin qo­runması sahəsində həyata keçirilən tədbirlər, həyati əhəmiyyəti olan digər məsələlər ətraflı müzakirə olunub və müvafiq tapşırıqlar verilib. Azərbaycan Prezidentinin Qarabağda bərpa və yenidənqurma işlərinin ən yüksək standartlara uyğun həyata keçirilməsi ilə bağlı tapşırığının icrası üçün bütün re­sursların səfərbər edilərək səmərəli istifadəsinin qərargahın əsas hədəfi olduğu qeyd edilib.

Bu gün Azərbaycan Cənubi Qafqazın çox əhəmiyyətli bir ölkəsi olaraq əlaqələrini daha da möhkəmləndirir. Respublikamızla işbirliyində, əməkdaşlıqda maraqlı olan, Qarabağdakı bərpa-quruculuq işlərində iştirak etmək istəyən ölkələrin sayı getdikcə artır. Dağı­dılıb talan edilmiş şəhər və rayon­larımız Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə kompleks şəkildə bərpa olunur, yenidən qurulur. Dost ölkələr də bu önəmli fəaliyyətə həvəslə qoşulurlar. Azərbaycan qa­lib dövlət kimi inkişaf edir, Qarabağ çiçəklənir, gülüstana çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə Novruz bayramı ilə bağlı müraciəti zamanı bildirmişdi ki, ilk növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə Baş planı hazırlanır, ilkin versiya­sı dövlət başçısına təqdim edilib. Tapşırıqları nəzərə alınmaq şərti ilə indi üzərində iş gedir və yaxın gələcəkdə Baş plan təsdiq olu­nacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ağdam şəhərinin Baş planı məhz 28 May – Respublika Günündə təsdiq olundu. Həmin plan “ruhlar şəhəri”nə çevrilmiş Ağdamın müasirlik və yüksək tex­nologiyalar ilə həmahəng bir diyara çevriləcəyindən soraq verir.

Ağdama səfəri zamanı ölkə rəhbəri bir sıra infrastruk­tur layihələrinin təməlqoyma mərasimində də iştirak edib. Mərkəzində süni göl, açıq havada muzey, meşə-park, tramvay və s. komponentlərinə görə Ağdam şəhəri Azərbaycanda ilk Avropa tipli bölgə şəhər olacaq. Dövlət baş­çımız şəhər 1 saylı məktəbin yeni binasının, Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak edib, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub. Artıq tam əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə qısa bir zamanda Ağdam yeni görkəmdə bütün dünyaya təqdim olunacaqdır. Prezident İlham Əliyevin dediyi kimi, “Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”.

Həyatımızın bütün sahələrdə hərtərəfli inkişafın nəticəsində Azərbaycan regionda lider dövlətə çevirib. Bərpa-quruculuq işlərimiz isə bizi bir daha həyatsevər, ya­radıcı və sülhpərvər bir ölkə kimi dünyaya tanıdır. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, şəhərin yeni Baş planının böyük səylə icra olunması, Molla Pənah Vaqifin məqbərəsinin əvvəlki görkəminə qaytarılması, Şuşa Rəsm Qalereyasında, xalça muzeyində, tarixin şahidi olan məscidlərdə əsaslı bərpa işlərinin aparılması Azərbaycan dövlətinin sülhə, inkişafa və tərəqqiyə yönəlmiş siyasətinin təntənəsini göstərir.

Bəli, mənfur düşmənin yer üzündən silməyə çalışdığı Ağ­dam, başından duman dağılmış Şuşa, Laçın, Kəlbəcər və digər bölgələrimizlə bağlı işıqlı duyğular hər birimizin qəlbini sarmışdır. Qalib Ali Baş Komandan İlham Əliyev Azərbaycanda məcburi köçkünlüyü ləğv edib, insanların əzmi yenidən dirçəlib. Böyük qayıdış günü isə uzaqda deyil. Salınan yeni yol­larla tarixi ata-baba yurdlarımıza gedəcək, həsrətimizi ovudacaq, arzularımıza qovuşacağıq.

Bu gün işğaldan azad edilmiş ərazilər düşmənin basdırdığı mina­lardan təmizlənir, hərtərəfli şəkildə elektrik enerjisi ilə təchiz olunur. Yeni istehsal və emal sahələri, su və digər kommunal xidmətlər bərqərar edilir. Bir sözlə, sabaha inamımız böyükdür, nikbinliyimiz hədsizdir. Bütün bunlara görə başı­mızı dik tutub gəzirik. Uğurlarımıza dostlarımız sevinir, düşmənlərimiz isə xar olurlar.

Seyfəddin ƏLIYEV,

YAP Masallı Rayon Təşkilatının sədri, politoloq

13 İyun 2021 00:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə