Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın qeyri-neft sektorunda müsbət göstəricilər əldə edilir

 

 

Pandemiya ilə bağlı karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4,3 faiz aşağı düşmüşdü. Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2,5 faiz, ilk 2 ayında 3,2 faiz, birinci rübdə 1,3 faiz və nəhayət, yanvar-aprel aylarında 0,2 faiz azalmışdı.

Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb.

Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi, həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşal­malara gedilməsi ilə bağlıdır. Son 5 ayda Nazirlər Kabineti yanında operativ qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə, real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldır­maqla yoluxma sayını optimallaş­dıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır ki, əksər ölkələr, o cümlədən, qardaş Türkiyə yaz ayların­da sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar.

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu da tədricən bərpa olunur. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycanın əsas kapitalına 4,907 milyard manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumata görə, neft-qaz sekto­runa yatırılmış investisiyaların həcmi 2,1 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 7,9 faiz azalıb. İstifadə olunmuş vəsaitin 3 392,2 milyon manatı və ya 69,1 faizi məhsul istehsalı sahələrinə, 1143,2 milyon manatı (23,3 faizi) xidmət sahələrinə, 371,6 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 960,8 milyon manatını və ya 60,3 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 287,1 milyon manatı və ya 67 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Respublikada turizm və ticarət sektorlarında da iqtisadi aktivliyin yüksələcəyi gözlənilir. Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektor­dur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2,7 milyard dollardan çox olub. Pandemi­yadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar, həmçinin məşğulluğun təmin edilməsi mühüm önəm da­şıyır. Bu baxımdan, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər.

Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir.

Vüqar BAYRAMOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

13 İyun 2021 00:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə