Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bü­tün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazan­masaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaq­dı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı baha­sına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Ordusu ötən il sentyabrın 27-də işğalçı Ermənistana qarşı başladığı əks-hücum əməliyyatı ilə təcavüzkarın 30 il ərzində işğal altında saxladığı əzəli-əbədi torpaqlarımızı azad etdi. Bununla da silahlı qüvvələrimiz 44 gün ərzində qazandığı parlaq qələbə ilə Ermənistanın qəsbkarlığına son qoydu. Dövlətimizin başçısının vurğuladığı kimi, müzəffər silahlı qüvvələrimiz bu savaşla təkcə faşist Ermənistan dövlətini deyil, həm də insanlığa qənim kəsilən faşizmi məğlubiyyətə uğratdı.

 

Düşmənin faşist xislətindən danışarkən, bir məqamı xüsusilə qeyd etmək istərdik. Belə ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı hər zaman nifrət hissi ilə yanaşıb, xalqımızın tarixini bilərəkdən saxtalaşdı­rıb, bununla da dünyada ictimai rəyi çaşdırmağa cəhd göstərib. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bununla bağlı de­yib: “Uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, Azərbaycanla və bizim nə istədiyimizlə bağlı tamamilə qeyri-real mənzərə yaradırdı. Biz, sadəcə, ərazi bütövlüyümü­zü bərpa etmək istəyirdik, tarixə və beynəlxalq hüquqa əsasən bizə məxsus olmuş ərazilərimizi geri qaytarmaq istəyirdik. Biz bir milyon azərbaycanlının öz evlərinə geri qayıtmasını istəyirdik və bizim tələbimiz legitim idi. Beynəlxalq hüququ pozan və bizim ərazilərimizi işğal edən ölkə Ermənistan idi. Lakin Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, Azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başla­dı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır...”.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər, hətta, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar: “Deyirdilər ki, döyüşü udurlar, deyirdilər ki, yeni əraziləri nəzarətə götürürlər və de-fakto hamı bilirdi ki, döyüş meydanında bunun tam əksi baş verirdi. Beləliklə, birincisi, onlar reallığı çox aydın şəkildə başa düşməlidirlər. Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşma­lıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdır­lar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi”.

Yeri gəlmişkən, Azərbaycan Vətən müharibəsində haqq-ədalət uğurunda savaş aparırdı. Buna görə də beynəlxalq hüquq ölkəmizin tərəfində idi. Ermənistan isə həmişə olduğu kimi, yenə də Azərbaycana iftira atmaqdan, məkrli yalanlarla döyüşçülərimizin haqq işinə – tarixi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinmirdi. Bütün dünyaya silahlı qüvvələrimiz tərəfindən, guya, fosfor tərkibli sursatların tətbiqi iddiasını yayırdı. Bununla bağlı həmin vaxt Müdafiə Nazir­liyinin məlumatında deyilirdi ki, Azərbaycan Ordusunun silah­lanmasında beynəlxalq hüquqla qadağan olunan heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla işğalçı ölkə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədi güdürdü. Əslində isə or­dumuzun sarsıdıcı cavab zərbələri qarşısında geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alır, döyüş əməliyyatlarının aparıl­dığı bölgədən uzaqda yerləşən şəhərləri və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu.

Beləliklə, Ermənistan cəbhədə aldığı ağır məğlubiyyətlərin acısını dinc sakinlərdən çıxır və Azərbaycanın mülki şəxslərini hədəf alırdı. Düşmən ölkəyə qarşı siyasi-diplomatik təzyiqlərin olmaması və işğalçının əməllərinin qınanılmaması onu yeni cinayətlər törətməyə sövq edirdi. İstifadəsi qadağan olunmuş raketlərin dinc insanlara qarşı tətbiqi isə çoxsay­lı mülki şəxsin həlak olması ilə nəticələnirdi.

Rəsmi məlumata görə, Vətən müharibəsinin gedişində erməni silahlı birləşmələri tərəfindən dinc əhalinin atəşə tutulması nəticəsində 93 nəfər, o cümlədən, 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən, 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Döyüşlər zamanı respublikamızın rayon və şəhərlərinin ərazisinə, ümumilikdə, 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ay­rı dövlət qurumlarına məxsus inzibati binalar, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.

Göründüyü kimi, işğalçı müharibə zamanı Azərbaycanın təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini də daim atəş altında saxlayıb. Ordumuzla yanaşı, dinc sakinlərimizə qarşı da müharibə aparıb.

Onu da qeyd edək ki, müharibə zamanı Ermənistan atəşkəs rejiminə də qətiyyən məhəl qoymur, atəşkəs danışıqla­rını qulaqardına vururdu. Məsələn, Vətən müharibəsinin gedişində- oktyabrın 10-da Moskvada imza­lanan birgə bəyanatın, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsinin və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığının, nəhayət, Cenevrə bəyanatının işğalçı tərəfindən kobud şəkildə pozulma­sı bunun bariz ifadəsi idi.

Müharibədə acı məğlubiyyətə uğrayan Ermənistan imzalanan üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, bir güllə belə atılmadan, heç bir itki verilmədən işğal edilən ərazimizin qalan hissəsi– əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri, növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Üç dövlət başçısının –Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamı­zın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi.

Azərbaycan müharibədən dərhal sonra bərpa-quruculuq tədbirlərinə başladı. Bu iş miqya­sına görə düşməndən təmizlənən əksər ərazilərimizi əhatə edir. Çünki otuz il ərzində işgal altında saxlanılan yaşayış məntəqələrimiz düşmən barbarlığının qurbanı olub, şəhər və kəndlərimiz xarabalığa çevrilib, maddi-mədəni abidələrimiz təhqir edilib, saxtalaşdırılıb, təbii sərvətlərimiz talanıb. Bütün infrastruktur, o cümlədən, elektrik stansiyaları, yarımstansiyalar, ötürücü xətlər dağıdılıb, ərazilər isə başdan-başa minalanıb.

Hazırda Qarabağ torpa­ğında bir canlanma duyulur. Bərpa-quruculuq işləri görüləcək ərazilərdə əvvəlcə minalardan təmizləmə prosesi reallaşdırılır. Çünki Ermənistan hələ də mi­nalanma xəritəsini Azərbaycana təqdim etmir. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Ən böyük prob­lem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun on­larda olduğunu bilirik. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. 100-dən çox insanın 20-dən çoxu minalardan həlak olub. Bu, daha bir müharibə cinayətidir. Çünki müharibə bitib. Niyə siz bizə minaların xəritəsini ver­mirsiniz ki, biz həmin əraziləri təmizləyə bilək. Ona görə də minaların təmizlənməsi ilə bağlı çox işlər görülməlidir. Minaların təmizlənməsi çox uzun bir proses­dir, bu, vaxt tələb edir...”.

Onu da qeyd edək ki, ərazilərimizin minalardan təmizlənən hissələrində paralel olaraq tikinti-quruculuq, bərpa işləri aparılır. İnfrastruktur tədbirləri icra edilir. Füzulidən Şuşaya və Göygölün Toğanalı kəndindən Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu istiqamətində yeni avtomobil yollarının tikintisi həyata keçirilir. Bərdə–Ağdam dəmir yolu xətti yenidən qurulur. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Horadiz–Ağbənd dəmir yolu xəttinin gerçəkləşdirilməsi istiqamətində də işlər uğurla real­laşdırılır.

Dövlətimizin başçısı bərpa olu­nacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqinə də mühüm önəm verir. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanı­nacağına əlverişli şərait yaradır. Bu baxımdan Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

İnşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesa­bına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafını da sürətləndirəcək.

Bu gün Azərbaycan Prezidenti­nin diqqət mərkəzində olan önəmli məsələlərdən biri də işğaldan azad edilən torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlı­dır. Xatırladaq ki, bu ərazilərdə böyük su mənbələri mövcuddur. Düşmən Azərbaycanı 30 ilə yaxın müddətdə bu potensialdan istifadə etməyə imkan verməyib, respubli­kamıza qarşı ekoloji terror həyata keçirib. Təkcə meşələrin qırılma­sı, qoruqların məhv edilməsi ilə Azərbaycan təbiətinə böyük zərbə vurulub. Məsələn, 54 min hektar meşə sahəsi ermənilər tərəfindən cinayətkarcasına dağıdılıb, talanıb. İşğalçı uzun illər ərzində su təminatı istiqamətində də xain mövqe tutub, Sərsəng və Suqo­vuşan su anbarlarını nəzarətində saxlayıb. Bu infrastrukturlar azad ediləndən sonra artıq Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızın su təminatının yaxşılaşması üçün əlverişli şərait yaranıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

13 İyun 2021 00:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə