Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağda aparılan bərpa-quruculuq işlərinin miqyası və vüsəti heyranlıq doğurur

Bu gün Azərbaycan xalqı öz qədim tarixinin ən şanlı səhifələrindən birini yaşayır. Belə ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi şücaəti sayəsində xalqımız yağı düşməni torpaqlarımızdan qovmuş, ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük tikinti-quruculuq işləri aparılır. Mən bir ziyalı olaraq, bu prosesi diqqətlə izləyirəm. Doğma Qarabağda, xüsusilə milli mədəniyyətimizin tacı olan Şuşada görülən işlərin miqyası və vüsəti məndə son dərəcə böyük heyranlıq doğurur.

Qeyd etmək lazımdır ki, bu gözəl və bənzərsiz şəhərin hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Mənə elə gəlir ki, Prezident İlham Əliyev Şuşanı xüsusi bir məhəbbətlə sevir və onun dünyanın ən cazibədar məkanına çevrilməsi üçün çalışır. Şuşada görülən möhtəşəm işlər, fikrimcə, milli intibahımızın parlaq mərhələsi kimi tarixə düşəcək.

Azərbaycan Prezidentinin sərəncamı ilə bir müddət əvvəl Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu, əslində gözlənilən idi. Axı, Şuşa zəngin mədəniyyətimizi özündə ehtiva edir. Belə ki, xalqımızın mədəniyyət tarixinin bir çox parlaq səhifələri məhz bu şəhərlə bağlı­dır. Şuşa Azərbaycana çox sayda görkəmli sənət və elm xadimləri bəxş edib. Onların hər birinin adını çəkəndə adamın qəlbi qürurdan fəxrlə döyünür.

Şuşa həm də Azərbaycan xalqı­nın qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin parlaq liderliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada Şuşa bizim milli ruhumuzun təntənəsidir. Bugünkü və gələcək nəsillər Şuşanın qəhrəman fatehləri ilə fəxr edəcəklər.

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin Şuşaya xüsusi diqqət və qayğısı vardı. Təkcə bir faktı bura­da xatırlatmağı özümə borc bilirəm. Məlumdur ki, 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya evinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın ovaxtkı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib.

Soyuq, qarlı bir gündə keçirilən açılış mərasiminə Şuşaya görkəmli sənət adamları toplaşıblar. Bu möhtəşəm tədbir milli mədəniyyət və sənət bayramına çevrilib. Ulu öndərin Şuşadakı həmin tədbirdə iştirakı son dərəcə əhəmiyyətli tarixi hadisə idi. Hər dəfə o unudulmaz anları əks etdirən kadrları televiziyadan izləyəndə adamın qəlbi sevincdən köksünə sığmır.

Yağı düşmən 1992-ci il mayın 8-də Şuşanı caynağına keçirən kimi, burada xalqımızın tarixi-mədəni irsini məhv etməklə məşğul olub. Siz təzadın kəskinliyinə fikir verin. Ermənilər dağıtmaqla, biz isə qurub-yaratmaqla məşğuluq. Erməni xisləti bax, budur! Hər şey göz qabağında­dır. Qoy sivil, mədəni dünya özü buna qiymət versin.

Bu yaxınlarda Şuşada keçirilən möhtəşəm “Xarıbülbül” festivalı bütün dünyaya səs saldı. Həmin xoşbəxt anları sözlə ifadə etmək çətindir. Həqiqətən, azad, sürətlə tərəqqi və intibah edən Azərbaycanın vətəndaşı olmaq böyük səadətdir.

Leyla GƏRAYZADƏ,

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

13 İyun 2021 00:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə