Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xilaskarlıq missiyası

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ötən əsrdə xalqımızın ən böyük uğuru kimi tarixə düşdü. Ancaq bu tarixi nailiyyətin böyük qurbanlar hesabına başa gəldiyini hər kəs bilir. Məhz böyük siyasi xadim Heydər Əliyevin xalqın iradəsinə söykənərək atdığı qətiyyətli addımlar sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı. Böyük mübarizə sayəsində qazanılmış müstəqilliyimiz ulu öndərin titanik fəaliyyəti sayəsində gücləndi və Vətənimizin daha da inkişafı üçün lazımlı möhkəm təməllər qoyuldu. Azadlığı və müstəqilliyi milli sərvət hesab edən ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət kimi güclənməsinə və beynəlxalq arenada öz layiqli yerini tutmasına şərait yaratdı. Ulu öndərin rəhbərliyə qayıdışı Azərbaycanın xilasının və hərtərəfli inkişafının möhtəşəm başlanğıcı oldu.

 

Görkəmli şəxsiyyətlər gözəl nitqlər vasitəsilə deyil, öz əməyi və onun nəticələri ilə formalaşır.

Albert EYNŞTEYN Nobel mükafatı laureatı

Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini əldə edəndən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və mürəkkəb idi. Bir tərəfdən erməni faşistlərinin Azərbaycana qarşı ərazi iddiaları nəticəsində cəlb olunduğumuz müharibə, digər tərəfdən də ölkədə hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin çəkişmələri ümumi vəziyyəti olduqca gərginləşdirmişdi. Bu da ölkəmizin ayrı-ayrı hərbi-siyasi qüvvələr tərəfindən parçalanması və idarə olunması, müstəqilliyimizin itirilməsi təhlükəsi idi. Buna səbəb 1993-cü ilin yayında AXC–Müsavat tandeminin yarıtmaz siyasətinin ölkəmizi müstəqilliyin itirilməsi həddinə gətirib çıxarması olmuşdu.

Belə bir ağır, təhlükəli dövrdə ümummilli lider Heydər Əliyev xalqın köməyinə gəldi. Bu dəhşətli və çətin anlarda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim, şərəfli həyat yolu ilə Vətənə, millətə olan sevgisini sübut edən Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü. 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi həmişəlik daxil oldu. Həmin gündən başlayaraq Azərbaycan dünya ölkələri ilə, xüsusən qonşu dövlətlərlə sağlam münasibətlər yaratmaq və inkişaf etdirmək xətti götürdü. Ölkədə separatizm, dövlət çevrilişi cəhdləri qətiyyətlə dəf edildi. Ordu quruculuğu başlandı. Ulu öndər qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsini dayandırdı. Azərbaycanı parçalamağa, məhv etməyə çalışan düşmənlərimizin planlarını alt-üst etdi. Xalqımızı, müstəqil Azərbaycanı fəlakətdən qurtardı.

Heç kimə sirr deyil ki, AXC–Müsavat hakimiyətinin addımlarının mənfi təsirləri qısa zamanda özünü büruzə verdi və iyunun 4-də Gəncə hadisələrinə gətirib çıxardı. Onlar hakimiyyətdə olduqları bir il ərzində Azərbaycanın bütün sahələrində vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşdi. Hakim blok liderlərinin bacarıqsızlığı, təcrübəsizliyi, səriştəsizliyi respublikada iqtisadi böhranı dərinləşdirdi, xalqın həyat səviyyəsi son dərəcə aşağı həddə düşdü. Daxili və xarici dağıdıcı qüvvələrin fəal birgə fəaliyyəti nəticəsində Azərbaycanda real parçalanma təhlükəsi, etnik separatizmin və vətəndaş müharibəsinin yaranması üçün şərait yarandı. Respublika müstəqilliyini əldə edəndən sonra dərin böhran keçirirdi. Hakim rejim bu təhlükəli proseslər qarşısında aciz qaldı. Ölkə idarə olunmayan hala gəldi. Siyasi qruplar öz ətrafında silahlı dəstələr toplayaraq, yenidən hakimiyyət uğrunda mübarizəyə başladılar. Belə bir təhlükəli anda AXC–Müsavat hökuməti növbəti dəfə səriştəsizliyini nümayiş etdirdi və Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qiyamçılara qarşı əməliyyatı iflasa uğradı. Surət Hüseynov AXC–Müsavat rəhbərliyini cəzalandırmaq məqsədilə hərbi dəstələrini Bakıya yeritdi və hakimiyyətin istefasını tələb etdi.

Eyni zamanda, ölkənin cənubunda Əlikram Hümbətov hakimiyyəti ələ keçirərək bəzi cənub rayonlarında qondarma respublika elan etdi. Onun ətrafında birləşən separatçı, quldur dəstələr regionda ağalıq etməyə başladılar. Bu, Azərbaycana arxadan vurulan zərbə idi. Bir tərəfdən AXC–Müsavat hökuməti öz hakimiyyətini saxlamaq, digər tərəfdən isə Surət Hüseynov və Əlikram Hümbətov hakimiyyəti ələ keçirmək məqsədi ilə Milli Ordunun ön sıralarından çıxarılmaqla cəbhə xəttini alovlandıraraq ermənilərə təcavüzü genişləndirmək üçün şərait yaratdılar.

Azərbaycanın dünya xəritəsindən silinməsinə çox az qalmışdı. O zaman Azərbaycanın dağılmasının qarşısını almaq, vətəndaş müharibəsinin başlanmasına mane olmaq, əhalini mənəvi-psixoloji təlatümlərdən xilas etmək üçün xalq öz xilaskarına – Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyev Bakıya qayıdanda birmənalı şəkildə bildirdi ki, məhz AXC–Müsavat hakimiyyətinin səriştəsiz idarəetmə sistemi ölkəni böhrana gətirib çıxarmışdır. Böyük siyasi xadim yaranmış vəziyyətdən çıxış yolunun milli barışığın bərqərar olmasında, yalnız danışıqlarda, qarşılıqlı anlaşmanın əldə olunmasında görürdü. Həmin çətin dövrdə Heydər Əliyev Azəbaycanın bir sıra görkəmli şəxsləri ilə söhbət etdi, Milli Məclisin iclasına dəvət olundu. O zaman ulu öndər Heydər Əliyev Əbülfəz Elçibəylə söhbət zamanı dedi ki, öz fikrini yalnız Gəncəyə gedəndən və vəziyyəti şəxsən öyrənəndən sonra verəcəkdir. Xatırladaq ki, iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi 4 İyun qarşıdurmasını kəskin şəkildə pisləmiş və bununla bağlı açıqlama vermişdi. Gəncə sakinlərinə ünvanlanan açıqlamada səbrli, təmkinli olmağın vacibliyi vurğulanmış, müstəqilliyimizin qorunub saxlanılmasına böyük inam ifadə olunmuşdu.

Xatırladaq ki, 1993-cü il iyunun 11-də Ali Sovetin sədri İsa Qəmbərov istefa verdi. O zaman təklif olundu ki, Heydər Əliyevi bu vəzifəyə seçsinlər. Lakin ulu öndər bu təklifi qəbul etmədi. Böyük siyasi xadim Heydər Əliyev Surət Hüseynovla görüşüb danışmaq istədiyini açıqladı. Milli Məclisdə aparılan müzakirələrdə bəzi deputatlar parlamentin üzvü olmayan bir sıra fəalların Gəncə səfərində müşayiət etməsi təklifini verdilər. Ancaq ulu öndər iyunun 13-də deputatlarla deyil, 30 nəfər jurnalistlə birlikdə Gəncəyə yola düşdü. Əlbəttə ki, bu, çox riskli səfər idi. Çünki Gəncədə Surət Hüseynovun ətrafına toplaşmış silahlı dəstə üzvlərindən istənilən təxribatı gözləmək olardı. Bütün risklərə baxmayaraq, ümummilli lider Heydər Əliyev xalqın, Vətənin taleyini düşünərək bu riskli səfərə getdi.

Ulu öndər xalqını sevirdi, xalqı da ona sonsuz məhəbbət bəsləyirdi. Böyük siyasi xadimin Gəncədə sevgi və ümidlə, əsl xilaskar kimi qarşılaması bu həqiqəti bir daha təsdiqlədi. Gəncə sakinləri küçələrə axışaraq, Heydər Əliyevi əsl xilaskar kimi qarşıladı.

Heydər Əliyevin fərqləndirici cəhətlərindən biri də o idi ki, o, hadisələri düzgün qiymətləndirmək üçün vəziyyəti səbir və diqqətlə öyrəndi, ictimaiyyətin rəyi ilə maraqlandı, qüvvələr nisbətini müəyyən etdi, bu vəziyyətə gətirib çıxaran əsas səbəbləri araşdırdı. Qarşı tərəfin nümayəndələri ilə görüşdü, onların niyyətlərini, tələblərini aydınlaşdırdı və yalnız obyektiv mülahizələr irəli sürərək konkret addımlar atdı. Surət Hüseynovla da, sonra Əlikram Hümbətovun çıxışı ilə əlaqədar da, daha sonra Rövşən Cavadov və başqalarının dövlət çevrilişi cəhdi zamanı da belə oldu. Bu, ümummilli liderə xas olan rahatlıq, əminlik və qorxmazlığın təzahürü idi. Heydər Əliyev Gəncədə Surət Hüseynovla görüşdü, Gəncədə yaranmış vəziyyətlə yaxından tanış olduqdan sonra Bakıya qayıtdı və vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün iyunun 15-də Ali Sovetin Sədri seçilməsinə razılıq verdi. Xatırladaq ki, Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər.

Bir sözlə, həmin dövrdə ölkənin düşdüyü mürəkkəb vəziyyətdən kiminsə çıxara biləcəyini düşünmək belə çətin idi. Amma ulu öndər Heydər Əliyev bunu bacardı. O, antidövlət qüvvələrinə qarşı mübarizə apararaq öz ölkəsini xilas etmək üçün böyük missiyanı yerinə yetirirdi.

Sirr deyil ki, o dövrdə Azərbaycan ərazisində bir çox xüsusi xidmət orqanlarının nümayəndələri də fəaliyyət göstərirdilər. Lakin onların hamısı böyük liderə – Heydər Əliyevə məğlub oldu. O, həm natiq, həm diplomat, həm də incə psixoloq kimi milli maraqlarımıza qarşı olanları neytrallaşdırdı. Zamanın və taleyin tələb etdiyi, tarixin yeni bir mərhələsində, yeni siyasi və sosial-iqtisadi şərtlərdə yetişmiş bir lider kimi böyük potensialını necə həyata keçirəcəyini bilən şəxsiyyət idi. İyirminci əsrdə bəlkə də heç kim buna nail ola bilməzdi. Ulu öndər Heydər Əliyevin gələcək nəsillər qarşısındakı xidmətləri illər ötdükcə daha əhəmiyyətli və sanballı görünür.

“Xalq qəzeti”

13 İyun 2021 00:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə