Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurtuluş məfkurəsinin təntənəsi

Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu, hətta şübhə altına düşə bilərdi. Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi on­dan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində – 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxar­mışdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldır­dı və inkişafın təməlini qoydu. Bu mənada, qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır və bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

 

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Bakıya qayıdıb. Həmin gündən ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasının həyata keçirilməsi yolunda qətiyyətli addımlar atılıb. İyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçilib və bununla da həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Çünki AXC–Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olma­ması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qal­dırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. AXC–Müsavat iqtida­rında birincilik davası, ölkə Prezidenti­nin tapşırıqlarına məhəl qoyulmaması siyasi böhranı getdikcə dərinləşdirirdi. Səriştəsiz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya idi.

Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, talan edilməsi adi hala çevrilmişdi. Kri­minal düşüncəli şəxslər vəzifəyə gətirilmişdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili İşlər naziri insanları qanunsuz həbs edir, ağır cinayət törətmiş 700 nəfər məhbus məhkəməsiz azadlığa buraxılıb si­lahlandırılmışdı. Hakimiyyət daxilində “Müsavat”, “Yurd”, “Boz qurd”, “Boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq bir-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdılar. Həmin vaxt dövlət katibi vəzifəsində çalışan Əli Kərimlinin nəzarətində olan media qurumları öz silahdaşlarını–Baş na­ziri və Ali Sovetin sədrini ələ salırdı. Prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Əlbəttə, bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tari­xinin ən faciəli dövrü başlanmışdı. Məhz AXC–Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi.

1992-ci ildə silah gücünə iqti­dara gələn AXC–Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. Qanun­suz silahlı birləşmələr xalqı qorxu içərisində saxlayır, meydan sulayır­dılar. Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə kiçik xanlıqlara parçalanmaq təhlükəsi ilə üzləşmişdi.

Həmin günlərdə məmur özbaşına­lığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. Hətta o vaxt ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəy də öz silahdaşlarının öhdəsindən gələ bilmirdi. Vəziyyət o həddə çatmışdı ki, Prezident Ə.Əliyev 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturla­rında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini açıq şəkildə bəyan etmişdi. Onun xəbərdarlıq xarakterli çıxışına iclas iştirakçılarının istehzalı reaksiyası da müşavirəni izləyənlərin diqqətindən yayınmamışdı.

O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların xəbis niyyətlərinə bələd idi. Ona görə də ölkədə baş qaldıran narazılığın, etirazın qarşısını almaq mümkün deyildi. Bir tərəfdən də iqtidarın öz içərisindən birincilik id­diasında olanların qeyri-qanuni silahlı birləşmələrinin qarşısında dayanmaq müşkül məsələyə çevrilmişdi. 1993- cü ilin yayında hadisələr pik nöqtəyə çatdı. AXC–Müsavat cütlüyü həmin ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Ölkədə baş verən silahlı qarşıdurma qardaş qırğınına çevrildi. Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə hökumətə tabe olmur, bir-birinin ardınca dövlət məmurlarını girov götürürdü. Nəhayət, o, hakimiyyətə ultimatum verdi: Prezident, Ali Sovetin sədri və Baş nazir istefa verməlidir!

Heç bir hərbi təhsili və təcrübəsi olmayan, ancaq Gəncədə 709 saylı hərbi hissəyə rəhbərlik edən Surət Hüseynov tələblərinin həyata keçirilməsində israrlı idi. Əks təqdirdə, hakimiyyət silah gücünə devrilməli idi. AXC–Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə, ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Xalq yaxşı bilirdi ki, bu iqtidar respublika­nın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldur.

Ölkədə kadr siyasəti yarıtmaz vəziyyətdə idi. Küçə və meydanlarda qışqıranları, insanları təhqir edənləri yüksək vəzifələrə təyin edirdilər. Ziyalılar bu rüsvayçılıqdan canlarını qurtarmaq üçün xarici ölkələrə üz tuturdular. Bu səbəbdən hər kəsin qəlbində AXC–Müsavat cütlüyünə qarşı dərin nifrət kök salmışdı.

Belə çətin və mürəkkəb dövrdə ovaxtkı iqtidar Gəncəyə silahlı qoşun yeritdi və bununla da qardaş qırğınına rəvac verdi. Həmin qarşı­durmada hər iki tərəf insan tələfatı ilə üzləşdi və hökumət qoşunları məğlub oldu. Artıq Surət Hüseynovun silahlı dəstəsi ətraf rayonları zəbt edə-edə paytaxt Bakıya yaxınlaşırdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yaranmışdı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Bu, yeganə çıxış yolu idi. Xalq başa düşürdü ki, ölkəni bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi dövlət idarəçiliyində zəngin təcrübəsi olan, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Elə ozamankı hakimiyyət də ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidi və iqtidarın çoxsaylı xahişi ilə ümummilli liderimiz Bakıya qayıtdı.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq­dan, parçalanmaqdan xilas etdi. Ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olun­masına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Həmçinin idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qay­tarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bir sözlə, ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması, ölkəmizi məhv olmaqdan xilas etməsi, Azərbaycanı güclü, dinamik inkişaf edən və milli varlı­ğımızı yaşadan dövlətə çevirməsi təkcə bugünkü deyil, gələcək nəsillər, Azərbaycan amalını qəlbində ya­şadan bütün insanlar üçün böyük əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.

Ulu öndər çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsasını yarat­mağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter alma­sına nail olub. Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir. Bugü­nün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarıl­ması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açdı. Eyni zamanda, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratdı.

Sədaqət VƏLİYEVA,

Milli Məclisin deputatı,YAP Nizami rayon təşkilatının sədri

13 İyun 2021 00:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə